Muəllif:

Millət vəkilindən şəhid atasına qədər

Yenə gündəm doludur. Təəssüf ki, xoş xəbərlərlə deyil. Ürək ağrıdan mövzularla. İçlərində qıcıqlandıran mövzular da var. Başlayaq sonuncudan.

Milli Məclisin deputatı, bir qadın, bir xanım, bir ana, bir həyat yoldaşı, millətin müəyyən zümrəsini təmsil etməli olan şəxs, onların düşüncələrini, maraqlarını, haqqlarını qorumalı olan şəxs, ölkənin ən ağıllı kəsimini təmsil etməli olan 125 nəfərdən biri, yəni bir sözlə millətin vəkili adını daşıyan Aqiyə Naxçıvanlı ağzını açıb, bir kəlmə danışıb və elə bu bir kəlmə ilə də özünü, kimliyini, düşüncə tərzini, zehniyyətini, kafasını tanıdıb. Doğrusu, mən dəqiq bilmirəm Aqiyə xanım neçə ildir deputat kürsüsündə əyləşir. Bir bildiyim odur ki, Naxçıvanlı soyadlı bu xanım, Milli Məclisdə Oğuz rayonunu təmsil edir. Və bir də əmin olduğum odur ki, Azərbaycanda normal, şəffaf seçkilər keçirilsəydi güman ki, Aqiyə xanımı bir başqası əvəzləyərdi.

Bu arada, mən bu xanımla heç vaxt rastlaşmamışam. Jurnalist karyeram müddətində bir dəfə də olsun səsini eşitməmişəm. Heç Milli Məclisdə də müzakirələrdə hansısa bir məsələni qaldırdığını görməmişəm. Bir sözlə, bildiyim odur ki, o qədər də aktiv deputat deyil.

Hə, bir də bildiyim bir fakt da var. Bu xanım uzun illər Azərbaycan Müəllimlər İnstitutunun rektoru olub. Azərbaycan məktəbləri üçün xeyli müəllim yetişdirən ali məktəbə rəhbərlik edib. Yeri gəlmişkən, özü də pedaqoqdur.

Dediyim kimi ictimai sferada çox az fəallığı ilə tanınan bu xanımın bildiyim qədəri ilə media ilə də o qədər isti münasibətləri yoxdur. Adını internetdə axtarışa vuranda deputat olduğu illərdə cəmi-cümlətanı 1-2 açıqlamasına, müsahibəsinə rast gəlmək olur. Bu yaxınlarda Milli Məclisdə etdiyi çıxışda isə ümumiyyətlə gül vurub. Aqiyə xanım gəlinlərin toydan əvvəl rəqsə getməklərindən tutmuş ailədaxili məsələlərə qədər bir çox mətləblərə iradını bildirib. Və imkansız qadınların, ailələrin uşaq dünyaya gətirməsi məsələsinə toxunub. Sitat:“Qadınlar komitəyə müraciət edirlər, dinləyəndə, görürsən ki, bunun savadı yoxdur. Sual verirsən ki, necə ailə qurmusan? Deyir, valideynlərin razılığı ilə olub. Deyirəm, bəs ailə qurduğun şəxs qonşun olubsa, əvvəlcədən onun necə birisi olduğunu bilmirdin? Ailə qurmaq, sonradan dağıtmaq o qədər sadələşib ki… Deyirəm ki, ilk gündən döyülmüsənsə, söyülmüsənsə, niyə üç uşaq dünyaya gətirmisən? Deyir ki, uşaqları siz götürün saxlayın. Uşaqlara dövlətin baxmasını tələb edir. Dövlət sifariş vermişdi ki, üç uşaq dünyaya gətirəsən? Əvvəllər belə şeylər olmayıb, müharibə dövründə 18-19 yaşında dul qadınlarımız olub, uşaqlarını təkbaşına böyüdüblər, heç yenidən ailə qurmaq haqqında düşünməyiblər. İndi bəs nə baş verir?”. Sitatın sonu.

