Atəşkəsin və atəşin kəsilməməsinin arxasındakı gizli plan – <font color=red> İmperiya dinc dayanmır</font>

Aktual

13.10.2020 - 15:52

Şahin Cəfərli: “Rusiyanın tək hədəfi var – sülhməramlı adı altında Qarabağa qoşun yeritmək”

 

Qarabağ cəbhəsində şiddətli döyüşlər davam edir. Moskvada humanitar atəşkəs razılaşması əldə edilsə də, Ermənistan buna məhəl qoymayaraq, mövqelərimizi və mülki yaşayış məntəqələrimizi atəşə tutur. Buna cavab olaraq Azərbaycan Ordusu düşmənin mövqelərinə ağır zərbələr endirir. AYNA-nın mövz ətrafında həmsöhbəti politoloq Şahin Cəfərlidir.

 

- Moskvada 11 saata qədər çəkən görüşün nəticəsində razılaşdırılan humanitar atəşkəsin ömrü cəmi 5 saat çəkdi - Ermənistan tərəfi mövqelərimizi və mülki yaşayış məntəqələrimizi raket atəşinə tutdu. Bununla kim kimə nə mesaj vermiş oldu?

 

- Ümumiyyətlə, bunun humanitar atəşkəs olmasına məndə şübhə var. Çünki, adətən humanitar atəşkəs əldə olunanda konkret müddət göstərilir. Yəni söhbət həqiqətən də meyitlərin döyüş meydanından çıxarılmasından və əsirlərin mübadiləsindən gedirsə, bunun konkret müddəti olmalıdır. Bu müddətin qeyd olunmaması şübhə yaradır ki, burada söhbət təkcə humanitar atəşkəsdən yox, davamlı atəşkəsdən gedir. Yəni, ən azı Rusiyanın niyyəti odur ki, atəşkəs davam eləsin və texniki proses yekunlaşdıqdan sonra yenidən danışıqlar başlasın. Ki, bu məsələ də həmin anlaşmada qeyd olunub. Yəni, tərəflər ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə baza prinsiplərinin əsasında substantiv danışıqların aparılmasına razılaşır. Ona görə də mən bunu sırf humanitar atəşkəs kimi qiymətləndirə bilmərəm. Ən azından, Rusiyanın məqsədi atəşkəsi davamlı etməkdən ibarətdir.

 

Lakin anlaşma imzalandıqdan qısa müddət sonra biz bu anlaşmaya riayət edilməyini gördük. Ermənistan tərəfi itirdiyi strateji əhəmiyyətli mövqeləri ilk növbədə geri qaytarmağa çalışdı və qondarma “DQR”-in uydurma sərhədlərini bərpa etməyə cəhd etdi, hazırda da edir. Təbii ki, Azərbaycan Ordusunun bu hücumların qarşısını almağa və əks-həmlə ilə onlara cavab verməyə tam haqqı var və hal-hazırda da görünən odur ki, döyüşlər davam edir. Ermənistan tərəfi mövqelərini geri qaytarmağa, Azərbaycan Silahlı Qüvvələri isə onların hücumlarını dəf edib əks-həmlələr edir.

 

Bu, bizim üçün bir tərəfdən yaxşıdır ki, yeni ərazilər azad etmək imkanımız var. Lakin digər tərəfdən, müəyyən narahatlıq da yaradır. Çünki burada yenə də Rusiyanın hansısa niyyətinin olduğunu düşünürəm. Niyyət də ondan ibarət ola bilər ki, Rusiya bir neçə gündən sonra, tərəflərin atəşkəsə əməl etmədiyini, atəşkəsi kimi pozduğunu müəyyən edə bilmədiklərini, burada üçüncü tərəflərin maraqlı olduğunu, buna görə də atəşkəs rejimini möhkəmləndirmək üçün sülhməramlı qüvvələr yeritmək istədiyini desin. Yəni, ya Rusiyanın, ya da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələri yerləşdirilsin və atəşkəs rejiminə möhkəm təyinat yaradılsın. Güman edirəm ki, Rusiya belə bir təşəbbüslə çıxış edə bilər. Ona görə də atəşkəsin pozulmasının yeni ərazilər azad etməyimiz üçün yaxşı tərəfi olduğu kimi, siyasi diplomatik tərəfdən narahatlıq doğuran məqamları da var.

