Nazim Cəfərsoy: “Burada birinci məsələ ATƏT-in mövqeyi, ikinci məsələ Sinirlioğlunun şəxsi reaksiyasıdır”
Aprelin 20-də ATƏT-in Baş katibi, türkiyəli diplomat Firudin Sinirlioğlu Ermənistana səfər edib. Erməni mediasının məlumatına görə, səfər çərçivəsində Sinirlioğlu ölkənin Baş naziri Nikol Paşinyanla görüş keçirib. Görüşdə Ermənistan-ATƏT münasibətləri və Ermənistan-Azərbaycan danışıqlarının gələcəyi müzakirə olunub.
Türk diplomat Ermənistanın Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Ararat Mirzoyanla da görüşüb. Ermənistan XİN-in Mətbuat Xidmətindən bildirilib ki, tərəflər Ermənistanla Azərbaycan arasında sülh sazişi üzrə aparılan danışıqlar və Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması istiqamətindəki prosesləri müzakirə ediblər. Mirzoyan Azərbaycanla sülh sazişi mətninin razılaşdırılmasının bölgədə sabitliyin təmin olunması üçün önəmli mərhələ olduğunu bildirib.
Sinirlioğlunun İrəvana səfəri fonunda onun həm regiondakı sülh səylərinə, həm də ATƏT-in sonrakı fəaliyyət konturlarına dair mesajlar verdiyi bildirilir.
ATƏT rəsmisinin Ermənistana gəlişi ilə başlayan bölgə səfəri barədə AYNA.AZ-ın suallarını cavablandıran siyasi elmlər doktoru, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini Nazim Cəfərsoy deyib ki, adətən beynəlxal təşkilatların nümayəndələrin bölgəyə səfərlərində regional məsələlərə baxılır:
- Belə səfərlər çərçivəsində Azərbaycan, Ermənistan və Gürcüstan ziyarət edilir. Görünən odur ki, Sinirlioğlunun bölgəyə səfəri Ermənistandan başladı. Yəqin ki, türk diplomat Azərbaycana və Gürcüstana da təşrif buyuracaq.
Digər tərəfdən, Sinirlioğlunun İrəvandakı görüşləri bizi maraqlandıran iki məqamla diqqəti cəlb edir. Şübhəsiz ki, Ermənistanda keçirilən beynəlxalq səviyyəli hər görüş, müzakirələr, tədbirlər bizim üçün maraqlıdır. İki məqamdan birincisi ATƏT-in Baş katibi ilə Ermənistan XİN başçısının Minsk Qrupu ilə bağlı məsələni müzakirə etməsidir. Bu, bizim üşün çox önəmlidir. Çünki Azərbaycan tərəfi uzun müddətdir, haqlı olaraq Minsk Qrupunun de-yure ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət edilməsini tələb edir. Bakının ön şərtlərindən biri Minsk Qrupunun ləğvi məsələsidir. Görünən odur ki, Sinirlioğlu ilə Paşinyan və Mirzoyan arasındakı görüşlərdə sözügedən məsələyə dərindən baxılıb.
Hesab edirəm ki, Minsk Qrupunun ləğvi ilə bağlı Ermənistanın mövqeyində də dəyişiklik var. Azərbaycan tərəfi bu tələbi səsləndirən zaman Ermənistanın reaksiyası daha sərt idi. Sonra bu tələbin üzərindən İrəvan sükutla keçirdi. Amma son vaxtlar İrəvandan verilən bəyanatlarda Ermənistan bildirir ki, sülh sazişi imzalansın, sonra ATƏT-ə birgə müraciət edilsin.
- Hətta, Mirzoyan Antalya Diplomatiya Forumunda bildirdi ki, sülh sazişi ilə eyni gündə Minsk Qrupunun ləğvi ilə bağlı müraciət edə bilərik...
- Bəli, İrəvanın son vaxtlar mövqeyi bu yöndədir. Hətta, Paşinyan özü də parlamentdəki çıxışında eyni mövqeni səsləndirdi. Əlbəttə, məncə, son olaraq Ermənistan Azərbaycanın bu tələbini qəbul edəcək. Çox güman ki, Mirzoyan Sinirlioğlu ilə görüşündə bu mövqeyi Baş katibin diqqətinə çatdırıb, sülh sazişi ilə Minsk Qrupunun ləğvi barədə müraciətin eyni gündə imzalanması istəyini ortaya qoyub.
- Sizcə, ATƏT Baş katibinin İrəvanın bu mövqeyinə münasibəti necə olub?
- Burada iki məsələ var ki, birincisi ATƏT-in qurum olaraq mövqeyi məsələsidir. ATƏT bu məsələyə daha əvvəllər susqunluqla reaksiya verirdi. Amma son görüşdən belə anlaşılır ki, məsələni ATƏT qurum olaraq öz gündəliyinə salıb. İkinci məsələ Sinirlioğlunun şəxs olaraq reaksiyasıdır. Məlumdur ki, Sinirlioğlu türk kökənli diplomatdır. Türk diplomatın, Türkiyənin ümumi olaraq Cənubi Qafqazda oynadığı pozitiv rolu nəzərə almalıyıq. Hesab edirəm ki, fərdi baxımdan da Sinirlioğlu bu məsələdə maraqlıdır. O, həm də Türkiyə XİN-də əhəmiyyətli vəzifələrdə olub, bölgə ilə bağlı məsələlərdən xəbərdardır, mövzuya hakimdir.
Sinirlioğlu Cənubi Qafqazda real sülhün yaranmasında maraqlı şəxs kimi görünür. Ümumiyyətlə isə, türk diplomatın ATƏT-də önəmli postda oturması sülhlə bağlı, Minsk Qrupunun ləğvi ilə bağlı pozitivdir. Lakin Ermənistanın revanşist qüvvələri üçün bu, eyni zamanda, manipulyasiya səbəbi ola bilər. Sabah revanşistlər deyəcəklər ki, “Paşinyan türklərlə bərabər Azərbaycanın tələblərini həyata keçirir, Ermənistanı təslim edir” və s.
- Sinirlioğlunun regiona səfəri Minsk Qrupunun ləğvi prosesini sürətləndirə bilərmi?
- Məsələnin bir neçə hissəsi var: Azərbaycanla bağlı hissə, Ermənistanla bağlı hissə, həmsədrlərlə bağlı hissə və Minsk Qrupunun digər üzvləri ilə bağlı hissə nəzərdə tutulmalıdır. Sinirlioğlunun orada rəhbərlikdə təmsil olunması bizim üçün pozitivdir. Lakin unutmaq olmaz ki, ATƏT beynəlxalq təşkilatdır və orada müxtəlif qruplar var. O qrupların da hərəsinin öz mövqeyi mövcuddur. Bütün hallarda, türk diplomatın ATƏT-in Baş katibi olması gözləntiləri artırır. Baş katib bir fransız, yaxud yunan olsaydı, gözləntilərimiz daha az olacaqdı.