“Bu, insanlara zülmdür, karantin qaydalarını ləğv edin” – HƏKİM

Cəmiyyət

09.04.2022 - 08:34

“Maska tələbi aradan qaldırılacaq, buna görə də imkanları varkən ciblərini doldurmağa çalışırlar” kimi fikirlərə kim rəvac verir?

 “Omicron” ştammının yoluxuculuq qabiliyyəti yüksək olsa da, bu varianta yoluxanlarda ağırlaşma hallarının çox az müşahidə edilməsindən sonra bir sıra dünya ölkələrində COVID-19 tədbirlərində yumşalmalar başladı. 2022-ci ilin ilk aylarından karantin qaydalarında dəyişiklik edərək tələbləri azaltmağa, məhdudiyyətləri aradan qaldırmağa çalışan ölkələr kimi bizdə də mart ayında müəyyən yumşalmalara gedildi. Lakin bir sıra tələblər hələ də öz qüvvəsində qalır və tələbləri pozan şəxslərə pandemiyanın ilk vaxtlarındakı kimi cərimələr yazılır.

Müşahidələrimizə görə, metro stansiyalarında tibbi maskadan düzgün istifadə etməyən şəxslər davamlı olaraq cərimə olunurlar. Pandemiya ilə bağlı məhdudiyyət və tələblərə dair hazırda qüvvədə olan qaydalara görə, cəriməni yazan polis əməkdaşları haqlı, vətəndaş isə təbii ki, heç bir əsəslandırmasından asılı olmayaraq haqsızdır. Hətta vəziyyət o yerə çatıb ki, polisin bu canfəşanlığı bir çox hallarda vətəndaşlar tərəfindən ikrah hissi ilə qarşılanır, “maska tələbi aradan qaldırılacaq, buna görə imkanları varkən ciblərini doldurmağa çalışırlar” kimi fikirlər səsləndirilir.

Eyni zamanda, səyahət edənlərin də etiraz səslərini eşidirik. Səyahət etdikləri ölkələrin bir çoxunda PCR testi tələb edilmədiyi halda, ölkəyə - Azərbaycana geri dönüş edərkən 3 doza peyvəndləri olmasına baxmayaraq, səyahətçilər PCR testi vermək kimi məcburiyyətlə qarşılaşırlar. Bu da haqlı olaraq etiraza səbəb olur. Bildirilir ki, Azərbaycan özünün tətbiq etdiyi peyvəndi tanımır, vətəndaşını xərcə salmaq üçün əlindən gələni edir.

Farmakoloq-həkim Müşfiq Hüseynov Azərbaycanda və digər ölkələrdə mövcud epidemioloji vəziyyət və qaydalar barədə AYNA-ya danışarkən, keçən ilin son aylarından proqnozlaşdırıldığı kimi artıq pandemiyanın bitdiyini deyib: “Hələ oktyabr ayından təxmin etdiyimiz kimi, yanvar-fevral aylarında sonuncu dalğa oldu. Bu dalğa da martda sönməyə başladı və aprel ayının ilk həftəsində söndü. Məncə, bu iş bitib. Yaxın ölkələrdən heç birində nə tibbi maska, nə pasport məcburiyyəti var. Bu günlərdə səfərdə olduğum Qazaxstan, Özbəkistan, Qırğızıstan, hətta Türkiyə və Rusiyada belə, nəinki tibbi maska məcburiyyəti qaldı, heç qapalı məkanlarda da istifadə olunmur”.

Həkimin sözlərinə görə, Azərbaycan COVID-19 pandemiyası ilə uğurlu mübarizə aparıb və indiki halda heç bir epidemioloji təhlükədən söhbət gedə bilməz: “Azərbaycan bu işdə ən uğurlu mübarizə aparan ölkə oldu. Ciddi problemlərimiz olmadı, heç yerdə olmayan modul tiplu xüsusi xəstəxanalar tikildi. Amma daha buna son vermək lazımdır. Pandemiya ocağı sönüb. Hətta Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) belə, COVID-19 virusunun ölümcül təsirinin 43% azalması faktını qeyd etdi. Deməli, artıq “COVID-19 tarix oldu” deyə bilərik. Azərbaycanda həyat normal axarına düşməlidir. Özümüzü niyə aldadırıq? Qapalı məkanda belə, tibbi maska elə taxılır ki ağız-burun çöldədir. Bunun mənası nədir? Qarşıdan yay gəlir, maska taxmaq əziyyətə dönəcək”.

“O ki qaldı klassik mövsümi respirator xəstəliklərə, onlar insan yaşadıqca olacaq. Buna görə maska və pasport istəmək artıq başqa məqsəd daşıyır. Məncə, bu işi bitirmək lazımdır”, - deyə Hüseynov bildirib.

Azərbaycan Tibb Universitetinin (ATU) şöbə müdiri Aydın Əliyev də həmkarı ilə eyni fikirdədir. O, AYNA-ya açıqlamasında artıq pandemiyanın bitdiyini söyləyib: “Pandemiya o halda olur ki, günlük minlərlə yoluxma, ağırlaşma olsun. Bizdə son günlərdə yoluxma statistikasına nəzər saldıqda görürük ki, ortalama 40-50 yoluxma olur. Artıq qapalı məkanlarda və ictimai nəqliyyatda tibbi maska tələbini ləğv etmək lazımdır. Tibbi maska məsələsi biznesə çevrilib. Özüm xəstəxanada işləyirəm, artıq həftələrdir ki, qızdırma, COVID-19 əlamətləri ilə müraciət edən, ağciyərlərində COVID-19 pnevmaniyasına uyğun gələn xəstə görmürük”.

