Deputatın təklifində məntiq axtarmaq mümkündür, amma baxır, hansı ölkədə
Son zamanlar qeyri-adekvat və məntiqsiz fikirlərin generatoruna çevrilən Rusiya Federasiyasının Dövlət Duması növbəti dəfə Rusiya cəmiyyətinin reallıqlarından uzaq bir təkliflə çıxış edib. Nümunə olaraq, müxtəlif vaxtlarda rusiyalı deputatlar tərəfindən irəli sürülən bəzi təklifləri qeyd edəcəyik.
Belə ki, 2024-cü ildə deputat Vitali Milonov türk seriallarını “tam cəfəngiyat” hesab etdiyini bildirib. Deyib ki, seriallar rus qadınlarında saxta ideal kişi obrazı yaratdığına və reallığa uyğun gəlməyən həyatı göstərdiyinə görə qadağan edilməlidir.
Bu “dərin” fikir, görünür, “Rusiya veteranları” ictimai hərəkatı Rusiya Federasiyasındakı demoqrafik böhrandan narahat olduqdan sonra onun beynində yaranıb. Hərəkatın rəhbəri İldar Rezyapov belə qənaətə gəlib ki, türk serialları demoqrafiyaya mənfi təsir göstərir, “çünki onlar qeyri-real kişi obrazı yaradır, rus qadınları isə bəylərimizə marağı itirirlər”. Veteranların "nəcib" hədəfi elə beşikdə boğuldu.
Və ya, məsələn, başqa bir deputat Andrey Svintsov, Yeni İl ərəfəsində ruslar üçün "təhqir" sayılacaq bir fikir irəli sürüb. Parlamentari beş min rubl dəyərində spirtli içki hədiyyə edən rusları cərimələməyi təklif edib. Hədiyyə bir məmur tərəfindən verilirsə, cərimə 35 ilə 50 min rubl arasında ola bilər. Hüquqi şəxslər üçün 100 min rubla qədər ola bilər.
"Alkoqollu içkilərə qarşı sərt və barışmaz təbliğat aparmağın vaxtıdır. Həm də ondan başlamalıyıq ki, ölkəmizin hər bir vətəndaşı başa düşməlidir: alkoqol zəhərdir! Yaxınlarınıza, dostlarınıza və ya həmkarlarınıza sağlamlığa böyük ziyan vuran, hətta ölümcül təhlükə yaradan bir şey vermək sadəcə olaraq qəbuledilməzdir", - deyə deputat söyləyib.
Təbii ki, Svintsovun bu təşəbbüsü nə adi ruslar, nə də həmkarları arasında müsbət qarşılandı. Doğrudan da, Rusiya İran və ya ərəb ölkələri deyil və belə təşəbbüslər ən yaxşı halda yalnız gülüş doğurur.
Heç kimə sirr deyil ki, bu gün Rusiyanın əsas daxili problemlərindən biri demoqrafiya məsələsidir. Uşaqları "yaratmağa" xüsusi həvəs göstərməyən rusların sayı azalmaqda davam edir.
Bu sahədə işlər o qədər pisdir ki, problem Rusiya Prezidenti Vladimir Putin tərəfindən “nəzarətə” götürülüb. Üstəlik, narahatlıq o qədər böyükdür ki, hətta rusların, mümkün qədər çox doğmasını tələb edən bir fərman da verilib.
Sərəncama əsasən, 6 ildən sonra ölkədə ümumi doğuş əmsalı (TFR, reproduktiv yaşda bir qadına düşən uşaqların orta sayı) 1,6-ya, 2036-cı ilə qədər isə 1,8-ə yüksəlməlidir. Sənədin müəllifi hətta konkret rusun uşaq istəməsi və ya hamilə qala biləcəyi və ya bilməyəcəyi ilə də maraqlanmır. Doğmalıdır, vəssalam.
Rusiyalı deputat Georgi Arapov Putinin göstərdiyi böhrandan “parlaq” çıxış yolundan ruhlanaraq, bu müqəddəs işə öz töhfəsini vermək qərarına gəlib. O, Rusiya Əmək Nazirliyinin rəhbəri Anton Kotyakova demoqrafik göstəriciləri artırmaq üçün həftəlik ödənişli məzuniyyətin tətbiqini təklif edib. Məktubda o, nazirdən xahiş edir ki, “reproduktiv yaşda olan xeyli sayda cütlük uşaq sahibi olmaqdan tamamilə imtina etmir, əksinə, xroniki stress, yorğunluq və emosional resursların olmaması səbəbindən onu təxirə salır”.
Arapov xahiş edir ki, nazir belə bir “demoqrafik həftə”nin tətbiqinin məqsədəuyğunluğu məsələsini nəzərdən keçirsin. Onun fikrincə, daha bir həftəlik tətilin mövcudluğu bir çox insana müvafiq qərar qəbul etmək üçün optimal hesab edilən daxili rahatlıq vəziyyətinə gəlmək imkanı verəcək.
“Getdikcə daha çox olan subay insanlar üçün demoqrafik həftə yeni insanlarla tanış olmaq və ciddi münasibətlər qurmaq üçün vaxt verəcək”, - deyən deputatın sözlərinə görə, uşaq sahibi olmaq barədə qərar qəbul etmək üçün "təkcə maddi deyil, həm də psixoloji sabitlik lazımdır".
Başa düşdüyünüz kimi, Arapovun xoş düşüncəsi sarsıdıcı fiaskoya məhkumdur. Necə deyərlər, həm gülməli, həm də ağlamalıdır. Mənə deyin, zəhmət olmasa, hansı “ağıllı” rus “göydən gələn hədiyyəni” bu halda hakimiyyətdən əlavə məzuniyyət həftəsi şəklində, özü də pullu həftəni belə xırda-xırda işlərə sərf edər?
Arapov doğrudanmı ciddi şəkildə düşünür ki, Rusiya Federasiyasının sıravi vətəndaşı buzlu şüşə “belenkaya” ilə “həyat şənliyi” təşkil etmək əvəzinə, nəfəs məşqləri və ya yoqa ilə stressi atmağa başlayacaq? Axı, onlar üçün stressi aradan qaldırmağın ən yaxşı yolu sərxoş olub, problemləri unutmaqdır. Əminəm ki, “stresdən azad olmağın” bu yolu “demoqrafik həftə” boyu davam edəcək.
Başqa bir cəhət də var. Ukraynadakı müharibə, hər gün qonşu dövlətdən gələn “200 yük” o qədər daimi gərginlik yaradır ki, hətta “demoqrafik il” olsa belə, onu aradan qaldırmaq üçün kifayət etməyəcək. Problemin özü bir qapalı dairədə ilişib qalırsa, demoqrafik böhranı necə aradan qaldırmağın mümkün olduğuna özünüz qərar verin.
Minlərlə rus gənci hər həftə mənasız müharibədə ölür - qohumlar, dostlar, qonşular arasında stress… Və stresin dərmanı kimi içki içmək - aşağı doğum nisbəti yaradır. Dairə bağlınır. Əsas səbəb aradan qaldırılmasa, bu problemi nə fərmanla, nə də “demoqrafik həftə” ilə həll etmək mümkün deyil. Bu, içində deşik olan şarı daim şişirtməyə cəhdə bənzəyir.
Bir sözlə, Arapovun təklifi məntiqli olsa da, Rusiya reallığına uyğunlaşdırılmayıb. Hansısa möcüzə ilə qanunvericilik səviyyəsində qəbul olunsa belə, effekt sıfır yox, mənfi olacaq. İçməyənlər də belə bir pullu həftə içində vurmağa başlayacaqlar...