“Rus əsgərləri gəlsin, onları da ermənilərin gününə salaq” – <font color=red> DEPUTAT</font>

Aktual

13.10.2020 - 10:20

Aqil Abbas: “Hələlik bizim xüsusi təyinatlılarımız döyüşlərə qatılmayıb, onlar döyüşlərə qatılanda daşı daş üstündə qoymayacaqlar”

 

Sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təxribatı Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başlaması ilə nəticələndi. Dağlıq Qarabağın işğaldan azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlar keçirən Azərbaycan Ordusu qısa müddətdə bir rayonu, bir qəsəbəni, 20-ə yaxın kəndi və bir neçə strateji yüksəklikləri işğaldan azad etdi.

 

Bu müddətdə ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri atəşkəsin bərpası ilə bağlı müxtəlif çağırışlar etdilər. Oktyabrın 9-da isə Moskvada Rusiya, Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin 11 saat çəkən görüşündən sonra, müddət göstərilmədən humanitar məqsədli atəşkəs razılığı əldə edildi. Lakin atəşkəsdən bir sutka keçməmiş, Ermənistan buna əməl etməyərək, Gəncəyə ballistik raketdən atəş açdı. Bununla yanaşı, düşmən Ağdamda, Bərdədə, Goranboyda, Tərtərdə mülki insanları və obyektləri atəşə tutmaqda hələ də davam edir. Həmçinin, işğaldan azad olunmuş ərazilərə yenidən hücum edərək, itirdikləri mövqeləri yenidən işğala məruz qoymağa cəhd göstərirlər.

 

Yəni, faktiki olaraq Ermənistan Moskva razılaşmasına məhəl qoymur, atəşkəsi pozur. Rusiya da, görünür, ümumi anlaşmaya məhəl qoymayan tərəfdir. Belə ki, hərbi mənbələrdən sızan məlumatlara görə, Rusiya bu müddətdə yenidən Ermənistana silah-sursat tədarük edir. Rəsmi şəkildə təsdiqlənməsə də, qeyri-rəsmi xəbərlərə görə, Ermənistanın XİN başçısı Moskvadan İrəvana dönərkən, təyyarənin yük yerində də silah aparıb. Eyni zamanda, Ermənistana başqa ölkələrdən də humanitar yük adı altında silah daşındığı faktları ortaya çıxıb.

 

Bütün informasiyaları birləşdirəndə ortaya çıxan mənzərə belədir: Qarabağ müharibəsində neytrallıq nümayiş etdirməyə çalışan Rusiya, bunu 14 gün bacara bildi. Artıq Kreml Ermənistana həmişəki kimi hərbi yardımını əsirgəməməyə başlayıb. Məsələ burasındadır ki, Kremlə yaxın analitik və jurnalistlər də telekanallarda Azərbaycana qarşı çıxışlara başlayıblar. Hətta, bir qədər irəli gedərək, təhdid formasında ifadələr işlədirlər.

 

Azərbaycan cəmiyyətində belə fikir dormalaşıb ki, artıq biz Ermənistanla yox, onun havadarı Rusiya ilə müharibə aparırıq. Buna görə də qardaş və müttəfiq ölkə, bütün platformalarda Azərbaycanın yanında olduğunu açıq şəkildə bəyan edən Türkiyənin ölkəmizdə hərbi bazasının yerləşdirilməsi şərtə çevrilib. Yəni, Rusiya-Ermənistan birliyinə qarşı Türkiyə-Azərbaycan hərbi müttəfiqliyi...

MƏMMƏDYAROV HEÇ BİLMİR FUTBOL NƏDİR…” - Aqil Abbas » Demokratik.Az

Məsələyə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbasın fərqli yanaşması var. O, AYNA-ya deyib ki, ölkəmizdə heç bir dövlətin hərbi bazasının yerləşdirilməsinə ehtiyac yoxdur: “Təbii ki, Türkiyə bizə qardaş ölkədir, dostumuzdur, hər zaman da dəstəyini əsirgəmir. Buna görə qardaş ölkənin rəhbərliyinə də, vətəndaşlarına da təşəkkür edirik. Amma bizim özümüzün kifayət qədər hərbi gücümüz də, qüdrətimiz də var”.

 

“Rusiya Ermənistana nə qədər silah göndərir, göndərsin. Onsuz da 30 ildir ki, Rusiya işğalçı Ermənistanı silahlandırır, vaqonlarla silahlar daşınıb. Nə oldu? 10 gün içərisində qüdrətli Azərbaycan Ordusu vurub dağıtdı, mövqelərini darmadağın etdi. İndi yenə göndərir, qoyun göndərsinlər. Yenə də vurub dağıdacağıq. Rus əsgəri döyüşəcək? Onları da erməni əsgərlərinin vəziyyətinə salacağıq”, - deputat bildirib.