Balkanlarda Rusiya-Qərb savaşı həlledici mərhələyə qədəm qoyub” – ekspert

- Niyə məhz Rusiyanın, yaxud KTMT-nin ordusu? Axı, Ermənistan KTMT-nin üzvü olsa da, Azərbaycan KTMT-nin üzvü deyil. İstər, KTMT-nin ordusu, istərsə də Rusiyanın ordusu sülhməramlı kimi gəlsə, burada tərəfsizlik pozulacaq. Azərbaycan da tam neytral ölkələrin sülhməramlı qüvvələrinin gəlməsini istəyə bilər.

 

- Əslində, bu mərhələdə sülhməramlıların gəlməsi üçün bir hüquqi baza yoxdur. Əgər, söhbət baza prinsiplərindən, yaxud “Madrid prinsipləri”ndən gedirsə, orada sülhməramlı və təhlükəsizlik təminatı rayonların qaytarılmasından sonrakı mərhələdə nəzərdə tutulur. Yəni, birinci mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonlar Azərbaycana qaytarılır, ondan sonrakı mərhələdə isə Dağlıq Qarabağa müvəqqəti özünüidarəetmə statusu və təhlükəsizlik təminatı verilir və sülhməramlılar da bu mərhələdə gələ bilər. Eyni zamanda, Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsindən sonra onların gəlməsi öz əksini tapıb. Sülhməramlıların bu mərhələdə gəlməsi üçünsə həm Azərbaycanın, həm də Ermənistanın razılı tələb olunur. Aydındır ki, Ermənistan buna razılıq verəcək, amma Azərbaycanın razılığı olmadan bura hər hansı bir sülhməramlı, yaxud başqa bir qüvvə gələ bilməz.

 

- Belə görünür ki, hazırda Azərbaycan buna qarşı müqavimət göstərir...

 

- Düşünürəm ki, Rusiyanın döyüşlər başlayanda nisbətən tərəfsiz qalmasının, özünü bitərəf vasitəçi kimi aparmasının səbəblərindən biri də ondan ibarətdir ki, hansısa mərhələdə prosesə müdaxilə edib, hər iki tərəfə öz şərtlərini qəbul etdirə bilsin. Məsələn, Rusiya münaqişənin əvvəlindən açıq şəkildə Ermənistanı dəstəkləsəydi, o zaman Moskva görüşü heç baş tutmazdı, nəinki sülhməramlıların yerləşdirilməsi ilə bağlı danışıqlar. Ona görə də Rusiyanın özünü təmkinli və nisbətən tərəfsiz vasitəçi kimi aparmasının əsas səbələrindən biri də budur ki, hər iki tərəfə müəyyən mənada müdaxilə edib şərtlərini qəbul etdirə bilsin. Hər halda mən ümid ediərm ki, Azərbaycan rəhbərliyi hər hansı bir sülhməramlı qüvvənin buraya gəlməsini qəbul etməyəcək.

 

- Qeyd etdiyiniz kimi, Rusiya döyüşlər başlayan ilk günlərdə neytral mövqedə dayanırdı ki, bu da müşahidəçilərdə təəccüb doğururdu. Lakin Moskva görüşündən sonra Rusiya mətbuatı, telekanalları yenidən “tankları-topları” ilə Azərbaycan əleyhinə kampaniyaya başladı. Hətta, “Lavrovun dilindən başa düşməyən Azərbaycan Şoyqunn dilindən başa düşməyə məcbur olacaq” kimi hədələr səsləndirirlər ünvanımıza. Rus medasının müvəqqəti və qismən neytrallığının pozulmasına hansı amillər rəvac verdi?

 

