Vətən müharibəsinin yaratdığı yeni reallıq – <font color=red> Peşəkar ordu sisteminə keçid</font>

Aktual

04.12.2020 - 13:33

Hərbi ekspert: “Uşaq evlərindəki kimsəsiz uşaqları seçib, hərbi məktəblərə cəlb etmək olar”

 

İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu işğalda qalan torpaqlarımızı azad etdi. Silahlı Qüvvələrimizin intizamı, peşəkarlığı, eyni zamanda, müasir hərbi texnikanın tətbiqi ilə düşmən döyüş meydanında diz çökdü. Xüsusən də, ordumuzun Xüsusi Təyinatlı Qüvvələri (XTQ) döyüş meydanında peşəkarlıq, cəsarət göstərdi. Ən çətin döyüş əməliyyatını - Şuşa şəhərinin azad edilməsini demək olar ki, XTQ təkbaşına, həm də yüngül silahlarla bacardı.

 

Vətən müharibəsində təbii ki, digər qoşun növlərinin əməyini, xidmətini danmaq olmaz. Eyni zamanda, künüllülərdən ibarət dəstələr də müharibədə qələbə qazanılmasına töhfəsini verdi. Amma nəzərə almaq lazımdır ki, peşəkar ordu qüvvələrinin fəaliyyəti qələbənin əsas meyarı oldu. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan Ordusu bundan sonrakı mərhələdə daha peşəkar silahlı birləşmələrdən təşkil edilməlidir.

 

Zaman-zaman az sayda şəxsi heyətdən ibarət peşəkar, bacarıqlı qoşun növlərinin yaradılması təklifləri edilir. Yəni, yığcam heyət, amma güclü heyət amili - kəmiyyət yox, daha çox keyfiyyətə üstünlük verilməsi günün tələbidir.

 

Silahlı Qüvvələrimiz peşəkarlardan ibarət qoşun növlərindən təşkil edildiyi təqdirdə, 18 yaşlı uşaqların ön xəttə olmasına ehtiyac qalmaz. Bununla həm də müharibə dövründə itkilərin sayı minumuma enər.

 

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev Vətən müharibəsinin gedişatı zamanı keçirdiyi hərbi müşavirədə bildirmişdi ki, ordu quruculuğunda yeni meyarlara əsaslanmalı, bundan sonra modern üsullarla silahlı qüvvələrimiz inkişaf etdirilməlidir. Ölkə başçısı xalqa son müraciətində da bildirdi ki, Azərbaycan Ordusunun daha da gücləndirilməsi üçün addımlar atılacaq. Ekspertlər güman edirlər ki, peşəkar ordu dəstələrinin yaradılması da bu addımlar arasındadır.

 

Günün aktual məsələsi ilə bağlı AYNA-ya fikirlərini açıqlayan hərbi ekspert Rəşad Süleymanov deyib ki, 2000-ci illərin əvvəllərindən başlayaraq Azərbaycanda peşəkar ordu qurulması istiqamətində proses başladılıb: “Bu istiqamətdə hərbi hissələrdə tankçılar, artilleriyaçılar, texnika heyəti formalaşdırılıb. Həmin bu heyət üzvləri əsgərlərdən seçilirdi, müqavilə əsasında işə qəbul olunurdular. Paralel olaraq da, əsgəri heyət azaldılırdı. Amma sözügedən proses sürətli getmədi. İkinci Qarabağ müharibəsi, döyüşlər göstərdi ki, peşəkar orduya ehtiyac böyükdür”.

Azərbaycan Ermənistanı dəfələrlə qabaqlayır -

“Təbii ki, bizim ordumuz düşmən ordusundan dəfələrlə üstündür. Bunu hərbçilərimiz, əsgərimiz döyüş meydanında sübut etdilər. Amma etiraf etmək lazımdır ki, peşəkar ordunun olması zərurətdir. Yəni, 100 minlik şəxsi heyəti olan ordudan, yaxşı hazırlanmış, daha peşəkar əməliyyat aparan az sayda şəxsi heyətə malik qoşun növlərinin olması məqbuldur. Bunu XTQ-nin timsalında göstərmək olar. XTQ-də indi əsgər yoxdur, bu qüvvələr MAXE (müddətdən artıq xidmət edən) və zabitlərdən ibarətdir. Vətən müharibəsində XTQ yüksək döyüş qabiliyyətini və peşəkarlığını nümayiş etdirdi. Eləcə də, digər hərbi qurumlarda müqavilə əsasında xidmət aparan hərbçilərimiz peşəkarlıqlarını ortaya qoydular. Demək istədiyim odur ki, kəmiyyətə yox, keyfiyyətə üstünlük vermək lazımdır”, - həmsöhbətimiz bildirib.

