Şamil Tağıyev: “Rusiyada azərbaycanlılar ilə ermənilər arasında mini müharibələr təşkil etməyə ehtiyac yoxdur”
Rusiyadakı erməni diasporu Qarabağ münaqişəsini Rusiya ərazisinə keçirmək cəhdlərini davam etdirir. Belə ki, bir neçə gündür Moskvada “Rusiya Artsaxı müdafiə etməlidir, Artsax Rusiyanı müdafiə edir!” sözləri yazılmış stikerlər yapışdırılmağa başlanılıb.
“Moskvanın Azərbaycanlı İcması” regional ictimai təşkilatının rəhbəri Şamil Tağıyev AYNA-ya deyib ki, bir neçə gün əvvəl “Rusiya Artsaxı müdafiə etməlidir, Artsax Rusiyanı müdafiə edir!” sözləri yazılmış stikerlərin yaşayış binalarının və avtomobillərin həyətlərinə yapışdırıldığı barədə məlumat alıb: “Beləliklə, erməni diasporu Rusiya ictimaiyyətinə Rusiyanın onlara kömək etməli olduğunu çatdırmaq istəyir. Lakin Rusiya rəhbərliyi artıq bu məsələyə aydınlıq gətirib. Münaqişə Ermənistan ərazisində davam edərsə, Rusiya KTMT-dəki müttəfiqlik öhdəliklərini yerinə yetirməyə hazırdır. Amma müharibə Azərbaycan ərazisində gedir, Ermənistan isə döyüş meydanında məğlub olduğunu başa düşür. Ermənistan müharibələri dayandırmaq üçün yeganə şansını beynəlxalq ictimai rəyə təsir etməkdə görür”.
Təşkilat rəhbərinin sözlərinə görə, hazırda Rusiya media məkanında keçmişdəki kimi ermənipərəst fəaliyyətlər güclü deyil: “Görünür ki, Rusiyanın əsas ermənipərəst təbliğatçılarının bu prosesə müdaxilə etməsi və tərəf tutması qadağan edilib. Buna görə də erməni diasporu təxribat xarakterli stikerlər yaymaq kimi addımlar atır”.
“Bundan əvvəl erməni diasporunun fəalları orta və ali məktəblərdə təbliğat müraciətləri olan broşurlar paylamışdılar. Müharibə təzə başlayanda İrəvan Universiteti Rusiya universitetlərinə e-poçt göndərərək müharibədə Ermənistanı dəstəkləməyə çağırırdı. Azərbaycan diasporu bütün bu cəhdləri görür və təbii ki, bu barədə müvafiq qurumları məlumatlandırır. İnanıram ki, təxribatçı stikerlər yapışdıranlara qarşı tədbirlər görüləcək”, - Tağıyev bildirib.
Həmsöhbətimiz vurğulayıb ki, milliyyətindən asılı olmayaraq bütün Rusiya vətəndaşları Qarabağ münaqişəsinin Rusiya ərazisinə keçirilməsinə müqavimət göstərməlidirlər. “Müharibə Rusiya ərazisində getmir. Buna görə də, Moskva küçələrində azərbaycanlılar və ermənilər arasında mini müharibələr təşkil etməyə ehtiyac yoxdur. Və bu cür hərəkətlərlə ermənilər Rusiya ərazisində yeni millətlərarası qarşıdurma ocağının yaradılmasına səbəb olurlar”.