- Kremlə yaxın medianın öz siyasi kursunu haradan aldığı məlumdur. Kremldə bu işə nəzarət edən xüsusi adamlar var ki, onlar həmin mətbuat orqanlarını yönləndirirlər. Bəzən isə siyasi kurs vermirlər və müstəqil fəaliyyət şəraiti yaradırlar. Təbii ki, siyasi kurs verəndə, Kremlin imzası dərhal hiss olunur. İlk günlərdə nisbətən bitərəf mövqe müşahidə olunsa da, sonrakı günlərdə, xüsusən də atəşkəs haqqında razılaşmadan sonra açıq şəkildə Rusiya dövlət mediası ermənipərəst mövqeyini ortaya qoydu. Görünür ki, Kremldən onlara belə kurs gəlib və onlara bu siyasət üçün ideoloji zəmin hazırlamaq tapşırılıb. Eyni zamanda, Rusiya mediasında ermənilərin təsirinin çox güclü olduğu da məlumdur. Elə Rusiya dövlət mediasının rəhbər şəxslərindən biri Marqarita Simonyan ermənidir, onun erməni həyat yoldaşı NTV-də veriliş aparır. Eyni zamanda, erməni olmayan, amma Rusiyanın imperialist maraqlarını müdafiə Kreml propoqandistləri də var ki, həmişə ermənipərəst mövqeləri ilə fərqləniblər. Bu baxımdan, düşünürəm ki, Kremldən kurs gəlməsə belə, bu insanlar əvvəl-axır öz mövqelərini ortaya qoymalıydılar və artıq qoyurlar.

 

- Söhbətimizin əvvəlində humanitar atəşkəsin müddətsizliyinə toxundunuz. Müddətsizlik məsələsi ilə bağlı suala Azərbaycanın Xairic İşlər naziri Ceyhun Bayramov belə cavab vermişdi ki, müddəti Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) müəyyən edəcək. Əvvəla, niyə BQXK müəyyən etməlidir? İkincisi, tutaq ki, BQXK hansısa səbəblər gətirərək, prosesi uzatdı. Onda nolacaq?

 

- Atəşkəsin müddətini BQXK-nın müəyyən etməsinin özü qeyri-müəyyəndir. Çünki Komitə siyasi məsələlərlə bağlı qərar verən təşkilat deyil, sırf humanitar təşkilatdır və döyüşlər dayananda, atəşkəs elan ediləndən sonra gəlib öz işini görür və çıxıb gedir. BQXK-nın atəşkəs rejiminin müddətinə, parametrinə aidiyyəti yoxdur.

 

- Əslində, münaqişə tərəfləri BQXK qarşısında müddət qoymalı deyillər ki, filan vaxtadək iş gör, bitir?

 

- Bəli. O baxımdan deyirəm ki, müddətin qoyulmaması bizim maraqlarımza ziddir. Çünki 3 gündən sonra da Rusiya deyə bilər ki, atəşkəsə razılaşmısınız, buna əməl etmək lazımdır. Halbuki müddət olsaydı, biz deyərdik ki, vaxt bitdi, ərazilərimizi azad etmək üçün yenidən əməliyyatları davam etmək haqqına sahibik. Amma müddətin olmaması Rusiyaya geniş manevr imkanları açır. Rusiya bir neçə gün sonra razılaşmanı göstərə bilər ki, atəşkəsə riayət etmək lazımdır. Rusiya bilərəkdən müddətin bəyanata daxil edilməsinə razılıq verməyib. Ola bilər ki, Azərbaycan tərəfi müddətin qoyulmasını təklif edib, amma Rusiya manevr imkanları əldə etmək üçün buna imkan verməyib.

 

- Mövqelərimizin və mülki yaşayış məntəqələrimizin düşmən tərəfindən bombalanması hazırda da davam edir. Bu, faktiki olaraq atəşkəsin olmadığını göstərirmi?

 

- Təbii ki, birgə bəyanat qəbul ediləndən bəri atəşkəs yoxdur. Yalnız döyüş zonalarının bəzi istiqamətlərində müəyyən qədər atəşkəsə əməl edilib, meyitləri götürüblər. O da heç bilinmədi ki, harada olub, kim götürüb. Üstəlik, Azərbaycanın arxa cəbhə şəhərlərinin, xüsusən də Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin raket zərbələrinə tuş gəlməsi çox böyük hərbi cinayətdir. Aydındır ki, erməni tərəfi burada müəyyən məqsədlər güdür. Məqsəd də bundan ibarətdir ki, Azərbaycanın daxilində xaos yaransın, kütləvi narazılıq başlasın və Azərbaycanda formalaşmış birlik pozulsun. Həmçinin, mümkün olarsa, Gəncə kimi böyük şəhərdən onminlərlə insanın köçünə zəmin yaransın ki, paytaxt Bakıda xaos artsın. Ona görə də mülki obyektləri, yaşayış binalarını məqsədyönlü şəkildə hədəfə alırlar. Buna heç bir şübhə yoxdur.

