Müraciətin hazırlanması üçün xüsusi komissiya yaradılıb
Bu gün Milli Məclis növbəti plenar iclas keçirilib. AYNA xəbər verir ki, iclasın gündəliyinə bir məsələ daxil edilib - Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına Azərbaycan Respublikası Milli Məclisinin müraciəti haqqında.
Milli Məclisin spikeri Sahibə Qafarova deyib ki, bu gün Azərbaycan xalqı böyük qələbənin sevincini yaşayır: “İşğalçı Ermənistan təslim olmağa məcbur edilib. Təəssüf ki, müharibə itkisiz olmur. Biz də bu müharibədə şəhidlər verdik. Bu gün Azərbaycan bayrağı işğaldan azad olunan ərazilərimizdə dalğalanır. Biz əminik ki, Azərbaycan Prezidenti ermənilərin dağıtdığı ərazilərimizdə bərpa işlərini aparacaq və Qarabağ əhalisi öz ata yurdlarına geri qayıdacaq”.
“İşğaldan azad olunmuş ərazilərimizdə dağıdılmış bütün infrastruktur yenidən qurulacaq. Biz öz ərazi bütövlüyümüzü bərpa etdik. Bundan sonra heç kim bizi bu torpaqlardan çıxara bilməz. Biz bu qələbəni Ali Baş Komandana və Müzəffər Azərbaycan Ordusuna borcluyuq. Qarabağ Azərbaycandır!”, - deyə S.Qafarova qeyd edib.
Milli Məclis sədri bildirib ki, bizə demokratiya dərsi keçməyə çalışanlar əvvəl gərək güzgüdə özlərinə baxsınlar.
İclasda əslən Şuşadan olan Əsra Məmmədli çıxış edib. O bildirib ki, ailəsi artıq Şuşaya qayıdır: “Azərbaycan Ordusu bizim bayrağımızı artıq Şuşada dalğalandırır. Şuşa məscidində artıq azan səslənir, namaz qılınır. Mən sizin hər birinizi Şuşada, Qarabağda görmək istəyirəm. Çünki Qarabağ Azərbaycandır!”.
Spiker Ə.Məmmədliyə bildirib ki, onun bu çıxışı bütün Şuşa sakinlərinin fikirlərini ifadə edir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib ki, noyabrın 10-da ölkəmizin tarixində yeni bir səhifə açıldı: “Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Qardaş Türkiyə hər zaman olduğu kimi, Vətən Müharibəsi zamanında da yanımızda oldu. Bir millət, iki dövlət ifadəsi əbəs yerə deyilməyib. Dövlətlərimiz arasında olan qardaşlıq və dostluq münasibətləri bir daha bütün dünyaya nümayiş olundu”.
“Erməni qoşunları Qarabağda darmadağın oldu. Ali Baş Komandanın sərkərdəlik qabiliyyəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Bu qələbə Azərbaycan liderini dünya liderlərinin tarixdə ən yüksək səviyyədə olan liderlər siyahısına yüksəltdi”. Bu sözləri isə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
O bildirib ki, bu qələbə Azərbaycanın adını tarixə qızıl hərflərlə yazdı: “Bu qələbə Azərbaycan tarixinin qızıl səhifəsidir”.
Çıxışlardan sonra Milli Məclisdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına müraciətin hazırlanması üçün xüsusi komissiya yaradılıb. Komissiyanın sədri Əli Hüseynli, üzvləri isə deputatlar Nizami Cəfərov, Tural Gəncəliyev, Erkin Qədirli və Nigar Arpadaraidir.