Azərbaycan erməni hərbçilərin meyitlərinin bir hissəsini təhvil verib

Aktual

29.10.2020 - 14:16

Hikmət Hacıyev: “Ermənistan tərəfindən bu məsələdə xoş niyyət göstərilmirdi”

 

Azərbaycan tərəfi Ermənistana 30 erməni əsgər və zabitin meyitini və iki yaşlı əsiri təhvil verib. AYNA xəbər verir ki, bu barədə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

 

H.Hacıyev qeyd edib ki, döyüş meydanında qalan 30-a yaxın erməni əsgər və zabitin, eyni zamanda, iki nəfər yaşlı erməni vətəndaşın Ermənistan tərəfə verilməsi istiqamətindən Prezident İlham Əliyev tərəfindən təşəbbüs irəli sürülüb: “Ermənistan tərəfindən bu məsələdə xoş niyyət göstərilmirdi. Rusiyanın Müdafiə Nazirliyinin humanitar təşəbbüsü dəstəkləməsi nəticəsində Ermənistan tərəfi Qazax-Tovuz istiqamətində humanitar koridorun açılmasına və nəticə etibarilə öz vətəndaşlarının və əsgərlərinin meyitlərinin qəbul edilməsinə razılıq verilib. Hazırda bu əməliyyat başa çatıb”.

 

“Rusiya Müdafiə Nazirliyinə, Beynəlxalaq Qızıl Xaç Komitəsinə və ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsinin ofisinə təşəkkürümüzü bildiririk. Bu, bir daha onu göstərir ki, Azərbaycanın beynəlxalq humanitar hüquqa sadiqliyini nümayiş etdirir”, - deyə H.Hacıyev qeyd edib.

Müəllif: Ayna.az