Muəllif:

Rus müharibəni təkbaşınamı udub?

İnsanlar da dövlətlər kimidir. Hər ikisinin bayramları, əziz günləri olur.

Biz görmüşük insanın ən böyük şəxsi bayramı doğulduğu gün, evliliyinin ildönümü günü, övladının doğulduğu gün, uzaqbaşı, hökumətdən ev aldığı gün ola bilər. Amma kiminsə qonşunu döyüb-əzişdirdiyi günü (lap o qonşu sənin evinə basqın edibsə də) özünün şəxsi bayramı sayması aşkar anomaliyadır.
İnsanlar da dövlətlər kimidir…və 9 may ərəfəsində Rusiyanın bütün dövlət telekanalları gecə və gündüz 9 mayı ölkənin ən böyük bayramı kimi təqdim edirlər.

Putin Rusiyasında bu gün ən “xodovoy” gündəlik tələbat malı “təki müharibə olmasındır”.
XVIII əsr ingilis yazıçısı Samuel Consonun məşhur bir kəlamı var: “Vətənpərvərlik əclafların sonuncu sığınacağıdır”. Dünyada avtoritarlıqdan daha böyük bir əclaflıq təsəvvür etmək çətindir.

Bir ara Putin öz nitqlərində tez-tez ana yurdunun ana söyüşlərini işlədər və “lotu oğlan” təsiri bağışlamaq istərdi…Onun ardınca Sergey Lavrov da başda olmaqla bütün Rusiya nazirləri “tərbiyəsiz oğlanlar” kimi danışmağa başladılar.
Putin indi bütün söyüşləri tərgidib (yəqin ona görə ki, söyüşləri düşmənin dilinə ləzzətli bir şəkildə tərcümə etmək olmur) və tarix-ədəbiyyat aləminə baş vurub.

Bu günlərdə onun ardınca bütün Rusiya telekanalları bağırırlar ki, “biz İkinci Dünya Müharibəsi tarixinin saxtalaşdırılmasına yol vermərik”.
Bu tarixin isə müasir Rusiya siyasətindəki məğzi bundan ibarətdir ki, müharibəni rus xalqı təkbaşına qazanıb və ABŞ və Britaniya sözdə müttəfiq olsalar da, əclaflıqla məşğul olublar.

Londonda kiçik bir abidə

Əslində məqaləni yazmağıma təkan verən bunlar yox, tamam başqa bir şey olub.

Bu yaxınlarda yolum Londonun ətrafındakı balaca Enfild qəsəbəsinə düşmüşdü.

Burada, o qədər də mərkəz sayılmayacaq bir parkda kiçik bir abidə gördüm. Qara mərmərin üstündə — “1941-1945-ci illərdə Arktika kampaniyası zamanı Rusiyaya yük karvanlarını müşayiət edərkən həyatlarını qurban vermiş ingilis kişi və qadınların xatirəsinə” yazılmışdı.

Evə qayıdan kimi imkanım olan bütün mənbələrə baş vurdum. Bu “Arktika kampaniyası” nə olan şeydir görəsən? Əgər bu vaxta qədər İkinci Dünya Müharibəsində əsas əzab və qəhramanlığın rus xalqı üzərinə düşdüyünə, ümumən inanırdımsa, kiçik bir araşdırma mənim bütün biliklərimi alt-üst etdi.
Heç demə bu kampaniya zamanı 1400 yük gəmisi (Britaniya, Kanada, ABŞ) Sovet İttifaqına gündəlik tələbat malları və silah-sursat daşıyırmış. Bu əməliyyatların gedişində 85 yük gəmisi, 16 hərbi gəmi almanlar tərəfindən batırılıb. Elə almanlar da az itki verməyiblər. 30 sualtı qayıqları, çox sayda təyyarələri məhv edilib. Bütün bunlar ikinci cəbhə açılmazdan çox əvvəl başlanıb. Bütün kampaniya ərzində SSRİ-yə 8 milyon ton mal çatdırılıb. Elə bu qədəri də itkiyə gedib.

Lakin bu öyrənəcəklərimin yalnız başlanğıcı idi. Sonradan axtara-axtara “Lend-Lease” məsələsinə gəlib çıxdım.

Saqqızı icarəyə vermək

“Lend-Lease” terminini “icarə” kimi tərcümə etmək olar. “Lend-lease” siyasəti Birləşmiş Ştatların 11 mart 1941-ci il tarixli “Birləşmiş Ştatların Müdafiəsi Qanununun” qəbulu ilə başlanıb.

Bu qanun əsasında təsbit olunmuş proqram çərçivəsində 1941-1945-ci illərdə ABŞ Fransaya, Britaniyaya, Çinə və daha sonra Sovet İttifaqı və başqa müttəfiqlərə ərzaq, neft-yanacaq və başqa materiallar göndərib.

Bura döyüş təyyarələri və gəmilərindən tutmuş konserv və yumurtaya qədər hər şey daxil idi.
İcarə adı daşısa da, bunların hamısı müftəydi. Bəzi ölkələr ABŞ-ın bu yardımına görə (məsələn Fransa və Britaniya) sadəcə olaraq Amerika əsgərlərinin bazalarda yerləşməsinə icazə verirdilər.

Proqrama birbaşa o vaxtkı ABŞ prezidenti Ruzvelt rəhbərlik edirdi.

ABŞ bu proqrama 50 milyard dollar sərf etmişdi. Bugünkü kursla bu 680 milyard dollar edir və bu ABŞ-ın bütün müharibə xərclərinin 11 faizinə bərabər idi.

Bu vəsaitin 31, 4 milyard dolları Britaniya imperiyasına (bugünkü pulla 427 milyard dollar), 11 milyard dolları Sovet İttifaqına (bugünkü pulla 154 milyartd dollar) və 1, 6 milyard dolları Fransaya verilmişdi.

Adı icarə olan bu sazişlərin şərtlərinə görə verilən mallar dağılmasa, istifadə olunmasa qaytarılmalı idi. Məlumdur ki, ABŞ-a demək olar heç nə qayıtmayıb.

Bu qanunla ABŞ 1930-cu illərdən bəri sürdürdüyü neytralitet siyasətinə son qoymuşdu.
Buna görə də qanunun ABŞ Konqresində qəbulu asan olmamışdı. Respublikaçılar belə bir addımın qəti əleyhinə idilər. Lakin qanun 260-165 nisbəti ilə qəbul olunmuşdu. Leyhinə səs verənlərin 238-i demokrat idi.

Bu da deyilməlidir ki, xalq və millət vəkilləri arasında o qədər də populyar olmayan sovetlərə yardım qanununu ABŞ-a qəbul etdirmək Ruzvelt üçün çox çətin olmuşdu.

Ruzvelt mətbuat konfranslarından birində deyirdi:“Qonşumun evi yananda mən ona bağ şlanqımı verərkən, “qonşu, şlanqın qiyməti 15 dollardır və sən mənə 15 dollar verməlisən” demirəm. Mən sadəcə olaraq, yanğın söndürüləndən sonra şlanqımı istəyirəm”.

Onun bu poetik müqayisəsini senator, respublikaçı Robert Taft lağa qoymuşdu: “Hərbi avadanlığı icarəyə vermək saqqızı icarəyə vermək kimidir. Sən əlbəttə çeynənmiş saqqızı geri istəməyəcəksən”.

Lakin dünyanın alovlara büründüyü bir vaxtda Taftın yox, Ruzveltin müdrikliyi qalib gəlmişdi.

Katyuşa və Studebaker

ABŞ-dan SSRİ-yə göndərilən texnikanın böyük bir hissəsini hərbi avtomaşınlar təşkil edirdi. 1945-ci ildə müzəffər sovet ordusunun avtomaşınlarının üçdə biri Amerikada istehsal olunmuşdu. Bunların içərisində ən mükəmməlləri “Dodge” və “Studebaker” ağır yük maşınları idi.

Rusiya özünün məşhur “Katyuşa” zenit-raket sistemi ilə həmişə fəxr edib. Şəninə məşhur bir mahnı da yazılıb. Amma SSRİ tarixinin və müasir Rusiya tarixinin bir abzasında da “Katyuşa” raketlərinin “Studebaker” avtomobillərindən atılması barədə məlumat yoxdur. Təbii ki, belə güclü zenit qurğusunu sovetin istehsal etdiyi maşınlara yükləmək mümkün deyildi.

Amerikalılar sovetlərə kabel məftillərindən, alüminiumdan tutmuş ət konservlərinə qədər hər şeyi vermişdilər.

“Lend-Lease” layihəsi üzrə ABŞ SSRİ-yə 18 min 200 hərbi təyyarə vermişdi. Bu bütün sovet təyyarəqayırmasının 13 faizindən çox idi. Sovet İttifaqında tank istehsalı yaxşı qurulsa da, ona əlavə olaraq 7 min tank Amerikadan gəlmişdi.

ABŞ bütünlükdə SSRİ-yə 400 min cip tipli avtomobil və yük maşını, 12 min zirehli maşın (bunlardan 7 mini tank idi, bura 1386 M3 Lees və 4102 M4 Shermans tankları daxildi), 11 min 400 min təyyarə (bunlardan 4,719-u Bell P-39 Airacobra təyyarələri idi) və 1, 75 milyon ton ərzaq göndərmişdi.
Ümumilikdə, Vaşinqton Moksvaya 17, 5 milyon ton ağırlığında hərbi avadanlıq, maşınlar, sənaye malları və ərzaq göndərmişdi. Müharibə illərində SSRİ-nin aldığı hərbi yardımın 94 faizi ABŞ-dan gəlirdi.

Müqayisə üçün deyilməlidir ki, 1942-ci ildən 1945-ci ilin mayınadək ABŞ Avropadakı Amerika əsgərlərinə 22 milyon tonluq yük göndərilmişdi.
Təkcə İran dəhlizi ilə SSRİ-yə çatdırılımış silah-sursat, avadanlıq və ərzaqla 6 döyüş diviziyasını saxlamaq olardı.

John Deane özünün “Qəribə müttəfiqlik” (1947) kitabında ABŞ-ın SSRİ-yə yardımının daha geniş təfərrüatını verir.

Birləşmiş Ştatlar 1941-ci ilin oktyabrından 1945-ci ilin 31 mayınadək SSRİ-yə aşağıdakıları çatdırmışdı: 427 min 284 avtomaşın, 13 min 303 döyüş maşını, 35 min 170 motosiklet, 2328 min xidmət avtomobili, 2 milyon 671 min ton neft məhsulları, 4, 5 milyon ton ərzaq (ət konservləri, şəkər, un, duz və sair), 1911 buxar lokomotivi, 66 dizel lokomotivi, 9920 avtoplatforma, min zibil maşını, 120 avtosistern və 35 ağır sənaye maşını.

Əmoğlunun köməyi

Amerikalıların yaşca böyük, pulca bir azca kasıb “əmiuşaqları” olan ingilislər də gözükölgəli qalmaq istəmirdilər. Əslində onlar sovetlərə yarıdımı Hitler SSRİ-yə hücum edən andan göndərməyə başlamışdılar.

İlk təhlükəli Arktika konvoyu da elə o vaxt, 1941-ci ilin iyununda dənizə çıxmışdı.

Gəmilər SSRİ-yə 40 Hawker Hurricane təyyarələrini, 550 mexanik və pilotu dərhal çatdırmışdı.
Ümumilikdə isə 1941-ci ilin iyunu ilə 1945-ci ilin mayı arasında Britaniya SSRİ-yə aşağıdakıları vermişdi:
3 min Hurricane və 4 min başqa təyyarələr, 27 gəmi, 5218 tank (bunlardan 1380-ni Kanadanın Valentine tankları təşkil edirdi), 5 min antitank topu, 4 min ambulans, 323 ekskavator-traktor, 1212 Universal və Loyd BTR-ləri, 1721 motosiklet, 1.15 milyard funt sterlinqlik təyyarə mühərriki, 1474 radar, 4338 radioqəbuledici dəsti, 600 dəniz radarı, 15 milyon cüt çəkmə…

Britaniyadan SSRİ-yə 4 milyon ton ərzaq və dava-dərman göndərilmişdi.

27 iyun 1942-ci il tarixli İngiltərə-Sovet Sazişinə görə Britaniyadan göndərilən bütün mallar pulsuz idi.

Unudulan etiraflar

Rusiya tarixçisi Boris Sokolov yazırdı ki, “Lend-Lease” müharibənin udulmasında həlledici rol oynayıb:
“Bütünlükdə belə bir nəticəyə gəlmək olar: “Lend-lease” layihəsi ilə Qərbdən gələn təchizat olmasaydı, Sovet İttifaqı nəinki müharibəni uda bilməz, heç alman işğalçılara müqavimət də göstərə bilməzdi…”

Sovet lideri Nikita Xruşşov öz xatirələrində yazırdı: “Mən Stalinin Qırmızı Ordunun və Sovet İttifaqının ABŞ və Britaniyanın dəstəyi olmadan faşist Almaniyasına qalib gələ bilib-bilməyəcəyinə dair fikirlərini səmimi şəkildə ifadə edirəm. Birincisi mən “öz aramızda müzakirə edərkən” Stalinin bir neçə dəfə dediyi və təkrar etdiyi fikirləri çatdırmaq istəyirəm. O, açıq şəkildə deyirdi ki, əgər Birləşmiş Ştatlar bizə kömək etməsəydi, biz müharibədə qalib gələ bilməzdik. Mən bu fikirləri eşidəndə onunla razılaşırdım və bu günədək də bu fikirdəyəm…”

Lakin müharibədən sonrakı illərdə SSRİ-də nəinki Qərbdən alınmış yardımlar barədə məlumatı vermirdilər, hətta ölkənin insan itkilərini də saxtalaşdırırdılar.

Müharibədən dərhal sonra Stalin 7 milyon sovet adamının məhv olduğunu demişdi. Sonralar Xruşşov bu rəqəmin 20 milyon olduğunu etiraf etdi. Günahsız olaraq Sibir sürgünlərində və repressiyalarda məhv olan daha 20 milyon insan haqqında isə ümumiyyətlə susurdular.
Bəs necə? Bu qədər silah-sursat, ərzaq yardımı ilə bu qədər itkini yalnız əzvay komandanlığı olan ölkə verə bilərdi.

“Puşkin başınıza dəysin”

Heç bir xalqa, o cümlədən rus xalqına pis demək olmaz, amma rus xalqı ənənəvi olaraq əksərən çarsevən xalqdır (bizdə şahsevənlik olan kimi) və rus dövləti isə ənənəvi olaraq irticaya meylli olub. Bu meyl Rusiyada xüsusilə də ona qardaş Ukraynadan Krımı qopardıqdan sonra aşkar görünür və getdikcə divanə bir forma alır.

Ruslar həmişə deyirlər ki, “Rusiyanı beyinlə yox, qəlblə dərk etmək lazımdır”. Qərb bir qədər bu nəzəriyyəyə inanıb. Tolstoy, Çexov, Dostoyevski Qərbdə çox vaxt başa düşülməsə də, sevilib və qəbul olunub.

Lakin dövlət mürtəce olanda və mənəviyyat və vətənpərvərliyini gözə soxanda qərblilər ürəklərində “sənin Tolstoyun da, Çexovun da başına dəysin” deyirlər.

2014-cü ilin payızında, Rusiya Krımı ilhaq edəndən bir neçə ay sonra Puşkin, Axmatova və Dostoyevskinin holland tərcüməçisi Hans Boland Rusiya prezidenti Vladimir Putinin əlindən mükafat almaq üçün Moskvaya dəvəti rədd edib.

Boland Puşkin Mükafatına 2014-cü il avqustun 26-da təqdim edilmişdi. Lakin o heç bir şəkildə Putinlə bağlı olmaq istəmədiyini bəyan edib.
Boland Putinə məktubunda yazırdı: “Mən layiq görüldüyüm mükafatı, əgər sizin əlinizdən olmasaydı, böyük minnətdarlıqla qəbul edərdim. Sizinlə, Puşkinin adı ilə birlikdə bağlılığım mənim üçün iyrənc və qeyri-məqbuldur”.

Uçotsuz Azərbaycan nefti və İvan Qroznı

Uzun müddət Britaniyada yaşadığıma görə bilirəm ki, buradakı dərsliklərdə Qərbin Rusiyaya dəstək və yardımı qətiyyən qabardılmır və telekanallarda gecə-gündüz təbliğ olunmur.

Qərb adamına və Qərb dövlətinə (lap ürəklərində olsa da) yaxşılığı başa qaxmaq yaddır. Burada “səni mən adam eləmişəm”, “sənə mən çörək vermişəm” kimi ifadələr dəbdə deyil. Biz azərbaycanlılara da bütün bunlar Rusiya ilə iki əsrlik ünsiyyətimiz zamanı keçib yəqin ki…

Tarix kitabları rus çarı İvan Qroznının öz oğlunu öldürdüyünü və bu zaman ona “Səni mən əkmişəm, mən də məhv edirəm” deməsini yazırlar.
Bayaq dedim ki, Putin son vaxtlar tarixə baş vurub. Ola bilsin KGB məktəbində buraxdığı tarix dərslərinin yerini indi Kremldə doldurmağa çalışır.
O bir dəfə deyib: “Qroznı bəlkə də öz oğlunu heç öldürməyib. Bəlkə də bunu Roma papasının o vaxt çarı katolikliyə çəkmək istəyən elçisi uydurub? Çar elçini göndərib (rus söyüşü). Əlbəttə, demək istəmirəm ki, Qroznı “ağappaq və yumşaq” adam olub. Belə başa düşmək olar ki, o sərt insan olub. Lakin belə informasiya müharibıələri bizim ölkəmizə qarşı həmişə aparılıb”.

Deyirlər, qədirbilməzlərin yaddaşı qısa olur. Azərbaycanın ilk sovet prezidenti Nəriman Nərimanov bəyan etmişdi ki, “Azərbaycan xalqı qardaş Rusiyaya verdiyi neftin uçotunu aparmayacaq”.

Azərbaycan “gündəyməz açıqlığının” bariz nümunəsidir. Müharibənin taleyini Stalinqradın Hitlerin əlinə keçməməsi həll edib. Daha doğrusu Bakı neftinin Hitlerin əlinə keçməməsi.

Rusiya Azərbaycana olan minnətdarlığını Qarabağ münaqişəsi ilə bildirdi.

“Uçotsuz neftin” qədrini nə bildi ki, Qərbin yardımının qədrini bilsin?..

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 333