Bir yəhudinin dili ilə erməni nağılları: biri vardı, biri yoxdu...

Siyasət

22.05.2023 - 14:07

Baş ravvindən gülünc, əsassız və “təkzibedilməz faktlar”

Erməni “Telegram” kanalları və nəşrləri Ermənistanın baş ravvini Gerşon Burşteynin İsrailin “Details” informasiya-analitik saytına verdiyi müsahibəni tirajlayır. Müsahibədə ravvin Ermənistanda, erməni cəmiyyətində antisemitizmin olmadığını gülünc şəkildə sübut etməyə çalışır. Arqumentlərlə dəstəklənməyən sözlər sadəcə olaraq erməni təbliğatının rəvayətlərinin davamı olaraq qalır. Burşteyn uğursuz müsahibəsində ifadə etdiyi əsassız fikrini təhrif olunmuş faktlarla ört-basdır etməyə çalışır, oxucuları bunun əksinə inandırmaq niyyətinə düşür.

Məsələn, iddia edir ki, Böyük Tiqran “müxtəlif mənbələrə görə, Ermənistana onlarla yaxşı rəftar edilən 30-300 min yəhudi gətirdi”. Əslində, banisi Kiçik Asiya skiflərinin Artaxi adlı lideri olan Artaksilər sülaləsinin varisi, Parfiya hökmdarı II Mitridat tərəfindən taxt-taca yüksəldilmiş Tiqran bir çox xalqların, o cümlədən yəhudilərin nümayəndələrini öz ərzisinə zorla köçürürdü. Müasir dildə bu proses deportasiya adlanır.

Bundan əlavə, intellektini nümayiş etdirmək qərarına gələn Burşteyn özü üçün əlverişsiz tarixi faktlardan qaçaraq, ermənilərlə yəhudilərin çoxlu ümumi cəhətlərin olduğunu iddia edir. Və onları sadalayır: abstrakt düşüncəyə meyl, acı yumor hissi, anadangəlmə demokratiya. Burada şərhlərə ehtiyat belə, yoxdur.

O, Ermənistanda heç vaxt antisemitizm təzahürü ilə qarşılaşmadığını iddia edir, baxmayaraq ki, etiraf edir ki, Ermənistanın ən qədim millətçi partiyası olan Daşnaksütyun yəhudiləri o qədər də sevmir.

Burada Burşteyn gərək ağ yalana əl atmazdı. Faktlar inadkar şeylərdir və onlar Ermənistanda antisemitizmin mövcudluğundan danışırlar. Belə ki, “Pew” Araşdırma Mərkəzinin 2015-2016-cı illərdə Mərkəzi və Şərqi Avropanın 18 ölkəsində apardığı sosioloji sorğunun nəticələrinə görə, bu dövlətlər arasında yəhudilərə qarşı ən dözümsüz olan Ermənistan sakinləri olub. Açıqlanan məlumatlara əsasən məlum olub ki, Ermənistan sakinlərinin 32%-i öz ölkəsinin vətəndaşları arasında yəhudiləri görmək istəmir. Bu, öyrənilən bütün ölkələr arasında antisemitizmin ən yüksək səviyyəsidir.

Avrasiya Yəhudi Konqresinin saytında yerləşdirilən “Ermənistanda antisemitizm (2002-2006)” adlı hesabatda qeyd olunur ki, digər məsələlərlə yanaşı, erməni-yəhudi münasibətlərinə alovlu daşnak general Dro (Nasist Almaniyası ilə əməkdaşlıq edən Drastamat Kanayan Ermənistanda erməni legionunun batalyonlarının komandiri) şöhrət qazanır.

“WikiLeaks.org” 2008-ci ildə ABŞ Dövlət Departamentinin sənədindən sitat gətirir və qeyd edir ki, erməni mətbuatı, müxalifəti, xüsusən də keçmiş Prezident Levon Ter-Petrosyanı qaralamaq üçün antisemitizmdən istifadə edib, çünki onun həyat yoldaşı yəhudidir.

Ermənistanda yəhudiləri də tez-tez “erməni soyqırımı”nda türklərə fəal kömək etməkdə ittiham edirlər. Məsələn, Ermənistan Xalq Partiyasının lideri, prezidentliyə namizəd (2008) Tiqran Karapetyan birbaşa bəyan edib ki, yəhudilər “erməni soyqırımı”nın təşkilində birbaşa iştirak ediblər. “Erməni-Ariy Ordeni” partiyasının sədri Armen Avetisyan isə 2005-ci ilin yanvarında ermənilərlə yəhudilər arasında etnik ədavəti qızışdırmaq cəhdlərinə görə həbs edilib, lakin şərti cəza ilə azad edilib.

2002-ci ilin fevralında İrəvan Yazıçılar Evində Romain Episkoposyanın erməni və rus dillərində nəşr olunmuş “Milli sistem” kitabının təqdimatı olub. Bu kitabda türklərdən “qatil millət”, yəhudilərdən isə “dağıdıcı millət” kimi bəhs edilir. “XX əsrin ən böyük saxtakarlığı” fəslində müəllif heç bir əsas olmadan “Holokostun mif olduğunu” bəyan edir.