“Bu halda qapalı məkanlarda, ictimai nəqliyyatda insanları tibbi maskadan düzgün istifadə etmədiyinə görə cərimələmələri heç bir məntiqə sığmır. Hazırda ərzaq, qeyri-ərzaq məhsullarının qiyməti artıb. İnsanların bu cür çətin vəziyyətində tibbi maskadan istifadə etmədiyinə və ya düzgün istifadə etmədiyinə görə cərimələnməsi haqsızlıq, ədalətsizlik, insanlara zülm etməkdir. Mən dəfələrlə təklif vermişəm, yenə də deyirəm, təcili sürətdə qapalı məkanlarda və ictimai nəqliyyatda tibbi maska istifadəsi tələbi ləğv edilməlidir. Ən azından könüllü olmalıdır. Kim istəyirsə, istifadə edə bilər”, - deyə həkim fikrini davam etdirib.

Mütəxəssisin sözlərinə görə, tələb və məhdudiyyətlərin bu cür davam etməsi insanlarda inamsızlıq yaradır: “Bu tələblər, cərimələr insanlarda ikrah hissi yaradır. “Yalançının evi yandı, kimsə inanmadı” məsəli var. Sabah real təhlükə olarsa, o zaman müvafiq strukturlar insanları tədbir görməyə çağırarsa, insanlar inanmyacaqlar. Ona görə də bu cür haqsız tələblərə gərək yoxdur”.

“Hazırda ölkəmizdə epidemik durum təhlükəli deyil. Ümumiyyətlə, bütün karantin qaydalarını ləğv etməyin zamanı gəlib. Çünki milyonlarla insan peyvənd olunub, yüz minlərlə insan təbii yoluxub, sağalıb, immunitet yaranıb. Əhalimizdə kollektiv immunitet formalaşıb. Ona görə də bu lazımsız karantin qaydaları ləğv edilməlidir”, - deyə Əliyev fikrini tamamlayıb.

Səyahət yazarı Azər İsmayıl da öz növbəsində qeyd edib ki, hazırda əksər Avropa ölkələrində karantin qaydaları ilə bağlı bir çox tələblər aradan qaldırılıb: “Bir çox ölkədə kafe-restoranlarda vaksin pasportu tələbi yoxdur. Qapalı məkanlarda tibbi maska tələbi də aradan qaldırılır. Bizdə peyvənd oluna biləcək əhalinin böyük əksəriyyəti 3 doza peyvənd qəbul edib. Özüm şəxsən, 4 doza peyvənd vurdurmuşam. Amma yenə də xaricdən Azərbaycana gələndə PCR testi istəyirlər. Bu da birinci növbədə, büdcəmə ziyandır. Həmçinin əlavə vaxtımı alır, stress yaradır. Araşdırmalar isə onu göstərib ki, PCR testinin özü belə, yüz faiz dəqiq nəticə göstərmir. Hətta testlərin qarışıq düşməsi və ya yoluxmadığın halda pozitiv göstərmə ehtimalı belə, var”.

“Fakt odur ki, hazırkı vəziyyətdə virusun yoluxdurma dərəcəsi aşağı düşüb və yoluxanlar da çox yüngül keçirirlər. Buna görə də düşünürəm ki, Azərbaycana qayıdarkən PCR testi etdirmə tələbi ləğv edilməlidir. Ən azından peyvənd olunmuş şəxslərə belə tələb qoyulmamalıdır. Əgər hökumət mənim virusa yoluxub-yoluxmadığımı dəqiqləşdirmək istəyirsə, testi Bakı aeroportunda götürsünlər və ya Bakıya gəldikdən sonra 3 gün müddətində test vermək üçün zaman versinlər. Rusiyada belədir. Orada vətəndaşlar ölkəyə qayıtdıqdan sonra 3 gün ərzində xəstəxanada test verə bilirlər. Səyahət edənlərdən aeroportda antigen testləri götürmək olar, bu testlərin dəyəri 1-2 manatdır və 15 dəqiqəyə nəticəsi bilinir”, - deyə həmsöhbətimiz fikrini davam etdirib.

O, həmçinin qeyd edib ki, bu cür çətinliklər həm xaricə gedib-gələn azərbaycanlı səyahətçilər, həm də xaricdən gələnlər üçün böyük maneədir: “Azərbaycana gəlmək üçün həm peyvəndin olmalıdır, həm də PCR testi verməlisən. Türkiyədə PCR testi baha olmasa da, Avropada çox bahadır (50-60 avro). Nəzərə alaq ki, Avropadadaxili aviabiletlərin qiyməti heç bu qədər deyil, əksər hallarda daha ucuz olur. Bütün bunlar da turizmə, insanların səyahətinə mane olur”.

“Quru sərhədlərinin açılmaması da çətinliklər yaradır. Quru sərhədlərini açmayan 5-6 ölkə qalıb, onlardan biri də Azərbaycandır. İki ildir ki, bizdə quru sərhədləri bağlıdır. Lakin sərhədlərin açılması labüddür və bağlı saxlanılmasının heç bir məntiqi əsası yoxdur. Hazırda quru yolu ilə səyahət üçün Nazirlər Kabinetinə məktub yazmalısan, əsasların olmalıdır. Məktuba iki həftə ərzində cavab gəlir. Yəni şərtləri çox çətinləşdirirlər. Pandemiya başlayanda necə idi isə, indi də elə qalıb”, -Azər İsmayıl vurğulayıb.

Müəllif: Aləmdə Nəsib