 

- Gəncənin bombalanmasından sonra, belə fikirlər yayılıb ki, əgər Gəncədə Türkiyə hərbi bazası olsaydı, ermənilər risk edib bu şəhərə raket ata bilməzdilər, bunu etsəydilər belə, Türkiyə hərbçiləri onlara çox sərt cavab verərdi. Ümumiyyətlə, Türkiyə hərbi bazasının Azərbaycanda olması zaman-zaman dəfələrlə təklif edilib. Nəzərə alaq ki, artıq Rusiyanın provokativ mediası Azərbaycanı hərbi dillə hədələyir. Bəs, Azərbaycanda Türkiyə hərbi bazasının yaradılmasına nə mane olur?

 

- Əslində, ciddi siyasi qərar və siyasi iradə tələb edən məsələdir. Əgər, Azərbaycanda Türkiyənin daimi hərbi mövcudiyyətinin təmin olunmasından söhbət gedirsə, bu, ciddi geopolitik qırılmaya səbəb ola bilər. Bu, o demək olacaq ki, Azərbaycanın bu günə qədər apardığı, daha doğrusu, Azərbaycanın qurduğu xarici siyasət konfiqurasiyasını Azərbaycan özü dağıdacaq və sıfırdan yeni və başqa bir siyasət konfiqurasiyası quracaq. Bu günə qədər Azərbaycanın xarici siyasət konfiqurasiyası bütün güc mərkəzləri ilə mümkün qədər yaxşı münasibət qurmaq, eyni məsafədə dayanmaq və heç birinə tərəf seçim etməməkdir. Türkiyə hərbi bazasıının yaradılması isə o demək olacaq ki, Azərbaycan bu siyasətdən tamamilə vaz keçir və artıq seçim edir. Hər nə qədər Türkiyə ilə Qərb arasında müəyyən soyuqluq müşahidə olunsa belə, Türkiyə NATO-nun üzvüdür, eyni zamanda Avropa İttifaqına (Aİ) namizəd ölkədir. Yəni, Türkiyə özünün avroatlantik inteqrasiyasından imtina etməyib və belə görünür ki, imtina etməyi də düşünümr. Çünki biz Türkiyə Prezidenti Ərdoğanın da bəyantlarından dəfələrlə eşitmişik ki, Türkiyənin strategiyası Aİ-yə inteqrasiyadan ibarətdir. Bu baxımdan da Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması, həm də o mənaya gələcək ki, Azərbaycanda NATO-nun hərbi infrastrukturu yaradılır. Bu isə Rusiya ilə münasibətlərdə ciddi krizisin başlamasına səbəb ola bilər. Məsələn, 2008-ci ildə Gürcüstan və Ukraynanın NATO-ya üzv olcağı ilə bağlı siyasi qərar verildi. O qərar verildikdən sonra Gürcüstana Rusiya hərbi müdaxilə etdi və orada yeni münaqişə ocağı yaratdı ki, Gürcüstanın NATO-ya inteqrasiyasını əngəlləsin. Çünki NATO, ərazisində qaynar münaqişə olan ölkələri öz sıralarına qəbul eləmir. O baxımdan da Rusiya o müdaxiləni etməklə, Gürcüstanın NATO-ya inteqrasiyasını ciddi şəkildə ləngitdi. Hələ də bəlli deyil ki, Gürcüstan NATO-ya nə vaxt üzv olacaq. Gürcüstan hal-hazırda NATO-nun əksər kriteriyalarını yerinə yetirib və NATO üzvlüyünə yaxındır. Amma yenə də bu məsələdə qeyri-müəyyənlik davam edir. Cənubi Osetiyadakı Rusiya qoşunları da tez-tez dayandıqları mövqedən irəliləyirlər. Çünki Qərbə ərazidə olduqlarını və münaqişəni alovlandıra biləcəklərini göstərirlər. Yəni Rusiyanın bu məsələdə kifayət qədər sərt və aqressiv mövqeyini biz bilirik. O baxımdan da Azərbaycanda Türkiyənin hərbi bazalarının yaradılması ilə bağlı qərarın qəbul edilməsi elə də sadə və asan məsələ deyil. O baxımdan da düşünürəm ki, Azərbaycan rəhbərliyi bunu istəsə belə, mümkün nəticələrini hesablayaraq ehtiyyatla hərəkət edir və etməyə də məcburdur.

