Ermənilərin Kəlbəcərdə vandalizmi: məktəbləri də yandırırlar

Aktual

16.11.2020 - 16:58

Səbinə Əliyeva dünya dövlətlərini, beynəlxalq təşkilatları Ermənistanın vandalizm aktlarının qarşısının alınmasına çağırıb

 

Ermənistan işğal etdiyi Azərbaycanın Kəlbəcər rayonunu vandalizm aktları törədərək boşaldır. Kəlbəcər işğal olunandan sonra qanunsuz şəkildə rayona yerləşdirilən erməni əhalisi azərbaycanlılara məxsus evlərdə yaşayıb. İndi rayonu tərk edərkən həmin evlərlə yanaşı, məktəbləri də yandırırlar. Beynəlxalq media tərəfindən yayılan foto və videolarda da bu vandallıq öz təsdiqini tapır.

 

AYNA xəbər verir ki, bu barədə Ombudsman Aparatının yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, Ermənistan mətbuatında Kəlbəcəri tərk edən məktəb direktorunun məqsədli şəkildə məktəb binasını yandırmasının fəxrlə vurğulanması da onların növbəti vandallıq aktlarının sübutudur.

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva dünya dövlətlərini, beynəlxalq təşkilatları təcavüzkar Ermənistanın vandalizm aktlarının qarşısının alınmasına çağırıb.

 

“Özünü Təhlükəsiz Məktəb Bəyannaməsinin “dəstəkçilərindən” biri kimi təqdim edən Ermənistan Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki 1107 təhsil obyektinin və 855 uşaq bağçasının tamamilə məhv edilməsinə görə məsuliyyət daşıyır”, - deyə məlumatda vurğulanıb.

Müəllif: Ayna.az