 

O, başqa bir məqama da diqqət çəkib: “Burada bir nüans var ki, onu diqqətdən yayındırmaq olmaz. Bəziləri işsizlikdən orduda xidmətə meyl edirdilər. Buna diqqət yetirmək lazımdır. Seçiləndə, xidmətə qəbul olunanda həmin şəxsin fiziki və mənəvi keyfiyyətləri önəm daşımalıdır. Bacarıqlı, fiziki cəhətdən güclü və mənəvi bağı olan gənclərin orduda xidmətə cəlb edilməsi, daha çevik, mobil ordu formalaşdırılması məqsədəuyğundur. Onlara yüksək maaş verilməlidir. Amma dediyim kimi, mütləq peşəkar orduya götürülənlər hərtərəfli yoxlanılmalıdırlar. Çünki bir sıra hallarda müddətsiz xidmətə cəlb edilənlərlə bağlı yoxlanışlara səthi yanaşmalar sonradan ağır fəsadlar verib. Belə problem yaranmasına imkan vermək olmaz”.

 

R.Süleymanov maraq doğuran digər bir məqama - peşəkar qoşun növlərinə uşaq evlərindən fiziki cəhətdən yararlı uşaqların cəlb edilməsi məsələsinə də toxunub: “Xarici ölkələrin təcrübəsində bu hala rast gəlinir. Uşaq evlərindəki kimsəsiz uşaqlar, bəlli müddətdən sonra hərbi məktəbdə oxumağa cəlb edilirlər. Onların ata-anası artıq dövlət olur. Bunu Azərbaycanda etmək mümkündür. Bu gün Azərbaycan Dövlət Sərhəd Xidmətində (DSX) bu təcrübədən yararlanılır. DSX 5-ci sinifdən bu cür uşaqları məktəbə götürür, yetişdirir”.

 

“Məsələn, Naxçıvanski adına Hərbi Lisey yaş həddini bir qədər də azaldaraq, birləşmiş hərbi internat məktəbləri yarada bilər. Gələcək üçün həmin məktəbin məzunlarından peşəkar orduya hərbçi cəlb edilməsi mümkündür. Yəni, bu məsələdə müxtəlif yollar, yanaşmalar var. Yəqin ki, növbəti mərhələdə ölkə rəhbərliyi bu məsələləri nəzərdən keçirəcək”, - deyə ekspert əlavə edib.

 

Bununla yanaşı, müsahibimiz hesab edir ki, xidmətə müddətli çağırışçılarından imtina etmək olmaz: “Çağırışçılar, əsasən Sərhəd Qoşunlarına, Daxili Qoşunlara və digər təminat qoşunlarına cəlb edilməlidirlər, bu qoşun növlərində xidmət keçməlidirlər. Yaxud da, çağırışçılara 3-4 aylıq hərbi kurs keçib, sonra onları ehtiyyata göndərmək olar. Ümumi səfərbərlik zamanı da həmin şəxslər müharibəyə cəlb edilə bilərlər”.

 

Süleymanov çağırışçılardan imtinanın mümkün olmadığını belə əsaslandırıb: “Bizim yaşadığımız region elədir ki, burada tam sülhə heç vaxt təminat yoxdur. Çünki zaman-zaman Qafqazda konfliktlərin yaşanması özünü göstərib. Bundan sonra da gərgin konfliktlərin olmayacağına güman yoxdur. Ona görə də Qafqaz regionunun dövlətləri hərbi xidmətə ənənəvi çağırış üsulundan imtina edə bilməz”.

Müəllif: Anar Bayramoğlu