Muəllif:

Ləyaqətsizliyin ortağı

Ləyaqətsizliyi o eləmişdi, daha çox ailəsini söyürdülər. Şəkillərdə həyat yoldaşı çox məsum görünürdü. Bir az xoşbəxt ailə görüntüsü yaratmaq istəyi vardı, bir az da “hər şey əladır” mesajı. Amma onu dayanmadan söyürdülər. Ərindən daha çox söyürdülər…

Bizdə özünəməxsus təhqir ənənəsi var. Həyat yoldaşını söyməyi yox, yeddi arxa dönənin yada salınmasını görmüşük. Nə qədər oğullar atalarına görə hesab verməli oldu. Yaxşıdır, pisdir, bunu müzakirə etmək üçün yazmırıq. Hər halda, insan özünə cavabdeh olmalıdır. Amma insan təkcə danışdıqlarına görə yox, həm də susduqlarına görə məsuliyyət daşımalıdır axı. Sənin ömür-gün yoldaşı adlandırdığın adam hər cür vicdansızlığın altına imzasını qoyur, sən görürsən, susursan, hələ bir az da uzağa gedib onun qazandıqlarına şərik durursan. Xoşbəxt ailə görüntüsü yaratmağa çalışırsan. “Hər şey əladır” mesajı verirsən. Bu yerdə məsumluqdan əsər-əlamət qalmır, darmadağın olur…

Bu haqda çox danışılıb: heç bir qadın ləyaqətsizlik edən ərinə qarşı çıxmır. Bir dəfə görmədik ki, boşanma xəbərində arvadın ərin vicdansızlığına daha dözməyərək, ayrılmaq qərarı verdiyini oxuyaq. Əsas odur ki, evə böyük pullar gətirir, yaxşı geyinmək, yaxşı dolanmaq var. Necə gətirir, məsələyə heç dəxli yoxdur. Yanaşma təxminən belədir. Onda böyük kütlənin qəzəbinə gələndə də bu günləri unutmaq lazım deyil.

Əlbəttə, kütləvi təhqir, ümumiyyətlə, təhqir doğru deyil. Amma həm də müəyyən məntiqə söykənir. Ziddiyyət olduğu qədər də qanunauyğunluq var. Susduqlarına görə cavab verməli olursan…

Şəhriyar Məmmədyarov Azərbaycan şahmat tarixinin ən güclü şahmatçısıdır. Bizim fikir deyil, indiyə qədər göstərdiyi böyük nəticələr, uğurlar, yüksək reytinq balları belə deməyə əsas verir. Şəhriyar dünya tacı uğrunda oyunlara vəsiqə qazanmağa ən yaxın şahmatçımız olub. Keçən il az qalmışdı ki, iddiaçıların yarışında birinci yeri tutsun, norveçli Maqnus Karlsenlə final duelində iştirak hüququ qazansın. Karlsen elə-belə rəqib deyil, 2013-cü ildən bəri dünyanın ən güclüsü adını heç kimə vermir. Dünya şahmat tarixində cəmi 16 idmançı bu ada layiq görülüb, biri də Şəhriyarın norveçli rəqibi.

Yəqin anladınız, Karlsenlə oyunlar Məmmədyarov üçün nə deməkdir. İndi təsəvvür edin, Maqnus Şəhriyarla oyuna gecikir, bizim şahmatçı isə bu vaxt itkisindən istifadə eləmək əvəzinə ona güzəştə gedir. Nə güzəşt, Şəhriyar hətta öz vaxtını israf edir. Uydurmadıq, olmuş hadisədir. Bir neçə gün əvvəl Karlsen beynəlxalq yarış çərçivəsində Məmmədyarovla oyuna təxminən 13 dəqiqə gecikib. Qaydalara görə, bu, gecikən şahmatçı üçün vaxt itkisi sayılır və dəqiqə hesabında nəzərə alınır. Yəni istər-istəməz məğlubiyyət mühiti yaranır. Vaxtın yetişməyəcək, uduzacaqsan. Amma Şəhriyar ləyaqətli davranmaq qərarına gəlir, nəinki onun vaxtından istifadə etmir, hətta həmin itkini öz balansı hesabına sığortalayır. Halbuki onu heç kim qınamayacqdı. Bunun adı həm də ləyaqət aktıdır. Oyunun nəticəsini demək mənasızdır. Həmin gün istənilən halda Şəhriyar qalib gəlmişdi…

Cənubi afrikalı yazıçı Con Maksvell Kutzeenin Buker mükafatına layiq görülmüş bir əsəri var, “Rüsvayçılıq” adlanır. Paytaxt Keyptaunda universitet müəllimi olan Devid Luri qaradərili tələbəsinə meyl salır, dəfələrlə onunla intim yaxınlığa cəhd edir. Tezliklə Melaninin iztirablarından hamı xəbər tutur. Professor rüsvay olur. Onu universitetdən qovurlar. Arzuları, işi, normal həyat ritmi məhv olur. Luri Keyptaunu tərk etmək məcburiyyətinqə qalır. Ucqar kənddə yaşayan qızının yanına köçür. Amma rüsvayçılıq da onun arxasınca gəlir. Günlərin birində bir qrup qaradərili yeniyetmə onların evinə hücum edib qızını zorlayır. Onlara mane olmağa çalışan atanı isə ölümcül hala salırlar. Daha bir rüsvayçılıq isə qızının onu zorlayanları bağışlamaq istəyidir. Devidə burada da yer yoxdur, ləyaqətsizlik onu hər yerdə izləyir…

Biz bəzən nə əkiriksə, onu da biçirik…

Karlsen keçən ilin iyununda Məmmədyarovu Sergey Karyakinlə matçda bilərəkdən heç-heçə oynamaqda ittiham etmişdi. Bizim şahmatçı onda uzun danışmamışdı, özünü müdafiə eləməmişdi, sadəcə, Maqnusa ədalət nümunəsi göstərəcəyi günü gözləmişdi…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (5 оценок, среднее: 9,40 из 10)
Oxunma sayı: 269