Burşteyn özü müsahibəsində iddia edir ki, müəyyən mənada “erməni soyqırımı” Holokostun məşqi idi. “Soyqırıma qarşı ciddi beynəlxalq reaksiyanın olmaması nasistlərə sərbəstlik verdi. Bildiyimə görə, Göbbels yəhudi məsələsinin son həllini belə motivasiya etmişdi: “Erməniləri indi kim xatırlayır!” Birindən qaçırsansa, o birindən də qurtula bilərsən”, - deyə o, yenə ondarma bir fakta istinad edərək bəyan edir.

Əslində isə nəinki Göbbels, Üçüncü Reyxin heç bir nümayəndəsi belə bir söz deməyib. Bu barədə heç bir yazılı mənbə yoxdur.

Ermənistandakı yəhudilərin sayı ilə bağlı olduqca adi bir suala Burşteyn yayınaraq cavab verdi. Dedi ki, heç kim onları saymayıb və yəhudilərin sayılması ümumiyyətlə qəbul edilmir. Baxmayaraq ki, ötənilki “Tsimmes” nəşrinə müsahibəsində Burşteyn yəhudilərin sayından danışarkən, 100-200 rəqəmini səsləndirmişdi.

Ermənistanın baş ravvini müsahibəsində onu da bildirir ki, sovet dövründən əvvəl İrəvan vilayətində yəhudilər şəhər əhalisinin təxminən 17 faizini təşkil edirdi. “Siz qırğınlar və ya yəhudilərin buradan qovulması haqqında bircə dəfə də olsun söz tapa bilməzsiniz. Üstəlik, Ermənistanı vaxtilə azad yəhudilər ölkəsi adlandırırdılar: burada heç vaxt pis münasibət olmayıb, yəhudilər bütün böyük şəhərlərdə sərbəst yaşayırdılar. Hətta yəhudi ensiklopediyasında Ermənistanda antisemitizm faktları qeyd olunmur. Bu, yəhudilərin məhz ideoloji səbəblərə görə İsrailə köçdükləri azsaylı ölkələrdən biridir, lakin milli dözümsüzlük üzündən heç kim buranı tərk etməyib”, - Burşteyn deyir.

Bu ifadələrin ciddi korrektəyə ehtiyacı var. Orta əsrlərdə müasir Ermənistan ərazisində yaşayan yəhudilərdən heç vaxt bəhs edilməyib. 19-cu əsrdə Rusiya-İran müharibələrindən sonra yəhudi icması müasir Ermənistan ərazisinə Urmiya, Salmas və Xoydan köçüb. Bunlar əsasən kürd-yəhudi subetnik qrupunun nümayəndələri - Assuriya dilində danışan kürd yəhudiləri adlananlar idi.

Avropa yəhudiləri və ya Aşkenazi yəhudiləri Ermənistana kürd yəhudilərindən gec - 1840-1850-ci illərdə köçüblər. 1897-ci il siyahıyaalınmasına görə İrəvan quberniyasında 850 yəhudi yaşayırdı, 1914-cü il siyahıyaalınmasına görə isə onların sayı 352 nəfərə endirildi. Bu rəqəm İrəvan vilayətinin bütün əhalisinin bir faizini də təşkil etmir. Ona görə də Burşteynin “17 faiz”lə bağlı açıqlamaları göydən götürülüb.

Yeri gəlmişkən, bir əsr sonra, 1989-cu il siyahıyaalınmasına əsasən, Ermənistanda 676 nəfər yəhudi yaşayırdı. Verilən məlumatlardan da göründüyü kimi, bu ölkə heç vaxt yəhudilər arasında çox məşhur olmayıb. Məsələn, hazırda Azərbaycanda 30 minə yaxın, Gürcüstanda isə 2 minə qədər yəhudi yaşayır.

Sonda Ermənistanın baş ravvininə İrəvanda Holokost qurbanlarının xatirəsinə ucaldılmış abidənin dəfələrlə təhqir olunması faktlarını xatırlatmaq istərdim. Bunun səbəbi zahirdədir - erməni cəmiyyətində çılğın millətçilik hökm sürür.

1988-1989-cu illərdə azərbaycanlıların qovulduğu, sonradan Azərbaycana hərbi təcavüz edən, Azərbaycan ərazilərini 30 ildən artıq işğal altında saxlayan ölkədən başqa xalqlara qarşı tolerant münasibət gözləmək olmaz. Söhbət alman faşistlərinin şəriki, “kim Almaniya üçün ölürsə, Ermənistan üçün də ölür” deyən Qaregin Njdenin milli qəhrəman rütbəsinə qaldırıldığı ölkədən gedir.

İstənilən şəxsin fikri faktlara əsaslanmalıdır, əks halda ona qulaq asmaq və ya onunla hesablaşmaq üçün heç bir səbəb yoxdur. Burşteyn bu müsahbiəsi ilə yalnız bir təkzibedilməz faktı – boşboğaz olduğunu təsdiqlədi.

Müəllif: Asif Aydınlı