Vətəndaşlar rəsmən karantin qaydalarını pozmağa təhrik edilir

Vətəndaşlar rəsmən karantin qaydalarını pozmağa təhrik edilir

İnsanlara “evdə qal”, “onlayn xidmətlərdən istifadə et” deyirlər, amma “necə”sini demirlər

 

Koronavirus pandemiyası dünyada rəqəmsallaşmanı sürətləndirməkdədir. Bu proses karantin günlərində evdən – onlayn işləməyi, dərslərə, imtahanlara onlayn qoşulmağı kütləviləşdirdi. Bunun nəticəsində ölkəmizdəki internet problemi də qabarmış oldu. İnternet sürətinin zəifliyindən, bir sıra yerlərdə ümumiyyətlə, yoxluğundan şikayətlər artmağa başladı və hələ də davam edir.

 

AYNA-ya müraciət edən vətəndaş Ceyhun Nəsibov deyir ki, Sabunçu rayonu Albalılıq qəsəbəsində heç bir provayder internet təklif etmir: “Bizdə telefon xətti yoxdur. Bu, ayrıca bir problemdir. Digər tərəfdən də hansısa provayder bu yerlərdə internet təklif etmir. Karantin günlərində evdən – onlayn işləmək məcburiyyətindəyik. Lakin internet yoxdur. “Teleport” provayderində növbəyə durmuşdum, amma karantin günlərində işləməyəcəklərini dedilər. Belə baxıram, hələ ilin sonunadək də mənim növbəm çatan deyil”.

 

Nardaranda yaşayan dostunun şikayətindən danışan C.Nəsibov, mobil operatorlarda da internetin sürətinin zəifliyindən, şəbəkənin yaxşı tutmamasından narazılıq edir: “Hansısa bir videonun yüklənməsi demək olar ki, imkansızdır. Sürət o qədər zəifdir ki, baxmaq istədiyin video açılmır. Götürdüyün interneti heç istifadə edə bilmirsən”.

 

Redaksiyamıza digər bir şikayət isə, telefon xətti olduğu halda, internet çəkdirə bilməyən Sabunçu rayonu Dilqəm Pişəvəri ünvanında yaşayan Vüsalə Səmədovadan daxil olub. Şikayətçi deyir ki, dəfələrlə ATS-ə müraciət ediblər, eyni zamanda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (NRYTN) elektron formada məktub yazıblar, amma nəticəsi olmayıb.

 

“ATS bizi müxtəlif bəhanələrlə yubatdığı kimi, Nazirlik də gözlətməyə davam edir. Zəng edib dedilər ki, “probleminizlə maraqlanacağıq”. Lakin günlərdir gözləyirik, heç nə deməyiblər. Orta məktəbdə oxuyan üç övladım var. Dərslər onlayn keçirilən müddətdə mobil operatorların internet xidmətindən istifadə edirdilər. Buna pul çatdırmaq çətin məsələdir. Axı niyə mənim ailəm internet problem yaşamalıdır? Biz hansısa ucqar rayonda yox, Bakıda yaşayırıq”, - sakin gileylənir.

 

Qeyd edək ki, V.Səmədovanın problemi ilə bağlı hələ iyunun 18-də NRYTN-in sözçüsü Günel Gözəlova ilə əlaqə saxlamışdıq. O, problemin araşdırılması üçün AYNA-dan redaksiya sorğusu istəmişdi və göndərmişdik. Lakin hələ də nəticə çıxmamışdı.

 

Bu dəfə birinci və ikinci şikayətlərlə bağlı, iyunun 29-da Nazirliyə təkrar sorğu göndərdik və belə bir cavab aldıq: “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) tərəfindən məhdud telekommunikasiya infrastrukturuna malik ərazilərdə telekommunikasiya xidmətləri ilə təminat mərhələli şəkildə həyata keçirir. Regionlarda və paytaxtda məhdud infrastrukturlu ərazilərdə telefon, internet və digər telekommunikasiya xidmətləri ilə təchizat problemini aradan qaldırmaq üçün simsiz rabitə xidməti - LTE texnologiyası tətbiq olunur. Bu texnologiya artıq Abşeron yarımadasının qəsəbələrində, paytaxtın bəzi ərazilərində, eləcə də Xaçmaz, Sumqayıt və Zaqatalada tətbiq edilib”.

 

Provayderlərin Albalılıq kimi ərazilərə “yaxın durmaması” ilə bağlı problemə gəldikdə, NRYTN-dən bildirildi ki, “fəaliyyət göstərən özəl internet provayderlərə həmişə olduğu kimi dəstək verilir, onlara imkan yaradılır ki, müştərilərinə kəsintisiz internet xidməti göstərsinlər”.

 

Sorğumuzda qeyd etdiyimiz “Bəs bu vəziyyətdə vətəndaş nə etsin, hara, kimə üz tutsun?” sualı isə cavabsız buraxıldı...

Müəllif: Aləmdə Nəsib      30 İyun 2020 20:40
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin