Ermənistan: “Suriya terrorçularının cəsədlərini Araz bataqlıqlarında qabanlar yeyiblər”

Aktual

16.10.2020 - 15:08

Sən demə, buna görə Ermənistan ittihamlarına sübut tapa bilmir

 

Ermənistan Müdafiə Nazirliyi, nəhayət, “Terrorçuların Azərbaycan ordusu tərəfində döyüşlərdə iştirak etdiyinə sübut hanı?” sualına cavab verib. Bu barədə AYNA PressKlub-a istinadən bildirir.

 

“Azərbaycan hərbi qüvvələrində döyüşən terrorçular arasında itkilərin sayı barədə dəqiq danışa bilmərəm, amma belələri onlarla yox, yüzlərlədir”, – deyə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan bəyan edib. Bu barədə ArmenianReport saytı məlumat verib. Ovannisyan söyləyib ki, “Məhv edilmiş terrorçuların bir qisminin cəsədi Suriyaya çıxarılır, bir qismi, məsələn, Arazın bataqlıqlarında qalır və onları qabanlar yeyə bilərlər”.

 

Armeniasputnik.am saytının yazdığına görə isə, bir qədər əvvəl o əminliklə demişdi ki, Suriya muzdlularının meyitləri Araz çayı vadisində və Qarabağın cənubunda geniş yayılmış bu heyvanlara yem olur.

 

Qarabağda genişmiqyaslı əməliyyatların başladığı gündən Ermənistanın və bir sıra digər ölkələrin rəhbərləri bəyan edirlər ki, Azərbaycan Ordusunda Türkiyə tərəfindən münaqişə zonasına gətirilmiş Suriya terrorçuları döyüşürlər. Azərbaycan Prezidenti İlham Əliyev bu ittihamı qətiyyətlə rədd edir və heç olmasa bir sübutun ortaya qoyulmasını istəyir. Ancaq… vəhşi qabanlar Ermənistana sübut saxlamırmış.  

Müəllif: Ayna.az