Əliyevin bəyanı, Paşinyanın sükutu və: “Biz Ermənistanın nə istədiyini başa düşə bilmirik”

Aktual

21.02.2023 - 10:17

Münhen görüşündə nələr müzakirə olundu, hansı təkliflər səsləndirildi və gözləntilər nə yöndədir?

59-cu Münhen Təhlükəsizlik Konfransında Rusiya-Ukrayna münaqişəsi mövzusunun mərkəzi yer tutmasına baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın panel müzakirəsi heç də az maraqlı görünmürdü. İlk növbədə diqqəti çəkən Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı konkret planlar və aydın baxışdan danışan İlham Əliyevin inamlı tonu oldu. Paşinyan mücərrəd və aidiyyəti olmayan mövzularda danışır, ikinci dərəcəli faktlara müraciət edir, müzakirə görüntüsü yaratmağa çalışırdı.

Paşinyanın parlamentdəki çıxışlarından nəzərəçarpacaq dərəcədə fərqlənən bu davranış xətti onu deməyə əsas verir ki, beynəlxalq müstəvidə Ermənistanın əvəzinə artıq hər şey həll olunub və heç kim İrəvana ciddi yanaşmaq, hətta ona qulaq asmaq da istəmir. Bu baxımdan Azərbaycan diplomatiyası inamla və ardıcıl olaraq öz sülh şərtlərini diktə edir. Başqa cür ola bilməz. Ölkəmiz çox uzun müddət öz torpaqlarının Ermənistan tərəfindən işğalına dözüb.

“28 ildir ki, sülh danışıqları aparırdıq. Təsəvvür edirsiniz? 1992-ci ildən 2020-ci ilə qədər. Və əgər biz Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydik, bu sülh danışıqları daha 28 il davam edəcəkdi. Bu, Ermənistan üçün tamamilə məqbul idi, çünki onlar vəziyyəti dondurmaq, torpaqlarımızı əbədi olaraq işğal altında saxlamaq istəyirdilər. Bu, dünyanın müxtəlif yerlərində yaşayan ermənilərin dostları üçün məqbul idi. Amma bizim üçün bu, qəbuledilməz idi. Ona görə də biz hazırlaşdıq, bütün qüvvələrimizi səfərbər etdik”, - deyən Azərbaycanın dövlət başçısı ölkəsinin BMT Nizamnaməsinin 51-ci maddəsinin verdiyi hüquqla öz ərazilərini geri qaytardığını vurğulayıb.

İlham Əliyev çıxışında Paşinyanın iştirakı ilə qapalı görüşdə əldə olunan ümumi razılaşmaların mahiyyəti ilə bağlı pərdəni qaldırıb. Bu, ilk növbədə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı aparılan danışıqlarda Qarabağın hər hansı statusu mövzusunun qeyd edilməməsinə aiddir. Yəni indi bu mövzu Azərbaycanın daxili işidir və Əliyevin vurğuladığı kimi, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır.

“Biz Qarabağın erməni icmasının nümayəndələri ilə praktiki ünsiyyətə başlamağa hazırıq. Mən bu gün dövlət katibi Blinkenin iştirakı ilə bu barədə erməni həmkarıma məlumat verdim. Amma biz buna yalnız Rusiya vətəndaşı, kriminal oliqarx, Avropada çirkli pulların yuyulmasında iştirak etmiş şəxs - Ruben Vardanyan ərazimizi tərk edəndən sonra başlaya biləcəyik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

O, bu sözləri ilə bir daha bildirib ki, rəsmi Bakı açıq şəkildə Azərbaycanın maraqlarına cavab verməyən müəyyən maraqları ifadə etmək üçün Qarabağa göndərilmiş heç bir kənar şəxslərin iştirakı olmadan Qarabağ erməniləri ilə birbaşa əlaqə yaratmağa hazırdır. Bakı Rusiyanın maraqlarına uyğun suları bulandıran Vardanyanın Qarabağda dağıdıcı mövcudluğuna dözməyəcək.

Elə Ermənistanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin simasında vasitəçilik missiyasını canlandırmaq cəhdlərinə də. İlham Əliyev uzun illər faktiki olaraq münaqişənin həllinə deyil, dondurulmasına xidmət edən strukturun vasitəçilik xidmətlərini bir daha təkzib edib: “Minsk Qrupu istefaya gedib və praktiki olaraq yoxdur. Ola bilsin ki, bu, hələ də ancaq kağız üzərində mövcuddur”.

Münhendəki danışıqların maraqlı məqamı dövlətlərarası sərhəddə keçid məntəqələrinin quraşdırılması təklifi olub.

“Söhbət sərhədlərin delimitasiyasından gedirsə, o zaman keçid məntəqəsi olmadan mümkün deyil. Əgər söhbət kommunikasiyaların açılmasından gedirsə, o zaman həm Zəngəzur dəhlizində, həm də Laçın rayonunun Ermənistanla sərhədində nəzarət-buraxılış məntəqələri yaradılmalıdır”, - deyə İlham Əliyev ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Nikol Paşinyanla danışıqlardan dərhal sonra azərbaycanlı jurnalistlərə müsahibəsində söyləyib.

“Yaxşı olardı ki, Ermənistan və Azərbaycan tərəfləri öz keçid məntəqələrini yaratsınlar. Ermənistanla sərhəddə Laçında və Zəngəzur dəhlizinin hər iki tərəfində olmalıdır. Bunun zərurətindən əvvəl də danışmışdıq, lakin bu gün mən Blinkenin iştirakı ilə keçirilən görüşdə bunu rəsmən bəyan etmişəm və biz Ermənistan tərəfdən rəsmi cavab gözləyəcəyik. Bizim bu mövqeyimiz həm Avropada, həm də Amerikada məntiqli qəbul edilir”, - deyə Azərbaycan lideri vurğulayıb.

Bu bəyanatlardan belə nəticəyə gəlmək olar ki, mahiyyət etibarı ilə Azərbaycan öz gündəliyini və Ermənistan-Azərbaycan münaqişəsinin həllinin aparılmasını fəal şəkildə təbliğ edir, Ermənistanın zəif arqumentasiyasını məhv edir.

Əliyev Ermənistanla sülhə hazır olduğunu bir daha beynəlxalq ictimaiyyətə nümayiş etdirdi. Lakin Ermənistanın Baş nazirinin Azərbaycanla danışıqlara dair bir kəlmə də danışmaması səbəbindən Paşinyanın çoxdan gözlənilən sülhə məcbur edildiyini mühakimə etməyə imkan verən susqunluğu onun buna hazır olmamasından xəbər verir. O, hələ də özündə güc tapmayıb ki, bu məsələyə son qoymaq mümkün olsun.

Əvəzində Paşinyan birbaşa cavabdan yayınmaqda davam edir. İlham Əliyevin Münhendə Azərbaycan telekanallarına müsahibəsində düzgün qeyd etdiyi kimi, “biz Ermənistanın nə istədiyini başa düşə bilmirik”...

Müəllif: Asif Aydınlı