 

Onun qənaətincə, əksər insanlarımızda bir səksəkə var ki, rus əsgəri Ermənistan tərəfindən bizə qarşı vuruşacaq: “Mən başa düşə bilmirəm, rus əsgəri döyüşəndə nə olur ki?! Mənə elə gəlir, artıq siyasətdən danışmaq lazım deyil, döyüşüb torpaqlarımızı azad etməliyik. Rus əsgəri də gəlsə, Fransa əsgəri də gəlsə, dəxli yoxdur. Bu, bizim haqq işimizdir, namus işimizdir. Allahın köməyi, Azərbaycan Ordusunun gücü ilə haqq işimizi qələbə ilə yekunlaşdıracağıq”.

 

“Özümüzün gücümüz yetəri qədərdir ki, torpaqlarımızı işğaldan azad edək, ərazilərimizi erməni quldurlarından təmizləyək. Bizə nə başqa ölkənin hərbi bazası lazımdır, nə də muzdlu döyüşçüləri. Lazım gələrsə, Azərbaycan Ordusunun şəxsi heyətinin sayı yarım milyon olar. Siz hərbi komissarlıqların qabağına baxın, elə oğlanlar var ki, “dəmir gəmirirlər”, ordumuzun sıralarına qoşulub döyüşə getmək istəyirlər. Hələ onlara ehtiyac olmadığı bildirilir. Baxın Ermənistana, ümumi səfərbərlik edib, döyüşməyə heç kim getmək istəmir. Avtobusa erməniləri döyə-döyə mindirirlər. Bir faktı da deyim. Hələlik bizim xüsusi təyinatlılarımız bu döyüşlərə qatılmayıblar. Həmin xüsusi təyinatlılar döyüşlərə qatılanda, baxın, görün, nə olacaq?! Daş-daş üstündə qoymayacaqlar”, - deyə Abbas vurğulayıb.

 

Millət vəkili hesab edir ki, Moskvada XİN başçılarının imzaladığı sənəd mənasızdır: “Atəşkəsin mənasızlığı - Ermənistanın Gəncə şəhərini vurub, mülki əhalimizi öldürməsi, terror törətməsi ilə aydın oldu. Ermənistan bu günə qədər hansı qanuna əməl edib ki, 4 bəndlik kağız parçasına da əməl eləsin?! Ermənilər insandırmı ki, humanizm göstərsinlər və ya biz onlara humanist davranaq?! Mənim dinc sakinimi öldürürlər, nə humanizm?! Hesab edirəm ki, Azərbaycan tərəfi bu qədər tolerantlıq, humanizm göstərməməlidir. Konkret deyilməlidir ki, onlar Gəncəni, Ağdamı, Bərdəni, hara əli çatırsa, oranı atəşə tutursa, o zaman biz də Gorusu, Vardenisi, yeri gəlsə, İrəvanı vuracağıq. Onlar atacaqlar, mülki əhalimizi vuracaqlar, biz durub baxmalıyıq? Harada yazılıb belə bir qanun? Mən bu barədə hardasa oxumamışam!”.

Elxan Şahinoğlu: “İran nüvə silahı əldə etmək istəmir”

Deputatdan fərqli olaraq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə, Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi şərt və günümüzün tələbidir: “İllərdir deyirəm ki, Türkiyənin hərbi bazalarını Azərbaycanda yerləşdirmək lazımdır. Bunu belə əsaslandırırdım ki, Dağlıq Qarabağda müharibə başlasa, Azərbaycanın qalan hissəsi Türkiyənin təhlükəsizlik təminatı altında olsun, necə ki Rusiya Ermənistanın təhlükəsizliyinin təminatçısıdır. İndi dediklərim təsdiqini tapır. Qardaş ölkənin burada bazasının olması vacibdir”.

 

“Türkiyənin Gəncədə hərbi bazası olsaydı, düşmən ölkə ikinci böyük şəhərimizi raket atəşinə tuta bilərdimi? Ermənistan bunu etsəydi, artıq qarşısında Azərbaycanla yanaşı, Türkiyəni də görəcəkdi. Təbii ki, bu gün Türkiyə Azərbaycana dəstək verir. Amma bunun üçün hüquqi əsas lazımdır”, - deyə politoloq qeyd edib.

 

Şahinoğlunun qənaətincə, bu gün də məsələni reallaşdırmaq gec deyil: “Türkiyə ilə hərbi bazaların yerləşdirilməsi ilə bağlı danışıqlara qısa müddətdə başlamaq lazımdır”.

Müəllif: Anar Bayramoğlu