Azərbaycan və Qazaxıstan münasibətləri: əcdadlarımızın göstərişi, həyati zərurət

Aktual

11.04.2023 - 16:59

Dövlət başçılarının görüşü və imzaladıqları sənədlər, aldıqları qərarlar tarixdən gələn birgəliyimizi gələcəyə daha sıx bağlarla daşıyacaq

Azərbaycan Türkiyə ilə birlikdə türk birliyinin möhkəmlənməsi üçün həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də ikili və üçlü formatlarda çox fəal siyasət aparmaqdadır.

Prezident İlham Əliyevin Qazaxıstana səfəri, liderlərin yenidən bir araya gəlməsi də bu qəbildən olan çalışmalara daxildir. Səfər zamanı imzalanan bir neçə mühüm sənəd əməkdaşlığı dərinləşdirmək və genişləndirmək əzminin göstəricisidir.

Hər iki xalq soy, mədəniyyət, mənəvi dəyərlər, milli ənənələr və s. baxımından bir-birinə çox yaxındır. Prezident İlham Əliyevin qazaxlara xitabən “Azərbaycanda sizin qardaşlarınız yaşayır” deməsi də təsadüfi sayıla bilməz.

Görüşlərdə regional təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya istiqamətlərdə məsələlərin müzakirəsi, qərarların qəbul edilməsi, sənədlərin imzalanması iki qardaş dövləti, xalqı bir-birinə daha da yaxınlaşdıracaq, Xəzər, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda sağlam əməkdaşlıq, sülh və dinc qonşuluq prinsiplərinin inkişafına təkan olacaq.

Tərəflər arasında münasibətlər müttəfiqliyin yeni mərhələsinə, daha üst səviyyəsinə daxil olur. Strateji tərəfdaşlığın dərinləşdirilməsi və müttəfiqlik münasibətlərinin genişləndirilməsinə dair Bəyannamənin, 2022-2026-cı illər üçün əməkdaşlığın inkişafına dair kompleks proqram və bir sıra başqa sənədlərin imzalanmasını məmuniyyət hissi ilə izlədik. Hər iki dövlətin regional və qlobal mövzularda birgə mövqedən çıxış etməsi, bir-birini dəstəkləməsi, necə deyərlər problemlər barəsində saatlarını tutuşdurması, Türk Dövlətləri Təşkilatının inkişafı və güclənməsində göstərdiyi səylər də diqqətəlayiqdir.

Münasibətlərin daha da inkişafı, ortaya çıxa biləcək məsələlərin sürətli və effektiv həlli üçün Ali Dövlətlərarası Şuranın yaradılmasını qeyd etməmək olmaz. Belə bir Şuranın mövcudluğu yuxarıda da qeyd etdiyimiz kimi müttəfiqliyin daha üst məqamı kimi xarakterizə oluna bilər. Bu durumun isə dünyada az sayda qarşılaşa biləcəyimiz dövlətlərdə olması mümkündür.

Bu mərhələdə, torpaqlarını işağldan azad etmiş Azərbaycana quruculuq-bərpa işlərində verilən dəstək çox mühümdür. Qazaxıstan məhz belə məqamda işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikintisini həyata keçirməklə qardaşlığın ən gözəl örnəyini ortaya qoyur. Qədirbilən Azərbaycan xalqı qardaş Qazax xalqının bu hədiyyəsini heç zaman unutmayacaq.

Azərbaycan və Qazaxıstanın ticarət münasibətlərini, əmtəə dövriyyəsini 1 milyard dollara çatdırmaq barədə razılıq əldə etməsi iqtisadi sahədə əsaslı canlanma yaradacaq. Bununla yanaşı Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarının tam həcmdə səfərbər edilməsi, Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılması cəhdləri bu sahədə də potensialın tam şəkildə üzə çıxarılması demək olacaq. İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti, ticari-iqtisadi missiyalar, İşgüzar Şura, ticarət evləri - iqtisadi imkanları keyfiyyətcə yeni səviyyəyə çatdıracaq.

İki ölkə arasında münasibətlərin inkişafı prosesində mədəniyyət, təhsil, media kimi önəmli sahələr də diqqətdən kənarda qalmayıb. Bu platformalarda əməkdaşlığın inkişaf etdirilməsi, daha fəal əməkdaşlıq nəticələrinin əldə olunmasının vacibliyi müzakirə olunub və sənədlər imzalanıb.

Beləliklə bütün bu qeyd olunan faktları nəzərə alaraq iki ölkə arasında münasibətləri bir cümlə ilə xarakterizə etmək istəsək belə yaza bilərik: Əcdadlarımızın göstərişi, həyati zərurət. Dövlət başçılarının bu deviz altında görüşü və imzaladıqları sənədlər, aldıqları qərarlar tarixdən gələn birgəliyimizi gələcəyə daha sıx bağlarla daşıyacaq.

Mübariz Göyüşlü - Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

Müəllif: Ayna.az