Hər bir vətəndaşın fərdi sosial proqramı yaradılacaq

Cəmiyyət

02.01.2020 - 12:14

Nazir: “Vətəndaşın məşğulluq, sosial təminat kimi imkanları müəyyən edilərək onlara təkliflər göndəriləcək

 

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq inzibati icraatın təkmilləşdirilməsi tədbirləri çərçivəsində Nazirlik tərəfindən əhaliyə xidmətlərin elektron texnologiyalar üzərində qurulması sahəsində müvafiq addımlar atılıb. AYNA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev açıqlama verib.

 

“Dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən, ölkəmizdə ilk dəfə olaraq əhalinin sosial reyestri kimi “e-sosial” portalı istifadəyə verilib. Portal vətəndaşlara onlar barədə toplanmış sosial məlumatlar çıxış və yaranmış hüquqları müqabilində məşğulluq xidmətlərindən, sosial təminat növlərindən və s. çevik rejimdə yararlanmaq, eyni zamanda yaranan sosial-əmək hüquqlarının təminatı prosesinə daimi nəzarət etmək imkanı qazandırıb”, - deyə nazir qeyd edib.

 

“Bu günədək artıq portalın aktiv istifadəçi sayı 150 minə çatıb, portala baxış sayı isə 1 milyon 500 mini keçib. Ölkəmizdə ilk proaktiv xidmət kimi 2019-cu ilin əvəlindən pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçilib, 15-ə yaxın sosial müavinət və təqaüd növü üzrə də e-təyinat sistemləri hazırlanaraq istifadəyə verilib, habelə 15-dək e-arayış xidməti işə salınıb. Gələn il də bir sıra yeni e-təyinat sistemləri və e-arayış xidmətləri istifadəyə veriləcək”, - Babayev vurğulayıb.

 

Nazir onu da diqqətə çatdırıb ki, DOST mərkəzlərindəki 132 xidmətin 91-nin elektronlaşdırılması nəzərdə tutulub: “Bu işlər yekunlaşandan sonra artıq e-sistemlər hər bir vətəndaş üçün fərdi sosial proqram formalaşdıracaq. Orada vətəndaşın məşğulluq, sosial təminat və s. imkanları müəyyən edilərək onlara təkliflər göndəriləcək”.

Müəllif: Ayna.az