İlham Əliyev: “Bu qələbə hərbçilərimizin qəhrəmanlığı hesabına qazanılıb”

Aktual

11.11.2020 - 16:53

Prezident: “O istehkamları yarıb keçmək, o müdafiə xətlərini dəf etmək çox böyük qəhrəmanlıq və hərbi peşəkarlıq tələb edirdi”

 

“Əziz hərbçilər, Vətən müharibəsi başa çatdı. Azərbaycan bu müharibədə parlaq qələbə qazandı, torpaqlarımız işğaldan azad olundu, işğalçıları torpaqlarımızdan qovmuşuq. Mən gəlmişəm ki, bu parlaq qələbə münasibətilə sizi şəxsən təbrik edim, sizə öz təşəkkürümü bildirim, Azərbaycan xalqının təşəkkürünü bildirim ki, siz qəhrəmancasına döyüşərək, düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərmisiniz, yaralanmısınız, öz həyatınızı risk altına atmısınız, böyük şücaət göstərmisiniz”.

 

AYNA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə səsləndirib.

 

İ.Əliyev qeyd edib ki, İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq: “Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan addımlar bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq. Mən xahiş edirəm ki, Vətən müharibəsində şəhid olmuş bizim bütün bacı-qardaşlarımızın xatirəsini yad edək, bir dəqiqə sükutla yad edək. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah sizə şəfa versin! Allah bütün yaralı əsgər və zabitlərimizə şəfa versin!”.

 

“Bu qələbə Azərbaycan tarixində əbədi qalacaqdır. Həm döyüş meydanında, həm danışıqlar masası arxasında biz istədiyimizə nail ola bildik. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini hərbi güc hesabına azad edə bilmişik. Bayrağımızı o torpaqlara sancmışıq, bayrağımızı dalğalandırmışıq. Bu gün bütün dünya gördü ki, Azərbaycanın gücü nədən ibarətdir. Həm siyasi sahədə, həm hərbi quruculuq sahəsində, hərbçilərimizin peşəkarlığı sayəsində biz müharibənin ilk günlərindən üstünlüyü əldə etdik və ardıcıllıqla bu son hədəfə qədər uğurla irəliləmişik”, - deyə Prezident bildirib.

 

Ölkə başçısı qeyd edib ki, döyüşlər şiddətli xarakter almışdı, düşmən müqavimət göstərirdi: “Bunu da hər kəs bilsin, bu 44 gün ərzində əldə edilmiş qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb. Düşmən işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmaq istəmirdi və siz - bu döyüşlərdə fəal iştirak edən insanlar yaxşı bilirsiniz ki, 30 il ərzində hansı istehkamlar qurmuşdular. O istehkamları yarıb keçmək, o müdafiə xətlərini dəf etmək çox böyük qəhrəmanlıq və hərbi peşəkarlıq tələb edirdi. Bir də ki, o bölgənin coğrafiyası özlüyündə bir istehkamdır. Şuşa alınmaz qala sayılan bir şəhərdir. Pənahəli xan o şəhəri elə salmışdır ki, Şuşa sakinlərini düşməndən maksimum dərəcədə mühafizə edə bilsin. Şuşanı bir neçə gün ərzində az itkilərlə və şəhərə böyük zərər vurmadan almaq böyük peşəkarlıq, rəşadət rəmzidir. Düşmən 30 il bu torpaqlarda hazırlıq işləri görüb. Bu hazırlıq işləri onu göstərir ki, öz xoşu ilə torpaqlarımızdan çıxmaq istəmirdi. Əgər istəsəydi, bu məsələlərə nə üçün bu qədər vəsait ayırırdı? Bu, onu göstərir ki, bütün bu dövr ərzində - 30 ilə yaxın dövr ərzində düşmən sadəcə olaraq bizi aldadırdı, vasitəçiləri aldadırdı ki, onlar bizim torpaqlarımızdan çıxacaqlar. Bu, yalan idi və döyüş meydanında mövcud olan mənzərə bunu təsdiqləyir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqların mənzərəsi onu göstərdi ki, bu düşmən Azərbaycan xalqına nifrət hissi ilə yaşayıb, əks təqdirdə, bütün binaların sökülməsinə nə ehtiyac var? İşğaldan azad edilmiş ərazilərimizin demək olar ki, 99 faizində bütün binalar dağıdılıbdır - yaşayış binaları, məktəblər, xəstəxanalar, ictimai binalar, tarixi abidələr, əcdadlarımızın qəbirləri, məscidlərimiz. İndi biz bu görüntüləri yayırıq, mətbuatda hər kəs bunu görə bilər. Bu, vəhşilikdir, vandallıqdır, bu, hərbi cinayətdir. Düşmən hərbi cinayət törədib və artıq göstəriş verilib ki, dəymiş ziyanın hesablanması, onun uçotu təmin edilsin. Artıq qruplar səfərbər edilib, beynəlxalq ekspertlər dəvət ediləcək. Beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların maddi və mənəvi ziyanı hesablanacaq və biz - həm insanlar fərdi qaydada, eyni zamanda, mütəşəkkil qaydada düşməni beynəlxalq məhkəmələrə verəcəyik, onlar təzminat ödəyəcəklər, öz çirkin əməllərinə cavab verəcəklər və cavab verirlər”.

Müəllif: Ayna.az