Beynəlxalq uçuşlar 85 faiz azalıb

Aktual

18.08.2020 - 14:58

2019-cu ilin iyununda Avropada 217 milyon sərnişinlə müqayisədə, bu il yalnız dörd milyon sərnişin var

 

Şirkətlər müştərilərini hava nəqliyyatında koronavirusa qarşı görülən tədbirlərin etibarlılığına inandırmağa çalışsalar da, məlumatlar uçuşların keçən ilə nisbətən 85 faiz azaldığından xəbər verir. Anketlər insanların hava səyahətlərinə getdikcə şübhə ilə yanaşdıqlarını açıq şəkildə göstərir.

 

AYNA “Baku” TV-yə istinadən xəbər verir ki, Avropadakı 500-dən çox hava limanında hava nəqliyyatı iyun ayında keçən ilin eyni dövrü ilə müqayisədə, 94 faiz azalıb.

 

2019-cu ilin iyununda Avropada 217 milyon sərnişinlə müqayisədə, bu il yalnız dörd milyon sərnişin var.

 

Hava yolu sənayesindən alınan məlumatlara görə, dünya miqyasında hava nəqliyyatı əvvəlki ilə görə ümumilikdə 85 faiz azalıb.

 

“Hava səfəri təhlükəsiz deyil”

 

ABŞ-da yerləşən İstehlak Hesabatları Təşkilatının iyun ayında mindən çox insanın iştirak etdiyi sorğuda respondentlərin 70 faizi hava səyahətinin təhlükəsiz olmadığını söyləyib. Digər bir araşdırma, sərnişinlərin ən böyük narahatlığının, yoluxmuş başqa bir sərnişinin yanında oturma ehtimalının olmasıdır.

 

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi bildirir ki, iki metrdən az məsafədə olan digər sərnişinlə yanaşı oturmaq, saatlarla davam edən səyahətlərdə COVID-19-a yoluxma riskini artıra bilər. Bununla yanaşı, mərkəzə görə, təyyarələrdə hava dövranı sistemi virusun yayılmasını çətinləşdirir.

 

Kredit reytinq agentliyi “Standard & Poor's” bu il hava nəqliyyatının 70 faiz azalması ilə birlikdə sektorun gözləntilərinin getdikcə daha da pisləşəcəyini bildirib.

Müəllif: Ayna.az