Ət və süd məhsullarından istifadə edərkən diqqətli olun – İNFOQRAFİKA

Ət və süd məhsullarından istifadə edərkən diqqətli olun –       İNFOQRAFİKA

Xəstəlikdən qorunmaq üçün çiy, yaxşı bişirilməmiş ət və süd məhsullarını qəbul etməmək, şəxsi gigiyena qaydalarına riayət etmək lazımdır

 

Çiy ət, yaxşı bişirilməmiş ət və süd məhsulları bruselyoz xəstəliyinə yoluxmaya səbəb ola bilər. AYNA xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalini maarifləndirmək üçün xüsusi posterlər hazırlayıb. Qurumun məlumatında deyilir:

 

“Bruselyoz xəstəliyinə, əsasən insanlar çiy, yaxşı bişirilməmiş ət və süd məhsulları, eləcə də duza qoyulmamış və ya yetişməmiş pendir istehlak etdikdə yoluxa bilərlər. Bu xəstəlikdən qorunmaq üçün çiy, yaxşı bişirilməmiş ət və süd məhsullarını qəbul etməmək, şəxsi gigiyena qaydalarına riayət etmək lazımdır.

 

Bundan başqa, bruselyoza yoluxmamaq üçün boğaz heyvanları digərlərindən ayırmaq, doğuş çətin olduqda və ya vaxtından əvvəl balasalma baş verdikdə dərhal baytar həkim çağırmaq, mütəmadi olaraq heyvanın qanının laborator müayinəsini aparmaq, xəstələndikdə onu naxıra ötürməmək lazımdır. İnsanlarda bruselyoz xəstəliyinin əlamətləri, əsasən yüksək hərarət, halsızlıq, gecə tərləmələri, əzələ, oynaq və baş ağrıları, üşütmə, iştahsızlıq, arıqlama, depresiya və ya yuxusuzluqla müşahidə olunur.

 

Heyvanlarda doğuş çətin olduqda və vaxtından əvvəl balasalma baş verdikdə, oynaqlarda şişkinlik, ağsama, titrəmə və hərarətin yüksəlməsi müşahidə edildikdə dərhal bu barədə baytar həkimə müraciət etmək məsləhət görülür. Bu xəstəlikdən heyvanları qorumaq üçün mütləq onların dövri peyvəndlənməsini aparmaq lazımdır. Bruselyoz xəstəliyinə yoluxmuş heyvanlar xüsusi təyin olunmuş günlərdə sanitar heyvan kəsim məntəqələrində baytar həkimin nəzarətində kəsilməlidir”.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      16 Aprel 2020 14:54
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin