Rusiyanın Ukraynaya qarşı cinayətlərini araşdırmaq üçün xüsusi tribunalın yaradılması barədə qətnamə qəbul edilib
Avropa Parlamenti Rusiyanın Ukraynaya qarşı cinayətlərini araşdırmaq üçün xüsusi beynəlxalq tribunalın yaradılmasını tələb edən qətnamənin qəbuluna səs verib. AYNA xəbər verir ki, bu barədə Avropa Parlamentinin saytında məlumat yerləşdirilib.
“Avropa Parlamentinin üzvləri Rusiyanın siyasi və hərbi rəhbərliyinin Ukraynaya qarşı cinayətlərə və təcavüzə görə məsuliyyətə cəlb olunmasını tələb edir. Avropa Parlamentinin deputatları Avropa İttifaqının Ukrayna və beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq edərək, xüsusi beynəlxalq tribunal yaradılmasına çağırır”, - bəyanatda deyilir.
Eyni zamanda, qəbul edilmiş qətnamə icbari icraya məcbur etmir.
Qeyd edək ki, Avropa Komissiyası ötən il noyabrın 30-da Birləşmiş Millətlər Təşkilatının himayəsi altında Ukrayna üzrə xüsusi beynəlxalq məhkəmənin yaradılması təşəbbüsü ilə çıxış edib.