Karantin rejimi uzadılacaqmı – Təklif və proqnozlar

Karantin rejimi uzadılacaqmı –     Təklif və proqnozlar

Maraqlıdır ki, əksəriyyət məhdudlaşdırıcı tədbirlərin davam etdirilməsinin tərəfdarıdır

 

Azərbaycanda xüsusi karantin rejiminin bitməsinə 4 gün qalır. İndi hər kəsi bir sual düşündürür: Məhdudlaşdırıcı tədbirlər qaldırılacaq, yoxsa karantin müddəti yenidən uzadılacaq?

 

AYNA vətəndaşların bu istiqamətdəki fikir və arzularını öyrənmək məqsədilə sosial şəbəkə istifadəçiləri arasında kiçik sorğu keçirib.

 

Elşad Əlili: “Karantin uzadılsın, amma yumşaldılsın”.

 

Fərid Əhmədli: “Karantin daha 10 gün uzadıla bilər”.

 

Ülvi Zeynalov: “Hələ ki, gedişat karantinin uzadılmasına işarə edir. Sərt tədbirlər qismən aradan götürülsün”.

 

Könül Aypara: “Müddət uzadılacaq - ən azı aprelin sonunadək. Mən tərəfdarıyam.Virus belə tezliklə itməyəcək”.

 

Fərqanə Mehmanqızı: “Müddət uzadılacaq, belə də olmalıdır. Aramızda daşıyıcılar çoxdur, virusun kökünü kəsmək lazımdır. Əgər karantin dayansa və ya yumşalsa, qarşısıalınmaz fəlakətlər olacaq”.

 

Aygün Musayeva: “Müddət 10 gün uzadılacaq, panika yaratmamaq üçün, camaat asta-asta öyrəşsin deyə. TƏBİB sinəsinə döyür ki, 65 min test etmişik. Bu say çox gülüncdür. İndiyə qədər 150 min test edilməliydi. Xəstə sayının artması sərf etmir bu dəqiqə səhiyyəyə. Karantin götürülsə, camaat küçələrə tökülüşəcək. Məndən olsa, 15 gün əlavə karantini artırardım. Çünki yoluxma ikinci dövriyyəsinə başlayacaq”.

 

Cəsarət Hüseynzadə: “Test sayını digər ölkələrlə müqayisə etsək, say normaldır. Karantin davam etməsə, vəziyyət faciəvi ola bilər”.

 

Sevinc Süleymanova: “Karantin ləgv olunsun, təhsil ocaqları hələlik açılmasın, sosial məsafə, maskadan istifadə məcburi olsun. Beləcə, may ayından etibarən tamamilə rahat şəkildə həyatımıza davam edə bilərik. Bizdə şüur yoxdur. Əks halda hamı Mall-lara, ticarət obyektlərinə, yeyib-içməyə gedəcək. Biz bu gün poçtda insanları məsafə saxlamağa məcbur edə bilmirik. Bu, necə tənzimlənəcək? SMS ilə icazəni qaldıra bilərlər, amma yarıtmaz nəqliyyat insanları yoluxduracaq yenə də”.

 

Fərid Həsənov: “Karantin müddəti uzadılsa belə, xarici ölkələrdə olan, xüsusilə Rusiyada olan azərbaycanlıların ölkəyə qayıtması həll edilməlidir”.

 

Elnur Məmmədli: “Karantin müddəti uzadılsın, bu, daha məntiqli görünür bu gün. Amma tədbirlər yüngülləşdirilsin”.

 

Samir Əliyev: “Yaxşı olardı ki, karantin davam etsin, amma yumşaldıcı tədbirlərlə. Havalar isinir, insanları evdə saxlamaq mümkün olmayacaq. Yaxud, karantin ləğv edilsin, sosial məsafə, təcrid və maska geyilməsi icbari olsun. Siyasəti dəyişmək lazımdır”.

 

Esmira Qasımova: “Mayın 5-dək uzadılacaq”.

 

Vəfa Sultanzadə: “Karantin müddətinə 15 gün daha əlavə olunmalıdır. Amma heç olmasa, bir az yüngül şəraitdə”.

 

Əfqan Əmirxanoğlu: “Karantinin ləğvi bizim millət üçün uyğun deyil”.

 

Mərahim Nəsib: “Bütün dünyada obyektlərin fəaliyyətini dayandırması və insanların hərəkətinin məhdudlaşdırılması, ən azından ekologiya və ətraf mühitə ciddi şəkildə müsbət təsir göstərib. Nəzərə alsaq ki, təbiət insan həyatının ayrılmaz hissəsidir, bu baxımdan ümumi karantin rejiminin uzadılmasının tərəfdarıyam. Lakin Azərbaycan kimi əhalisinin çox hissəsi kasıb olan ölkələrdə karantin rejimi insanların maddi durumuna həddindən artıq mənfi təsir göstərir. Əgər əhalinin rifahı təmin ediləcəksə, karantinin uzanması da faydalı olar”.

 

Xəyalə Əhmədova: “Mayın 10-na qədər uzansın”.

 

Təranə Şövkət: “Məncə, müddət uzadılacaq”.

 

Hacı Rafiq: “Uzadılacaq karantin”.

 

Aygün Fərəcova: “Müddət uzadılacaq, amma bu, çarə deyil. Ciddi rejimli karantin olmadan, nə Azərbaycanda, nə də Türkiyədə bitəcək bu xəstəlik. Millət boş-boşuna küçədədir. Türkiyədə hələ də “bizə heç nə olmaz” deyənlər var”.

 

Xudaverdi Əliyev: “Poliklinikalar bağlanıb, səbəbini özləri də bilmirlər”.

 

Aynur Quliyeva: “Karantin müddəti ən az 10 gün uzadılmalıdır”.

 

Gülnarə Məmmədova: “Mən karantin müddətinin uzadılmasının tərəfdarıyam. Əslində, bizdə Gürcüstanda olduğu kimi fövqəladə vəziyyət olsaydı, daha yaxşı olardı. Cünki karantin dövrü yenə də insanlar küçədədirlər. Bizim evin qabağı insanlarla dolu olur. Hamısı bir-birinə yaxın məsafədə oturur. Uşaqlarla gəzməyə çıxırlar. Bu qədər efirlərdə deyilir, küçələrdə polislər başa salır. Evində yemək olmayanı hamımız başa düşürük. Köməklik olunsa, onlar da evdə oturarlar. Amma eləsi də var, küçədə boşuna gəzir”.

 

Kənan Kərimli: “Əhalinin sosial vəziyyətinin təmin edilməsi şərti ilə daha sərt karantin rejiminin tərəfdarıyam”.

 

Anar Səfərov: “15 gün uzadılacaq, yumşalma olmaqla. Yəni mayın 5-dək, sonrakı 15 gündə isə tədricən ləğv ediləcək”.

 

Ziba Nəbiyeva: “Karantin müddətinin uzadılmasının tərəfdarıyam”.

Müəllif: Raminə Eyvazqızı      16 Aprel 2020 15:28
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin