Biz həkimə necə və niyə inanaq – 20 manatlıq xəcalət

Biz həkimə necə və niyə inanaq –         20 manatlıq xəcalət

Burada hamı günahkardır: kütlə də, savadsız həkim də, 3-5 nəfərlik aydınlar da

 

“Həkim məsləhəti”, “həkim mövqeyi”, “həkim açıqlaması”, “ön cəbhədə vuruşan həkimlər” və s. bu kimi ifadələri pandemiya dövründə tez-tez eşidirik. Jurnalistlər hər gün bir həkimdən açıqlama almaq istəyir. Televerilişlər, radio proqramları hər gün həkimləri qonaq çağırır, qəzetlərin, jurnalların ön səhifələrində, xəbər portallarının manşetlərində həkim tövsiyələri bərq vurur. Hamı da bizim öz həkimlərimizə inandığımıza, onların məsləhətlərinə əməl edəcəyimizə əmindir. Ya da bunun üçün çalışırlar. Amma iş məcradan çoxdan çıxıb.

 

Pandemiyanı fürsət bilib özünü qəhrəman kimi göstərən həkimlər, ya da populyarlaşmanın eqosundan gözü yeri görməyən, zənglərə cavab verməyən, jurnalistlərə qarşı soyuq, bəzən də sərt davranan həkimlər də var. Ötən günlərin birində məşhur həkim Vasif İsmayıl da yazmışdı ki, “Azərbaycanlı infeksionistlər sizi sayıb, sizə 2 köpüklük məlumatı vermək istəmirlər. Çünki infeksionist ancaq resept yazır. Siz insanlar isə infeksionistə ancaq resept yazdığı üçün 20 manatı vermək istəmirsiniz. İndi, hansı azərbaycanlı infeksionist olmaq istəyər? Azərbaycanlı infeksionist sizi sayıb niyə danışsın ki?!”

 

Mən heç azərbaycanlı infeksionistin verəcəyi hər hansı məlumatı, romantik bir axşamçağında əsən küləyin səsi qədər də dinləmərəm axı, Vasif bəy! Ümumiyyətlə, azərbaycanlı həkimin sözünün mənim üçün heç bir elmi, tibbi, həyati hökmü yoxdur axı. Siz kimdən kimə minnət edirsiniz?

 

Mən hansı azərbaycanlı həkimdən məlumat gözləyirəm ki? Hər semestr imtahanından 60-70 manat verməklə keçə bilən, rüşvətlə diplom alan, rüşvətlə işə düzələn və rüşvətlə də işləyən həkimin sözünə inanmalıyam? Dövlətin verdiyi dərmanları xroniki xəstələrə verməyən və onları sataraq pula çevirən həkimə güvənməliyəm? Xəstənin sol ayağı əvəzinə sağ ayağını kəsən həkimə etibar etməliyəm? Dövlət xəstəxanasında çalışıb öz haqqını-hüququnu qoruya bilməyib, dövlətdən yaxşı maaş istəməyə cəsarəti çatmayıb, amma çarəsiz və yoxsul xəstələrin önündə 20 manat üçün ağzı sulana-sulana ləhləyən həkimə arxayın olmalıyam?

Həkim və tibb məntəqələri - SİYƏZƏN RAYON Icra Hakimiyyəti

Bu ölkənin baş epidemioloqu insanları ölkədə virus olmadığına inandırmaq üçün "nəyə istəsəniz, and içim" deyir. On gün sonra ölkədə virus səbəbi ilə karantin rejimi elan olunur və elə həmin epidemioloq efirə çıxıb "dünyanın ən gözəl bulvarı bizdədir, çıxın, gəzin, təmiz hava alın" deyir.

