İşçi-işəgötürən münasibətləri dəyişir – Sevinək, ya hələ tezdir?

Cəmiyyət

27.04.2022 - 14:48

Ekspert: “Test mərhələsini keçə bilsə, bu, həm hökumət, həm də əhali üçün müsbət yenilikdir”

Bu gün ölkəmizdə əmək müqaviləsi ilə işləyən işçilərin belə, kifayət qədər hüquqlarının pozulduğuna şahidlik edirik. Bu məsələdə ürəkli olub etiraz səsini ucaldanlar olsa da, səssiz qalanların sayı onlardan qat-qat artıqdır. İşə götürülərkən sevincək olub müvqailədə nə yazıldığına baxmayan, qarşısına qoyulan vərəqlərə bir-bir imza atanlar arasında da aldadılanlar var, müqaviləsiz işləyərək, bir çox hallarda əməyi istismar olunan, əməyinin qarşılığında dəfələrlə az miqdarda maaşa işləyənlər də.

Bu barədə mütəxəssis fikirlərini də dinlədikdə görürük ki, ölkəmizdə əmək münasibətləri ilə bağlı kifayət qədər ciddi, həllini gözləyən, bəlkə də, çoxdan həll olunması gərəkən primitiv problemlər var. Bütün bunların cəmi isə yığılıb bir dağa çevrilir və işçinin iş yükündən artıq olub onun çiynində daşınır.

Bu günlərdə “Əmək münasibətləri dəyişir” həştəqi ilə "LinkedIn", “Facebook”un Azərbaycan seqmentində paylaşımlar müzakirə olunmağa başladı. Kimi bunu sevinclə qarşıladı, kimi də sevinməyə elə də bir əsas olmadığını deyib problemlərin həlli istiqamətində atılmalı daha ciddi addımların olmasından yazdı.

AYNA mövcud dəyişikliklər ətrafında əmək və sosial hüquq üzrə ekspert Ruslan Hümbətovla həmsöhbət olub.

- Ruslan bəy, son günlərdə sosial şəbəkənin Azərbaycan seqmentində əmək münasibətlərində köklü dəyişikliklər olacağına dair fikirlərlə qarşılaşırıq. Zəhmət olmasa, bu dəyişikliyi daha ətraflı şərh edərdiniz: hansı dəyişikliklər nəzərdə tutulur?

- Əvvəlcə Dövlət Məşğulluq Agentliyinin (2019-cu ildən fəaliyyətə başlamışdı və işaxtarma saytları cəmlənmişdi. Həm vakansiyaları görmək olurdu, həm də işəgötürənlər işaxtaranları görə bilirdilər) özünün elektron alt sistemi - MAS var idi. Bəzi işəgötürənlər qanundan çəkindikləri üçün MAS-da vakansiya yerləşdirirdilər, bəziləri isə ya bilmir, ya da əhəmiyyətsiz bir şey saydığı üçün vankasiya elan etmirdilər. Məşğulluq orqanlarının işçiləri isə bir çox hallarda müəssisələrdən xahiş edirdilər ki, işə götürdükləri işçilərin şəxsiyyət vəsiqələrini onlara göndərsinlər ki, guya onların göndərişi əsasında işçi işə götürüblər, yəni statistikaya işləyən bir sistem idi. Buna baxmayaraq, hesab edirəm ki, istənilən yenilik inkişafa, düşünməyə təkan verir.

Eyni zamanda, Dövlət Əmək Müfəttişliyi Xidmətinin nəzarət etdiyi, 2014-cü ilin iyul ayından fəaliyyətə başlamış Əmək müqavilələri bildirişi alt sistemi mövcuddur ki, yazılı əmək müqavilələri hazırlanıb imzalandıqdan sonra bu sistemə daxil edilib hüquqi qüvvəyə minirdi. Bu sistemin təkmilləşməsi uzun zaman alsa da, qeyri-leqal məşğulluğun aradan qaldırılmasında mühüm rol oynadı. Hazırda isə bu iki sistemi birləşdirib Əmək Münasibətləri və Məşğulluq Altsistemi (ƏMAS) – vahid platforma yaradırlar. Bununla da əmək münasibətlərində kağız erası sona yaxınlaşmış olur.

Niyə “bitmiş” demirəm, çünki bu ilin  may ayından istifadəyə verilməsi planlaşdırılan ƏMAS  hələ test mərhələsində olacaq, yəni bütün işçilərin bu gün elektron kabineti olmadığı və buna kifayət qədər zaman lazım olduğu üçün hələlik müqavilələr sistemə yerləşdirilsə də, çap olunub işçi tərəfindən imzalanmalıdır ki, hüquqi qüvvəyə minsin. Bu məsələ öz həllini taparsa, artıq sistemə daxil edilmiş elektron əmək müqaviləsi işəgötürən və işçi tərəfindən elektron qaydada imzalanacaq. Bununla da ƏMAS bütün işəgötürənlər və işçilər, habelə dövlət qurumları üçün vahid əmək münasibətləri platforması rolunu oynayacaq. Yeni sistem həmçinin rəqəmsal kadr uçotu sisteminin yaradılması, əməyin ödənilməsində qanunvericiliyin tələblərinin gözlənilməsi və bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin dəstəklənməsinə xidmət edəcək. 

- Bunu müsbət hal kimi qiymətləndirmək olarmı?

