Gürcüstandan Azərbaycana qarşı xoşagəlməz sürprizlər

Aktual

02.10.2020 - 13:23

Sanki Gürcüstanın özündə oxşar problem yoxdur və sanki Azərbaycan hər yerdə onun ərazi bütövlüyünü dəstəklədiyini bəyan etmir

 

Qarabağda döyüşlərin getdiyi vaxtda maraqlı xəbərlər qonşu Gürcüstandan gəlir. Xatırladaq ki, bu ölkə həm Azərbaycan, həm də Türkiyə üçün əhəmiyyətli iqtisadi və ticarət tərəfdaşdır. Ölkələri bir neçə strateji infrastruktur layihəsi - Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri birləşdirir. Bundan əlavə, ölkələrimiz arasında hərbi sahədə də əlaqələr çox güclüdür. 2019-cu ilin sentyabr ayında Türkiyə, Azərbaycan və Gürcüstan ordularının “Əbədiyyət-2019” adlı ortaq komanda-qərargah təlimləri keçirildi.

 

Həm də ölkələrimizin GUAM-a üzvlüyünü və eyni problemin - ərazilərinin bir hissəsinin işğalını da əlavə edirik. Bütün bunlar, göründüyü kimi, Gürcüstanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində tamamilə birmənalı mövqeyini nəzərdə tutur. Təəssüf ki, burada hər şey o qədər də sadə deyil. Xüsusilə, Gürcüstanın Baş Naziri Giorgi Qaxariya çox qəribə bir açıqlama verdi.

Georgi Qaxariya Azərbaycana gəlir | Xalq.Az Mobil versiya

“Azərbaycanla Ermənistan arasında növbəti hərbi qarşıdurma ciddi xarakter alır. Hər iki tərəfdə ciddi itkilər var. Təəssüf ki, hərbi əməliyyatların dayandırılması və dialoqun bərpası hələ mümkün deyil. Hamımız başa düşürük ki, vəziyyətin daha da gərginləşməsi bütün bölgənin təhlükəsizliyinə son dərəcə mənfi təsir göstərəcək”, - o dedi.

 

Qaxariya açıqlamada, həm də ATƏT-in Minsk Qrupu həmsədrlərini və beynəlxalq iştirakçıları eskalasiyaya son qoymaq və dialoqu bərpa etmək üçün mövcud imkanlardan maksimum dərəcədə istifadə etməyə çağırır. Sonra Gürcüstanın hər iki ölkə ilə - Azərbaycan və Ermənistanla yaxşı qonşuluq münasibətləri olduğunu xatırladır.

 

Gürcüstanın hökumət başçısı, həmçinin tarixən Gürcüstanda yaşayan Azərbaycan və erməni millətlərinin vətəndaşlarının bu bölgənin və eləcə də bütün bölgənin inkişafında və möhkəmlənməsində hər zaman mühüm rol oynadıqlarını vurğulayır. Onların Gürcüstanda dinc, yanaşı yaşamalarının gürcülərin, ermənilərin və azərbaycanlıların bütün Cənubi Qafqazı sülh və inkişaf zonasına çevirmə potensialına sahib olduqlarını nümayiş etdirən yaxşı bir nümunə olduğu xatırladır.

 

İndi isə ən vacib məqam! “Bölgədə tezliklə sülhün bərqərar olmasında maraqlıyıq. Gürcüstan dialoq aparmaq üçün Tbilisidə münaqişə tərəflərinin nümayəndələrinin görüşünü keçirmək də daxil olmaqla, hər cür şəkildə bu prosesə töhfə verməyə hazırdır”, - Qaxariya əlavə edib.

 

Onun açıqlamasında Azərbaycanın ərazi bütövlüyünə dəstək barədə bir kəlmə də danışılmır. Əslində, Gürcüstanın Baş Naziri açıqlamasında işğalçı ölkəni və işğal qurbanını eyni səviyyəyə qoyur. Sanki Gürcüstanın özündə oxşar bir problem yoxdur, sanki Azərbaycan hər yerdə Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etmir. Sanki Tbilisi hərbi əməliyyatların indi Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində getdiyini başa düşmür və bilmir ki, baş verənlər rəsmi İrəvanın sülh danışıqlarını pozmaq üçün qəsdən atdığı addımlar nəticəsində başlayıb.

 

Gürcüstan Parlamentinin Müdafiə və təhlükəsizlik komitəsinin sədri İrakli Sesiaşvili də, təxminən eyni ruhda danışıb. O, Gürcüstanın münaqişənin sülh yolu ilə həllini dəstəklədiyini və tərəfləri atəşkəsə çağırdığını bildirib: “Gürcüstan bu münaqişə ilə bağlı məlum səbəblərə görə bitərəf mövqedədir, çünki həm Azərbaycan, həm də Ermənistanla xüsusi mehriban qonşuluq münasibətlərimiz var”.

 

Gürcüstanın hazırkı Baş Naziri və parlament təmsilçisinin açıqlamaları Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin mövqeyi ilə kəskin şəkildə ziddiyyət təşkil edir. “Mənim mövqeyim çox aydındır - ərazi bütövlüyü prinsipinə əsaslanır. Yəni Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir. Və bu gerçəyi heç bir şey dəyişdirməyəcək”, - deyə Saakaşvili öz “Facebook” səhifəsində bəyan edib.

 

Bir ciddi məqam daha var. Mixail Saakaşvili prezidentliyi dövründə Cavaxetiyadakı erməni separatizmini sərt şəkildə boğurdu. İndi nə görürük? Ermənistan-Gürcüstan sərhədində iğtişaşlar başlayıb. JNEWS-un məlumatına görə, Gürcüstan-Ermənistan sərhəd keçid məntəqəsinə aparan yolda, təxminən 3000-5000 nəfər erməni toplaşıb. Nəticədə, səlahiyyətli şəxslərin icazəsi ilə humanitar yardımla yüklənmiş nəqliyyat vasitələri Gürcüstan-Ermənistan sərhədini keçə biliblər.

 

Bu fonda, “Helsinki Təşəbbüsü-92” Dağlıq Qarabağ Komitəsinin koordinatoru, sülh və insan haqlarının qorunması üçün beynəlxalq mükafatlar laureatı Karen Ohacanyan Cavaxetiya ermənilərini bölgəni ələ keçirməyə, eləcə də Azərbaycana qarşı terror aktlarına çağırdı. Bunu insan haqları müdafiəçisi deyir!

 

O, daha əvvəl də qalmaqallı anti-Azərbaycan açıqlamalar vermişdi. Hələ 2015-ci ildə Türkiyə və Avropa istehlakçılarını karbohidrogenlərlə təmin edən boru kəməri komponenti daxil olmaqla, Azərbaycanın bütün rabitə infrastrukturunun məhv edilməsinə çağırmışdı. Xatırladıram ki, bu borular, məhz Gürcüstanın ərazisindən, özü də ermənilərin sıx yaşadığı bölgələr də daxil olmaqla, keçir. Bütün bunlar – gürcü rəsmilərinin təəccüblü dərəcədə bitərəf mövqeyindən başlayaraq, Cavaxetiya ermənilərinin artan aqressivliyinə qədər - çox narahatedici düşüncələrə səbəb olur...

Müəllif: Əkbər Həsənov