 

Özünü, sözünü bilməyən, hər fürsətdə yarınmağa, yaltaqlanmağa çalışan qorxaqlar bir virusu öldürməyə də qorxarlar, Vasif bəy. Çünki mayaları qorxu ilə yoğrulub və azərbaycanlı infeksionist bundan artıq deyil. Bu ölkənin düşünən beyinləri bir ovuc içi qədərdir deyə, hər yerindən durub əyninə ağ xalat geyinən özünü həkim sanıb.

 

Azca aydın cəmiyyətə qovuşanda bu şəxslər savadsızlığı, rüşvətxorluğu ilə tipik harınlamış azərbaycanlı məmurdan mahiyyətdə fərqli olmadıqları üçün həbs olunmalıdırlar. Dərəbəylikdə azad gəzirlər deyə, siz də onları bir şey sanmısınız? Hələ mənim onların dəyərsiz, əhəmiyyətsiz sözlərinə 20 manat verməyimi də istəyirsiniz. Mən sizi ədalətli adam bilirdim, təəssüf edirəm.

 

Xaricdə və ölkə daxilində çalışan əsl həkimlərimizin cəmi "azərbaycanlı həkim" ifadəsindəki hərflərin sayından azdır. Bu ucsuz-bucaqsız rəzalətdə bütün iyrənclikləri 3-5 nəfərin arxasında gizlədə bilməzsiniz, Vasif bəy. Əgər siz xəstəxanalarda elm və həyat adına heç bir anlayışı olmayan yoxsul və cahil adamların əlində 10 manatla həkim qapısında tutduğu növbədən danışırsınızsa, əmin olun ki, o adamların elə onca manatları var. O son qəpiklərini də həmin əxlaqsız həkimə verib gedəcəklər viranələrinə.

 

Əslində, burda hamı günahkardır. Siz də, mən də, o yoxsul və cahil kütlə də, savadsız və əxlaqsız həkim də, 3-5 nəfərlik aydınlar da - hamı günahkardır, hamı. Bu, sizə haqq vermir ki, "azərbaycanlı həkim" ifadəsini böyük bir şeymiş kimi yazasınız. Onsuz da hamımız bilirik azərbaycanlı həkim kimdir, azərbaycanlı müəllim kimdir, azərbaycanlı aktyor kimdir. Bunların əksəriyyəti bir yığın yaltaq və qorxaqdır. Geniş təsvirə nə hacət!?

 

Gəlin, özümüzü də, peşəmizi də kimlərinsə arxasında gizlətməyək. Bu ölkədə cəmi 2-3 yazıçı haqqı, ədaləti deyirsə, qalanları öz titul və təqaüdü üçün kürsü sahiblərinin bütün dəliklərinə soxulmağa çalışırsa, mən "azərbaycanlı yazıçı" deyə-deyə heç kimə minnət qoya bilmərəm! Çünki mən "azərbaycanlı yazıçı" anlayışının sərhədləri daxilindəkilərin çoxunun əqidəsini satan, şərəf və vicdan yoxsulu, haqqı susan, ədalətə xəyanət edənlər olduğunu bilirəm. Bununla barışmışam.

 

Bu səbəbdən də kiminsə haqqını müdafiə edəndə konkret adını çəkəcəksiniz. Adını, soyadını, yerini-yurdunu yazıb "bu adam kamildir, amma siz bu adama layiq deyilsiniz" deyəcəksiniz və əgər bu ölkədə 3-5 nəfərə kamil adam lazımdırsa, axtarıb, tapıb, qiymət verəcək.

 

Belə, Vasif bəy! Bilmirdinizsə, siz də bilin və agah olun ki, peşənizin bu ölkədə heç bir hörməti-izzəti yoxdur. Son illərdə bu həqiqətlə müəllimlər də barışdı. Aktyorlar hələ özlərini dəyərli, xalqı borclu bilirlər, amma onlar da heç bir işə yaramadıqlarını öyrənəcəklər. Belə-belə, öyrənə-öyrənə düzələcəyik, bəlkə! Salamat qalın!

Müəllif: Orxan Bahadırsoy      11 İyul 2020 10:31
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin