“Bakılı oğlanlar”ın ikinci dəfə koronavirusa yoluxan aktyoru: “Anidən boğazım kilidləndi”

“Bakılı oğlanlar”ın ikinci dəfə koronavirusa yoluxan aktyoru:       “Anidən boğazım kilidləndi”

“On iki gün sonra təkrar test ediləcək və nəticə neqativ çıxsa, evə buraxılacam”

 

Məhmət Əmin Cəfər (Mehmet Emin Cafer) “Planet Parni iz Baku” KVN teatrının türkiyəli aktyorudur. O, ikinci dəfə koronavirusa yoluxub. Hazırda Türkiyənin “Şanlıurfa Balıklıgöl” xəstəxanasında müalicə alır.

 

AYNA-ya danışan gənc aktyorun sözlərinə görə, birinci dəfə xəstəliyi ikinci ilə müqayisədə daha yüngül keçirib. İkinci dəfə isə vəziyyəti birdən-birə pisləşib. Anidən nəfəsalması çətinləşib, boğazı kilidlənib.

 

“Vəziyyətim pisləşəndə xəstəxanaya yerləşdirildim. İlk qan testi edildi, təmiz çıxdı. Sonra burun-udlaqdan yaxma üsulu ilə koronavirus testi edildi, bu, çox ağrılı idi. Səhəri gün axşama nəticə pozitiv çıxdı. Məni pandemiya xəstələrinin müalicə aldığı bölməyə yerləşdirdilər. Müalicəyə başladığım günün səhərisindən vəziyyətim yaxşılaşmağa başladı”, - müsahibimiz deyir.

“Planet parni iz Baku”nun daha bir üzvü koronavirusa yoluxdu 

Ramazan ayı boyunca evdən çıxmayan M.Ə.Cəfər təyyarədə yoluxduğunu ehtimal edir: “Türkiyədə daxili uçuşlar dayandırılmayıb. Hava limanı girişində sadəcə temperaturu ölçürlər. Çox adam 14 gün karantində yatmamaq üçün test etdirməkdən qaçır. Təəssüf ki, insanlarımız bu məsələdə çox məlumatsızdır”.

 

O, birinci dəfə iranlı dostu ilə görüşdükdən sonra virusa yoluxduğu qənaətindədir: “Bizdə bir deyim var: “Qorxan gözə çöp düşər”. Təbii ki, ehtiyatlı davranmaq, qorunma vasitələrindən istifadə etmək vacibdir. Maska taxmaq, əlcək geyinmək, dezinfeksiyaedici məhlullardan istifadə etmək lazımdır. İnsanlarla təması minimuma endirməyə çalışmalıyıq. Virusa yoluxduğun halda isə motivasiyanı qorumaq önəmlidir. Özünü buna qalib gələcəyinə inandırmalısan”.

 

Belə bir fikir var idi ki, virusa bir dəfə yoluxan adamda immunitet formalaşır və ikinci dəfə yoluxmur. “Bəlkə birinci dəfə test nəticənizdə yanlışlıq olub?” sualımızı cavablayan həmsöhbətimizin dediyinə görə, bu amil insandan-insana dəyişir: “Tibb bacısı bir dostum var, özü üçüncü dəfə, atası ikinci dəfə yoluxub. Xroniki xəstəliyi olanlarda ölüm riski yüksək olur. Mənim əmim və onun həyat yoldaşı virusa yoluxublar. Əmim xroniki ağciyər xəstəsi olduğundan vəziyyəti ağırdır”.

 

Reanimasiya bölməsində pandemiya xəstələri ilə bir yerdə qalan Məhmət xəstələr arasında ən güclü immuniteti olan və ən gənci olduğunu deyir: “Kronavirusa yoluxan xəstələrin çoxu xəstəliyi yüngül keçirdiyindən, ciddi dərman müalicəsinə ehtiyac olmadan yaxşılaşırlar. Ancaq bəzi xəstələrdə simptomları azaltmaq və xəstəyi rahatlatmaq üçün ağrıkəsici, temperaturu salan, öskürəyə qarşı dərmanlar verilir. Bununla yanaşı bol su içmək, istirahət etmək tövsiyə olunur”.

Xəstələrə psixoloji yardım da göstərilib-göstərilmədiyinə gəldikdə, müsahibimiz bildirir ki, bu, tələb-təklif məsələsidir: “Ölüm riski yüksək olanlarla həkimlər, tibb bacıları daha çox məşğul olurlar, daha çox qayğı göstərirlər. Palatalarda maksimum iki nəfər yatır. Palatada şəraitin yaxşı olması önəmlidir. Otaqdan çölə çıxmaq olmaz. İçəridə hamam, tualet var. Özünü necə hiss etmək istəyirsənsə, elə də hiss edirsən. Anam çox dəstək olur. İmmun sistemimi bacardığım qədər güclü saxlamağa çalışıram. Minimum beş, maksimum on iki gün sonra təkrar test ediləcək və nəticə neqativ çıxsa, evə buraxılacam”.

 

Azərbaycana olan sevgisini ifadə edən həmsöhbətimiz Bakı üçün darıxdığını deyir: “Pandemiyadan əvvəl bilet almışdım, yollar bağlandı, gedə bilmədim. Testim neqativ çıxarsa, yollar açılar-açılmaz Bakıya gedəcəm. Avropada 6 ay yaşamış biri olaraq deyirəm, Bakı mənim nəfəs aldığım, özümü xoşbəxt hiss etdiyim şəhərdir. 8 ildir Bakıda yaşayıram. Azərbaycanlı dostlarım test nəticəmin pozitiv çıxdığını eşidəndən zəng edir, yazır, halımı soruşur, çox maraqlanırlar. Sağ olsunlar”.

Müəllif: Aləmdə Nəsib      21 İyun 2020 22:31
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin