Muəllif:

SƏTİRALTI REALLIQLAR ÖLKƏSİ…

Bəzən adi bir fikri çatdırmaq üçün də lap uzaqlardan başlamaq lazım gəlir. Səbrsiz oxucu isə bunu sevmir, ilk iki-üç cümləni oxuyub yazını qapayır.

Amma düşünürük ki, oxucu da bəzi reallıqları nəzərə almalıdır – “ictimai jurnalistika”dakı çılpaqlığı ənənəvi jurnalistikada axtarmaq və sonuncunu da “ictimai jurnalistika” səmtinə yönəltmək lazım deyil -bunu nəinki mövcud siyasi-ictimai reallıqlar, hətta sənət kimi jurnalistikanın özü də qəbul etmir.

Həmişə demişik ki, söz daş deyil, atıb kiminsə başını yarasan, o, sadəcə, bir işarə, mənadır və ən çox da ariflər üçündür.

Təbii, reallıqlar da diqtəsini edir. Əsrlər boyu qoca Şərqdə həmin reallıqlar dəyişməyib, ona görə də sözün üstündə az qala, zərgər dəqiqliyilə işləyiblər. Sonrakı dövlərə gəldikdə, daha çox son iki əsrdə formalaşan ictimai-siyasi publisistika da bunun üçündür — bəli, publisist indi tez-tez səslənən “xəbər jurnalisti” deyil, o, daha çox xəbərə, bəzən hətta hamıya bəlli olan bir xəbərə məna verən və ona məzmun aşılayan kəsdir.

Düşünürük ki, bu kiçik giriş daim istifadə etdiyimiz üslubumuza daha bir bəraət olacaq. Ona görə də elə bu yazını da belə səpkidə başlayacağıq — “uzaq”lardan başlayıb sonda mətləb üstünə gələcəyik…

Qərəz, böyük Platon deyirdi ki, həyat oyundur və mənim bu adamla mübahisə açmağımın heç bir yeri yoxdur — özümün filosof olmamağım bir tərəfə, bir dəfə onun haqqında oxuduğum bir cümlə hətta peşəkarları da belə cəhdlərdən çəkindirmək iqtidarındadır.

Həmin cümlədə deyilirdi ki, bütün Qərb fəlsəfəsi Platona yazılmış kommentariyalardır. İndi bundan sonra gəl, Platonla mübahisə aç, görüm, necə açırsan! Bu səbəbdən də bir daha deyirəm ki, belə niyyətim yoxdur, salamatı, intellektual və fiziki mükəmməlliyin təcəssümü olan bu adamın fikrini qeyd-şərtsiz qəbul etməkdir.

Həm də cəmi insanların yalnız qocalıqda azacıq anlamağa başladığı həyat haqqında polemika açmaq da mənə yaraşmaz, çünki hələ dəqiq bilmirəm ki, bu, nədir — əbədi yoxluq ərəfəsindəki kiçik mövcudluq və necə deyər, nəhayətsiz qaranlığa bir pəncərə, yoxsa ki, daha mükəmməl və möhtəşəm mövcudluq ərəfəsində sınaq intervalı?

Ona görə də “oyun söhbəti” məni dar çərçivədə — yalnız siyasət anlamında maraqlandırır. Bəli, hamı etiraf edir ki, siyasətdə bir azacıq oyun, bir azca artistlik, bir az da biznes elementləri var.

Ölkədən asılı olaraq bu amillərin nisbəti dəyişir. Amma yenə də hamı etiraf edir ki, bu siyasət deyilən fenomen son nəticədə nə artistlikdir, nə də biznes və bunun öz qanunları var. Fəqət, ölkələr olur ki, ona yalnız və yalnız artistlik və biznes prizmasından baxırlar, axırda da bunun bədəlini hamı ödəməli olur — siyasətçilər əməllərinə, cəmiyyətlər isə bu əməllərə dözdüklərinə görə…

Biznes məsələsini də bəri başdan bir tərəfə qoyuram, çünki onun bizim gerçəklikdəki dərinliyinə varsam, gərək, çox məsələləri çək-çevir edəm — bunun isə elə nəticələri ola bilər ki, nəinki özüm, hətta çevrəm bundan əməlli-başlı ziyan çəkər.

Ona görə də sırf artistlik üstündə dayanmaq istəyirəm və elə bəricə başdan deyirəm ki, siyasət artistlik olsa da, onda teatral-kinematoqrafik elementlər sezilsə də, hər halda, təlxəklik də deyildir.

Bilirəm, səbrsiz oxucu hələ də intizarındadır ki, bu adam niyə bizi bu qədər yorur, niyə sözünün mübtədasını demir axı? İndicə deyəcəm, tələsməyin. Düşünürəm ki, hamı olmasa da, siyasətə marağını hələki tamam itirməyən insanlar televiziya ilə göstərilən seçki debatlarını hər halda, seyrək də olsa, izləyirdilər.

Demirəm ki, oradakı yeddi namizəd tamam faydasız işlə məşğul idi. Yox, sözü olan kəs kiçik imkandan belə yararlanmalıdır ki, heç olmasa, cəmiyyətə nəsə çatdıra bilsin. Həm də duyulanı budur ki, həmin o yeddi nəfərin hamısı olmasa da, hər halda, yarısı nədənsə narahatdır və debatlar həmin narahatlığı bölüşmək üçün də bir fürsətdir. Qərəz, ümumi halda çox faydalı işdir bu…

Amma bir də görürsən ki, biri qayıdır ki, prezident seçiləcəm və filan işləri görəcəm, digəri buyurur ki, prezident seçilərəmsə, bunları edərəm!

Tamaşaçı-seçici də gözəl bilir ki, bunların heç biri olmayacaq, çünki həmin adamlar ən demokratik seçkilərdə belə prezident seçilə bilməzlər. Elə özləri də ürəklərində yaxşı anlayırlar ki, bura prezident seçilməkçün çıxmayıblar.
Ona görə də bəndənizə bircə tövsiyyəni xatırlatmaq qalır: siyasət artistlik olsa da, hər halda, təlxəklik deyildir. Qoy, məndən bizim sirk ustalarımız inciməsinlər ki, guya onların sənətini ucuz tuturam — qəti belə deyil, sadəcə, belə deyim var.

Yadıma bir detal da düşür. Əbülfəz bəy (eks-prezident Ə.Elçibəyi nəzərdə tuturam) bizə hərdən deyərdi ki, darıxmayın, narahat olmayın, özünüz hakimiyyətə gəlməsəniz də, başqa hakimiyyətə şərik olacaqsınız.

Xeyli vaxtdan sonra bəzi məqamları düşünəndə özüm də görürəm ki, o, qismən haqlı çıxdı — ən azı bir regionun timsalında sözləri çin oldu.

Seçki debatlarına baxanda, indiyədək eşitdiyim və bildiyim başqa faktları da yadıma salanda özüm də görürəm ki, bir regionun çəbhəçilərinin (keçmiş AXC üzvlərini və fəallarını nəzərdə tuturam!) hamısı olmasa da, fərasətli hissəsi həqiqətən də hakimiyyətə şərikdir.

Bunu paxıllıq və yaxud da qısqanclıq kimi qəbul etməyin, onların əvəzinə biz də sevinirik, biz də şadıq ki, keçmiş “silahdaşlar”ımız sosial -psixoloji izolyasiyadan çıxa bildilər, bir az gec olsa da, cəmiyyətdə öz yerlərini tapa bildilər.

Sadəcə, məsələnin ağrılı, həm də düşündürücü tərəfi budur ki, yenə də hamı ilə olmasa da, bir çoxları ilə bağlı bizim o vaxtki şübhələrimiz düz çıxdı, çünki onda bir çoxunun siyasi “trayektoriya”sını izləyəndə tamam çaş-baş qalırdıq, ona görə ki, izlər çox uzaqlara aparır və adamı əməlli-başlı çaşdırırdı. Amma onda da deyirdik ki, qaranlıqlar işıqlanacaq bir gün və çox mətləblərə aydınlıq gələcək. Elə də oldu və biz indi kirimişcə, çox böyük maraqla bunun daha bir əyani təzahürünü seyr edirik.

Bəlkə də həmin adamların bəzisi onları seyr etməyimizdən tamam xəbərsizdir; düşünürlər ki, daha kimsə “kimin kim olduğu”nun fərqində deyil və bunu bilmir, çünki artıq hamımız bataqlıq əhliyik…

Yox, bilirik. Özü də çoxdan bilirdik, sadəcə, indi növbəti təsdiqini görürük bunun. Ona görə də əvvəldə dediyimiz məşhur kəlamı bir daha yada salmaq istərdik: siyasət artistlik olsa da, hər halda, təlxəklik deyil…

Həm də bir sual az qala, ürəklərimizi deşir. Həmin adamlar illər öncə deyirdi ki, Azərbaycan dərhal nəinki Ermənistana hücum edib Qarabağı, hətta İranın altını üstünə çevirib Cənubi Azərbaycanı qaytarmalıdır! İndi isə qəti belə demirlər.

Bəli, məlum olur, Qarabağı qaytarmaq yolunda çox çətin geosiyasi maneələr var. Cənubi Azərbaycan məsələsinə gəldikdə isə, aydın olur ki, demə, nəinki Şimali Azərbaycanın, hətta Cənubi Azərbaycanın da siyasi tarixində heç yerli-dibli belə məsələ olmayıb!..

Nə demək olardı bu xüsusdaca? Heç nə! Bərəkallah, afərin, bəylər! Amma bir sual var ki, onu da gərəkdir, soruşam: nə yaman konstruktiv siyasətçilər olmusunuz, bəylər? Bəlkə bunun üsulunu, yolunu bir bizə də öyrədəsiniz? Sizinlə bir regiondan olmasaq da, hər halda, eyni ölkədənik və vəzifə olmasa da, bizim də könlümüzdən çörək yemək keçir axı!..

Nə isə, burada, həm də sətiraltı reallıqlar ölkəsində öz “sətiraltı mətləblər”imi bitirirəm. Göydən üç alma-filan da düşməyəcək, çünki daha nağıllarda da havayı alma olmur…

Bir də demək istəyirəm ki, ay sağolmuşlar, şükr edək ki, göydən başımıza daş-kəsək düşmür hələ, siz alma hayındasanız! Bunu birbaşa, lap sətirüsütü mənada sizlərə ərz edirəm ki, işinizi biləsiniz…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (3 оценок, среднее: 4,00 из 10)
Oxunma sayı: 652