"Getsinlər, nəvələri ilə oynasınlar, xalqın taleyi ilə oynamasınlar!”

Cəmiyyət

23.10.2019 - 19:00

"Millət bunlardan bezib, bunlar özlərindən bezmirmi görəsən?!"

 

Prezident İlham Əliyev iki gün öncə Baş Nazirin müavinləri Əli Həsənovla Hacıbala Abutalıbovu tutduğu vəzifədən azad etdi. Bildirildi ki, hər iki məmur öz ərizələrinə əsasən tutduqları postdan göndəriliblər.

 

Dövlət başçısı, həmçinin Əli Həsənov və Hacıbala Abutalıbovla görüşündə 70 yaşı haqlamış digər məmurları da istefa ərizəsi yazmağa çağırdı: "Həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur. Yaşınız da artıq 75-i keçibdir və əlbəttə ki, daha gənc nəslə yol vermək lazımdır. Ona görə sizin ərizə ilə mənə müraciətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər”.

 

Ölkə başçısının bu çıxışından sonra sosial şəbəkə istifadəçiləri tərəfindən, bir sıra məmurların Prezidentin çağırışına qoşulmaları, tutduqları postdan istefa vermələri barədə çağırışlar oldu.

 

Maraqlıdır, Prezidentin sözügedən müraciətindən sonra kimlər könüllü şəkildə istefa verəcəklər? Ümumiyyətlə, cəmiyyət bu barədə necə düşünür, kimlər istefaya getməlidir? Həmçinin istefasını gözlədikləri şəxslərin tutduqları postlarda kimləri görmək istərdilər?

 

Bu suallara cavab tapmaq məqsədilə sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirmək qərarına gəldik. AYNA-ya verilən cavabları olduğu kimi təqdim edirik:

 

Elmar Huseynov: “Arzu edirəm ki, bu addımı təkcə nazirlik və komitələr yox, Milli Məclisdə oturan, yaşı 70-dən çox olan deputatlar da atsınlar. Onlardan bir yox, bir neçəsinin adını çəkmək olar - Zeynəb Xanlarova, Hadı Rəcəbli, Arif Rəhimzadə və bu yaşda olan deputatlar da istefa versinlər. Onların yerinə isə daha gənc, xalqın içində olan, cəmiyyətin hörmətini qazanmış şəxslər seçilsin”.

 

Əntiqə Rəşid Aslanova: “Çox istərdim ki, 65 yaşını tamam eləmiş bütün məmurların işinə xitam verilsin. Ömürlərinin qalan hisəsini isə obyektlərində bizneslərini davam etdirsinlər. Əminəm, 65-ni tamam etmişlər getsə, gənclər ücün xeyli iş yerləri mövcud olar. Eyni zamanda 25 il deputat, nazir, müavin, rəis, icra başcısı və s. vəzifələrdə də islahatlar uğurla alınacaq”.

 

Ülviyyə Şahin: “Kimlər istefaya getməlidir: Elmira Süleymanova (81 yaş) Oqtay Şahbazov (78 yaş), Yaqub Eyyubov (73 yaş), Əhməd Əhmədzadə (72 yaş), Ramil Usubov (71 yaş), Ağacan Abıyev (82 yaş). Milli Məclisdə oturanlardan: Vitse-spiker Valeh Ələsgərov (73 yaş), deputatlar Yevda Abramov (71 yaş), Ziyad Ələsgərov (79 yaş), Eldar İbrahimov (74 yaş), Əhliman Əmiraslanov (72 yaş), Arif Rəhimzadə (78 yaş), İsa Həbibbəyli (70 yaş), Zeynəb Xanlarova (83 yaş) və Hadı Rəcəbli (72 yaş). Unutduqlarım varsa, öncədən üzrlü saysınlar. Vallah, ürəyim sıxıldı bunların yaşını hesablayanda. Millət bunlardan bezib, bunlar özlərindən bezmirmi, görəsən?! Sadə vətəndaşlar, xalq arasında olan minlərlə gənc savadlı kadrlar var ki, mən, bax, o gəncləri görmək istəyirəm”.

Vusala Mamedzade adlı şəxsin şəkli.

Şahpəri Abbasova: “Düşünürəm ki, Prezident onların istəkləri ilə oturub-durmamalıdır. Necə ki, 65 yaşı tamam olan müəllimi işdən azad edirlər, bu, yuxarı postda oturanlara da şamil olunmalıdır. Bizim Milli Məclisimiz qocalar evinə oxşayır. Əksəriyyəti iclasın ortasında yatır. Bunu hər birimiz görmüşük. Bu gün onların evində nəvələri ilə oynayan vaxtlarıdı. Getsinlər, nəvələri ilə oynasınlar, xalqın taleyi ilə oynamasınlar!”.