- Bəli, bu, müsbət bir haldır. Bir nazirliyin hər alt qrumunun ayrı platforması yox, artıq vahid bir platformasının olması müsbət hal deyilmi? Hazırda kağızın qiymətinin bahalaşdığını da nəzərə alsaq, ƏMAS-ın yaradılması yerinə düşdü. Eyni zamanda da nazirliyin nəzarət etməsi baxımından da yaxşıdır. Mənim bildiyimə görə, risk əsaslı yoxlama, elektron audit və s. ilə bağlı modullar da yaradılacaq. Bu, işəgötürənlərə də sərf edir. Çünki əlavə xərcdən azad olurlar. Əgər test mərhələsini keçə bilsə, həm nazirlik, həm də əhali üçün yenilikdir. İşçi elektron formada müqaviləsinə baxa biləcək, banklarda işçinin işləməsi və əmək müqaviləsinin olmasını görməsi bu baxımdan kredit alan və verən şəxslərin işini asanlaşdırmalıdır. Bəzən işçi əmək müqaviləsində nə yazıldığından xəbərsiz olurdu, amma indi istədiyi vaxt müqaviləyə baxa biləcək, onu maraqlandıran hər suala cavab tapacaq.

- Bunu köklü dəyişiklik adlandırmaq olarmı?

- Bununla sadəcə əmək münasibətlərinin forması dəyişir. Əmək münasibətləri işçi ilə işəgötürən arasında əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Bu dəyişikliklə əmək müqaviləsi kağız formada yox, elektron formada olacaq. Ola bilsin, gələcəkdə yoxlamalar elektron formada həyata keçirilsin. Əgər bunun üzərindən yoxlama aparmaq mümkün olarsa, şəffaflıq üçün rəvac verir. Yəni insan amili yığışdırıla bilər. Hansısa müfəttişin müəssisəyə getməsi, əlavə vaxt itirməsi, maraq toqquşmasının olması kimi halların aradan qaldırılmasına kömək ola bilər. Sadəcə nə dərəcədə işləyə biləcək və nə qədər zaman alacaq - bu, hələ bəlli deyil.

- Ümumilikdə hazırda ölkəmizdə işçi və işəgötürən münasibətlərini necə dəyərləndirirsiniz, vəziyyət necədir?

- Burada sistemli yanaşma olmalıdır. Ali və orta ixtisas məktəbləri bu məsələyə daha yaxından cəlb olunmalıdır. Belə olarsa, həm təhsil müəssisələri özləri rəqabətli və inkişaf etmiş olar, həm bazar üçün müasir peşə və vəzifələrə kadr hazırlanar, həm də işəgötürənlər ixtisaslı, peşəkar işçilərlə təmin olunar. Beləliklə də əmək bazarını tələb-təklif özü tənzimləyəcək. Bu gün bu məsələlərdə axsadığımızdan hələ də işçilərin iş saatından artıq, müqaviləsiz, qeyri-normal əmək şəraitində işləmələrinin şahidi oluruq. DƏMX-in yoxlamalarının dayanması da sahibkarların işçilərin hüquqlarını pozmasına rəvac verir. Bundan başqa qanunvericilikdə bəzi boşluqların olması da işçi və işəgötürən münasibətlərinə təsir göstərən amillərdəndir. Qısaca, bunları deyə bilərəm, amma bu sualın geniş bir cavaba ehtiyacı var.

- Fikrinizcə, işçilərin problemlərinin həllində köklü dəyişiklik üçün hansı vacib addımlar atılmalıdır?

- Bu gün müasir insan resursları öz inkişaf dövrünü yaşayır. Bu sahənin insanları işəgötürənlərin qərarlarına müsbət mənada təsir edə bilirlər. Dünyada gedən müasir proseslər izlənir, forumlar keçirilir. Bundan başqa, son bir neçə ildə HR sahəsində kadr bazasının hazırlanmasında bazarda kifayət qədər kurslar var ki, bir universitetin 4 ilə verdiyi təhsili və təcrübəni çox qısa müddətdə insanlara qazandırır. Düzdür, bu kursların və ordakı müəllimlərin peşəkarlığı bəzən sual doğursa da, istənilən halda HR mütəxəsislərin müasir trendlərdən və əmək qanunvericiliyindən xəbərləri olduğunda işçilərin və işəgötürənlərin hüquqlarının qorunmasında ədalətli mövqeyi qoruya bilirlər.

Amma bu, təkcə HR-ların düzəldə biləcəyi məsələ deyil, həm də dövlət bu sahədə tərəflərə dəstək olmalıdır. Təəssüf ki, işçilərin problemlərinin həll olunmasında vacib rol oynamalı olan Həmkarlar İttifaqının rolunu hiss etmək olmur. Bu sahədə sorğu keçirmiş olsanız, böyük əksəriyyət deyəcək ki, Həmkarlar İttifaqı yalandan pul yığılan qurumdur, ya da bayramlarda uşaq şənliklərinə bilet verir. Özəl sahədə isə HR yox səviyyəsindədir. Ümumiləşdirsək, onu deyə bilərik ki, işçilərin problemlərinin həllində köklü dəyişiklik üçün sahibkarlar, Həmkarlar İttifaqı və hökumət birgə və qətiyyətli işlər görməlidir.

Müəllif: Aləmdə Nəsib