Bax bunu bir qadın, bir ana, bir millətin vəkili deyir. Oxuduqca adam dəhşətə gəlir. Düzdür, o çıxışda dəhşətə gəldiyim daha bir neçə nüans vardı. Ölüm cəzasının bərpasını istəmək kimi. Amma bunun üstündə çox dayanmayacağam. Hər halda qanun istehsalçılarından birinə, qanunverici orqanın təmsilçisinə bu fikri yaraşdırmadım. Amma əsas məsələ onun yuxarıdakı dediyi fikirlərdir:“Dövlət sifariş vermişdi ki, üç uşaq dünyaya gətirəsən?”

Mənə görə Milli Məclisdə oturan hər bir şəxs qanun yazanlardan biri olduğu üçün mütləq şəkildə Azərbaycan qanunvericiliyini mükəmməl bilməlidir. Azərbaycan qanunvericliyinin anası olan Konstitusiyada yazılır: Dövlət ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etməlidir.

Konstitusiyanın 16-cı maddəsi 1-ci bənd: Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.

Konstitusiyanın 17-ci maddəsi 2-ci bənd: Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

Konstitusiyanın 17-ci maddəsi 3-cü bənd: Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər.

Konstitusiyanın 17-ci maddəsi 6-cı bənd: Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.

Bir sözlə, Konstitusiyaya görə dövlət vətəndaşın rifahına qalmalıdır, və bunu uşaq dünyaya gətirməyi məhdudlaşdırmaqla həyata keçirməməlidir.

Və millətin müəyyən zümrəsini parlamentdə təmsil etməli olan və qanunverici orqanda oturan şəxs mütləq bunları bilməlidir. Aqiyə xanımın bunları bilməməsi isə təəssüf doğurur. Hətta düşünəndə ki, bu zehniyyətdə olan xanımın rəhbərlik etdiyi ali təhsil müəssisəsi Azərbaycan məktəbləri üçün, uşaqlarımız üçün, gələcəyimiz üçün nə qədər müəllim yetişdirib, adamın tükləri lap biz-biz dayanır. Canım, ay Azərbaycan!

Amma aşıq gördüyünü çağırar deyirlər. Odur ki, reallıqda Aqiyə xanıma haqq qazandırmamaq olmur. Çünki biz dövlətin başındakı hökumət nümayəndələrinin nə vaxtsa vətəndaşın yanında olduğunu gördükmü? Bir dəfə yazmışdım, Azərbaycanda doğulan inəyin balasına, yeni doğulan uşaqdan daha çox pul verirlər. Digər ölkələrdə olan çoxuşaqlı ailələrə yardım, ümumiyyətlə uşaqlar üçün diqqət və qayğı, təqaüdlər bu ölkədə yoxdur. Uşaqlara verilən təhsil belə kağız üstündə pulsuzdur. İmkansız ailələrin uşaqları adi məktəblərdə belə təhsil ala bilmir. Ali təhsil isə Azərbaycanda 80 faizdən çoxu ödənişli əsaslarladır.

Yəni uşağı böyütmək, təhsil vermək ancaq valideynlərin və ya valideynin üzərindədir. Bu məsələdə valideynlər tək tərəf olaraq qalırlar. Amma zamanı gələndə dövlət gəlib dirənir ki, uşağını ver getsin dövlətin, vətənin keşiyində dursun. Hətta bəzən deyirlər ki, Azərbaycanın çörəyini yeyib, suyunu içiblər, onların borcudur ki, dövlətçiliyin keşiyində dursunlar. Dövlətçilik deyəndə isə həmin şəxslər öz hökumətlərini nəzərdə tuturlar.

Gündəmi zəbt edən daha bir pis xəbər odur ki, yenə şəhidimiz var. Ağstafa rayonuna şəhid gətirildi. Həmin ailənin evinin, həmin şəhidin atasının fotolarını yəqin ki gördüz. Yenə ənənəvi, öyrəşdiyimiz mənzərələr. Kasıb ailə, kasıb daxma və kasıb ata. Heç bu vaxta qədər bir imkanlı şəxsin, məmur övladının balasının şəhid olduğunu görmədik, cəbhə xəttində qulluq etdiyini eşitmədik.
Yeri gəlmişkən, görəsən Aqiyə xanım bu vaxta qədər belə ailələrdən neçəsinə baş çəkib? Həmin atalardan övladlarını necə böyütdükləri barədə maraqlanıbmı?

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (3 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 179