 

Azər Həsrət: “Məncə, 70-i keçənlərin hamısı könüllü getməlidir. Getməmək Prezidentə dirəniş kimi qəbul edilməlidir”.

 

Tamilla Qulami: “Bu mövzuda bir daha təkrar edəcəyim düşüncəmiz var, bir daha təkrarlayıram. Hakimiyyətin bu sistemi dəyişmədikcə Hacıbala Abutalıbov gedəcək, yerinə Abutalıbov Hacıbala gələcək. Sistemi xarab olan avtomobilə ha peşəkar sürücü gətir, xeyri yoxdur, o xarab avtomobili sürə bilməyəcək. Elə Prezidentin də öz çıxışında dediyi kimi. Filankəslər filankəsləri şantaj edir. O postlara təyin olunanları da cənab Prezident təyin edir, başqası deyil. Sistem dəyişilməlidir. Birmənalı. Gəlin, sistemin dəyişilməsi yönündə mütəşəkkil, SİSTEMLİ, planlı, hüquqi yolla sivil etirazlar səsləndirək. Dartışaq, mübahisələr edək, müzakirələr edək, nəhayət ki, bir yerə varaq. Əks halda, adlar dəyişəcək, adlardan başqa dəyişən heç nə olmayacaq. Bu qədər sadə. Və bir şeyi unutmayaq! Şəxsi qüruru kənara qoyub, nəhayət ki, milli qürur nümayiş etdirək. Hər şey AZƏRBAYCANımız üçün!”.

 

Nüsrət Məmmədov: “Doğrusu, 70 yaşlıq senzin diplomatlara tətbiq olunub-olunmayacağı barədə heç bir bilgimiz yoxdur. Məsələn, Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovun 75 yaşı var. Özünün geri çağırılması üçün ərizə yazacağına gümanım yoxdur. Çünki o, pislik simvoludur. Pislər yaxşılara yol açmazlar. İndi ümidimiz qalıb ya Prezidentimizin onu geri çağırmasına, ya da Əzrailin oppalara aparmasına”.

 

Vüsalə Məmmədzadə: “Oktay Şirəliyev vəzifəsini icra edə bilmədiyi üçün təcili istefa versin. Zeynəb Xanlarova millət vəkili kimi olduqca yararsızdır. Ölkənin 90 faiz məmuru 70 yaşı haqlayıb”.

 

Qeyd edək ki, mövzu ilə bağlı bəzi media nümayəndələri də olduqca maraqlı paylaşımlar ediblər. Mövzunun aktuallığını nəzərə alaraq bir neçəsini təqdim edirik:

 

Azər Rəşidoğlu: “YAP məmurlara və bütün təşkilatlara nümunə olmalı, rəhbərlikdə olan yaşı 70-i keçmiş hər kəs rəhbərlikdən istefa verməli və ölkə başçısının məsləhətinə əməl etməlidir”.

 

Mir Səməd: “Şəxsən mən bir çox vətəndaşlarımız kimi bu hərəkatı alqışlayıram! Yaşlılar dincəlməli, nəvələri ilə oynamalı, memuarlar yazmalı, keçdiyi həyat yoluna nəzər salmalıdırlar. O qədər də imkan var, gedin, dünyanın gözəl yerlərini gəzin, tanış olun”.

 

İlham Tumas: “Hamı siyahı yazır. Hamı 70-dən yuxarı vəzifəlilərin getməsinin vacibliyini deyir. Ancaq məsələ, vallah, yaşda deyil, başdadır, başda! Və belə də bilinməlidir! Mən yaşı 70-dən yuxarı olan, bizimlə eyni dövrdə yaşadığı üçün bizi şərəfləndirən böyük kişilərdən bircəsinin sevə-sevə adını yazıram və deyirəm: yaşı 77 olan böyük azərbaycanlı, professor Rafiq Əliyevə dövlətin ən böyük görəvlərindən biri tapşırılsa, necə olar? Ona bir vəzifə verilsə, “professor, bu işdə Vətənin sənə ehtiyacı var, gəl, götür, başla!” deyilsə, hansımız sevinmərik? Burda yaşa baxmaq olarmı, əzizlərim?”

 

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi də tutduğu vəzifədən azad edib. R.Mehdiyev də dünəndən bəri istefa ərizəsini yazmalı olan şəxslər arasında adı hallanan məmurlardan biri idi.

Müəllif: Rumiyyə Miraslan