 

- Son günlər mediada Ruisyanın mülki təyyarələrdə Ermənistana silah daşıdığı xəbərləri yer alır. Bundan əlavə, yuxarıda da qeyd etdiniz ki, Moskva bölgəyə sülhməramlı adı altında öz qoşunlarını yeritmək istəyir. Rəsmi Bakı Moskvanın şərtlərini sonadək qəbul etmədiyi halda, Rusiya daha açıq formada hərbi əməliyyatlara müdaxilə edə bilər?

 

- Birbaşa Rusiya ordusunun müdaxiləsini gözləmirəm. Amma Ermənistana daha konkret kömək edə bilərlər.

 

- Nə kimi?

 

- Ola bilər ki, Ermənistandakı Rusiya zabitləri Ermənistan ordusuna daha aktiv hərbi təyinatçı rolunda kömək eləsin. Hal-hazırda davam edən əməliyyatların planlaşdırılmasında ermənilərə kömək edə, yaxud da Ermənistan ordusunun Qarabağda hansısa hərbi texnikası çatışmırsa, onu kompensasiya edə bilərlər. Çünki biz bilirik ki, Ermənistandakı Rusiya bazasında kifayət qədər hərbi texnika mövcuddur. Bu hərbi texnikanı Ermənistana təqdim edə, eləcə də Ermənistana kəşfiyyat məlumatları verə bilərlər. Ki, daha dəqiq koordinatlar üzrə zərbələr endirsinlər. Yəni müxtəlif imkanları var ki, Rusiya ermənilərə kömək etsin və erməniləri hazırkı böhran vəziyyətindən çıxarsın.

 

- Maraqlıdır ki, ən müasir silahlardan, texnologiyalardan, hərbi texniki vasitələrdən istifadə olunsa da, bombardmançı təyyarələrdən istifadə olunmur. Bu, müharibənin lokal getməsi ilə əlaqədardır, yoxsa bombardmançı təyyarələrin havaya qalxmasının regional müharibəyə səbəb olma ehtimalından çəkinilir?

 

- Düzdür, hava döyüşünün başlaması və hərbi təyyarələrdən istifadə edilməsi şübhəsiz ki, müharibənin miqyasını böyüdə bilər. İkinci amil güman ki, coğrafi şəraitlə bağlıdır ki, təyyarələrin rahat manevr etmə imkanları geniş deyil. Eyni zamanda, tərəflər indiki mərhələdə aviasiyadan istifadə etməyə ehiyac duymur, ya da bir-birinin havadan müdafiə sistemlərindən çəkinirlər. Yaxud da, hərbi məqsədə uyğunluq baxımından buna gərək duymurlar. Amma Azərbaycan tərəfi dronlardan çox aktiv şəkildə istifadə edir. Bizdəki zərbə dronları çox ciddi şəkildə müharibədə rol oynayır və aviasiyaya olan ehtiyacı ciddi şəkildə azaldır. İndiyə qədər belə görünür ki, Azərbaycan Ordusu bu dronlardan kifayət qədər effektiv istifadə edir və irəliləmədə dronların endirdiyi zərbələrin çox böyük rolu var.

 

- Son olaraq, mövcud gedişatla bağlı proqnozlarınız nədən ibarətdir?

 

- Söhbətin əvvəlində qeyd etdiyim kimi, Rusiyanın bundan sonrakı mövqeyi və qərarları önəmli rol oynayacaq. Ortada Rusiyanın vasitəçiliyi ilə Moskvada əldə olunmuş bir razılaşma var və bu razılaşma hazırda həyata keçirilmir. Buna baxmayaraq, atəşkəsin pozulması ilə bağlı Rusiyadan ciddi reaksiya görməmişik. Yalnız Rusiyanın Xarici İşlər naziri Lavrovun Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinə yenidən zəng etməsini qeyd edə bilərik. Ola bilər ki, Rusiya gözləmə mövqeyi tutub ki, hansısa mərhələdə təkrar araya girib müdaxilə eləsin və sülhməramlı söhbətini ortaya atsın. Belə bir niyyəti yoxdursa, vasitəçiliyi ilə imzalanmış razılaşmaya riayət olunmamasından narahat olacaq. Çünki bu, bilavasitə Rusiyanın avtoritetinə ciddi zərbədir. Rusiya da buna səbr etmək istəməyəcək və atəşkəsi möhkəmləndirmək üçün təkrar addımlar atacaq.

Müəllif: Tural Talehoğlu