Müəllimlər müəllimi işsiz qalıb, nazirlik isə "pul söhbətidir" deyir

Müəllimlər müəllimi işsiz qalıb, nazirlik isə "pul söhbətidir" deyir

“Yeni müqaviləyə görə, o, tələbələrinə məşqi pulsuz keçəcək və kompleksdən əmək haqqı alacaq"

 

"Azərbaycanda idman günü-gündən inkişaf edir". Bu ifadə idman haqqında danışılanda ən çox istifadə edilən fikirdir. İdmanın inkişafı üçün həmin idman növünü dərindən bilən idman müəllimləri olmalıdır. Mütəxəssislər isə, illərlə qazandıqları təcrübələrini tələbələri ilə bölüşmək üçün zallar olmalıdır.

 

AYNA-ya müraciət edən Tapdıq Əkbərov uzun illər Ağcabədi rayonunda taekvando müəllimi işləyib. Ancaq o, idmanın inkişafı üçün illərini versə də, qarşısına ciddi problem çıxıb. Ona görə də bizdən kömək istəyir.

 

Tapdıq Əkbərov əvvəlcə onu qeyd edir ki, uzun illərdir rayonda taekvando bölməsinin baş məşqçisi kimi çalışır. Tələbələri dünya, Avropa yarışlarında qalib kürsüsünə çıxır. Hətta  rayonda bu gün müəllim kimi çalışan gənc müəllimlər də məhz onun yetirmələridir.

Rauf Rehimov adlı şəxsin şəkli.

Ancaq dəhşətlisi odur ki, bu gün məşqçinin məşq keçdiyi idman zalı qəzalı vəziyyətdədir. Zalın döşəməsini ot basıb, divarları çatlayıb. İdmançıların valideynləri artıq uşaqlarının həmin zalda məşq etmələrinə icazə vermirlər. Nəticədə zalda tələbələrin sayı günü-gündən azalır.

 

Tapdıq müəllim həmin valideynlərə haqq qazandırır, onların narahatlıqlarını başa düşür: “Valideynlər qorxurlar ki, ya bir gün məşq zamanı dam uçacaq, ya da ot basmış sınıq döşəmədən paslı mismar övladlarının ayaqlarını deşəcək. Ona görə də valideynlər övladlarını məşqə gətirməkdən qəti şəkildə imtina edirlər. Belə olan halda, ya mənə yeni zal verilməlidir, ya da mən məşqçilikdən uzaqlaşmalıyam”.

 

Tapdıq Əkbərovun dediyinə görə, o, tələbələrini itirməmək, daha gözəl şəraitdə məşq keçmək üçün 28 noyabr 2017-ci ildə açılan Ağcabədi Olimpiya İdman Kompleksinin müdiri Eyyub Həsənova müraciət edərək, yer istəyib. Ancaq müdir bildirib ki, kompleksdə taekvando üzrə məşq keçirilməsi üçün yer yoxdur.

 

O, bundan sonra - 2018-ci ilin 7 dekabrında Biləsuvarda vətəndaşlarla görüşü zamanı Gənclər və İdman naziri Azad Rəhimovla görüşüb, ona problem barədə məlumat verib. Azad Rəhimovdan xahiş edib ki, ona Ağcabədi OİK-də taekvando üzrə məşq keçmək üçün şərait yaradılsın. Nazir də bu işə baxılması üçün tapşırıq verib.

 

Həmin tarixdən 6-7 ay vaxt keçməsinə baxmayaraq, heç bir səs çıxmayıb. Bu ərəfədə isə kompleksin müdiri Əyyub Həsənov başqa taekvando müəlliminə kompleksdə işləmək üçün müraciət edib. Həmin müəllim isə Tapdıq Əkbərovun tələbəsi olduğu üçün razılaşmayıb, müəlliminin zalının qəzalı vəziyyətdə olduğunu, yeni zala ehtiyacı olduğunu bildirərək imtina edib.

Tapdıq Əkbərov deyir ki, rayonda kasıbçılıq olduğu üçün, müəllimin qazancı da az olur: “Uşaqlar məşqə aylıq 10-15 manat ödəyirlər. O pulla zalın xərclərini, yolpulumu ancaq ödəyirəm. İstəyirəm ki, normal şəraitli yer olsun, mən də bildiklərimi uşaqlara pulsuz öyrədim”.

 

AYNA əməkdaşı məsələ ilə bağlı Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə əlaqə saxlayıb, bütün sənədləri və şikayəti təqdim çatdırıb. Nazirlik sözçüsü isə işi araşdırdıqdan sonra sorğumuza belə cavab verib: “Tapdıq Əkbərov öncə şagirdlərdən pul alaraq aylıq məşq keçib. Amma olimpiya idman növlərində məşq keçən zaman idmançılardan pul almaq qəti qadağandır. Ona görə də Əyyub Həsənov onunla əməkdaşlığı dayandırıb”. 

 

S.Məmmədova onu da qeyd edib ki, Gənclər və İdman Nazirliyinin müraciətindən sonra Tapdıq Əkbərov müqavilə imzalanaraq Ağcabədi Olimpiya İdman Kompleksinə işə götürüləcək: “Müqaviləyə görə, o, tələbələrinə məşqi pulsuz keçəcək və kompleksdən əmək haqqı alacaq. Əgər Tapdıq Əkbərov müqavilənin şərtini pozaraq tələbələrdən pul alarsa, müqaviləyə xitam veriləcək”.

Müəllif: Təranə Xudabaxşiyeva      22 İyul 2019 22:15
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar