Muəllif:

Müəllimin sehrli qutusu

Bir qutu təsəvvür edin, içərisində sizin, ailənizin, yaxınlarınızın, doğmalarınızın  azadlığı, xoşbəxtliyi, iş və karyera həyatı, gələcəyi və bütün bunların təminatı olan qanunlar, qanuni idarəetmə formaları var. Dövlətin təhlükəsizliyi, toxunulmaz sərhədləri, ərazi bütövlüyü, beynəlxalq nüfuzu, güclü iqtisadiyyatını təmin edəcək, kənd təsərrüfatını inkişaf etdirəcək layihələr, cəmiyyəti normal hala gətirəcək  hər şey var. Və bir gün, bu qutu sizə verilir, siz nə edərdiniz?

Variantlarınız da var:

  1. Qutunu qoruyaram            B) Qutunu “sataram”

Nəticələri düşünmək istərdinizmi? A variantına əməl etsəniz, o zaman siz güclü olacaqsınız, çünki qutuda olanlar məhz sizin güclü olmağınızın təminatıdır. Güclü dövlət qanunlarla idarə olunandır və hər birimiz belə bir dövlətin vətəndaşı ola bilərik. B variantına əməl etsəniz isə, uduzacaqsınız və sizi pulla aldadıb qutunu əlinizdən alanlar güclü olacaqlar, çünki qutuda olanların heç biri həyata keçməyəcək və bütün həyata keçirilməli olanların haqqı, sizi aldadanların əlinə keçəcək.

Əsas odur ki, siz o qutunun nə demək olduğunu anlayasınız, onu qoruyasınız, sahib çıxasınız və heç kimə etibar etməyəsiniz. Axı bu qutular əlimizə tez-tez düşmür. Yəqin ki, heç kim küçələrə çıxıb üsyan etmək, barrikadalar qurmaq istəməz, çünki hər cür inqilab möcvud olanları dağıdır, yenilərin yaranması isə uzun zaman alır, çox vaxt isə yaxşı nəticələr heç yaranmır. Odur ki, bir qutu ilə məsələni həll etmək daha yaxşı olmazmı? Yetər ki, hər birimiz bu qutuya sahib çıxmağı, qorumağı bacaraq. Düzdür, heç də düşünməyək ki, bu qutu bir dəfə əlimizə düşməklə hər şey həmən düzələcək, buna inanmaq sadəlövhlük olardı, amma hər fürsətdə nəyisə dəyişmək olar, özü də yaxşıya doğru. Buna inanmaq lazımdır.

Əskəri ordudan sonra, ikinci böyük ordu müəllimlərdir. Ölkə müəlliminin savadlı, geniş dünyagörüşlü, dürüst, vicdanlı olmağı da məhz həmin qutudan asılıdır. Əgər vətəndaş olaraq qutularınıza sahib çıxsanız, o zaman bu ordu da sizin istədiyiniz kimi və sizin tərəfinizdə olacaq, onlar da hər zaman qutularına sahib çıxacaqlar. Yox əgər siz qutularınızı satsanız, onlar da satacaqlar və yenə də əliboş qalacaqsınız. Heç nəyiniz olmayacaq. Bəlkə də olacaq, amma banklara kredit borclarınız, mağazalara, apteklərə  nisyələriniz, repetitorların  yanına qaçan, gecəsi-gündüzü olmayan, durmadan pul tələb edən yorğun uşaqlarınız, əsəbləriniz, stressləriniz olacaq.

Cəmiyyətin bəlkə də ən çox zəhmət və əziyyət çəkən təbəqəsi müəllimlərdir. Təbii ki, bizim kimi üçüncü dünya ölkələrində (yəni geridəqalmış) onlar zəhmətdən çox əziyyət çəkirlər. Inkişaf etmiş ölkələrdə  müəllim zəhmət çəkir və bəhrəsini də görür. Bizdə isə müəllim sadəcə əziyyət çəkir, çünki onun qürurunu heçə sayırlar, əzir və alçaldırlar. Əsgəri alçaldılmış bir ordu isə heç nəyə yaramaz, heç bir zaman qalib ordu ola bilməz, onu əzənlərə tabe olacaq, çünki əzildikcə, “əzilməyə layiq olduğuna”  inanacaq, ilk fürsətdə də qutularını onlara satacaq, odur ki, mənliyini, qürurunu və millətin mənafeyini qorumağı bacaran , övladlarınızı  düşünən, yaradıcı, mübariz ruhlu yetişdirən bir ordu — müəllim ordusu üçün qutularınızı qoruyun.

Yaxşı cəmiyyəti də, pis cəmiyyəti də biz özümüz yaradırıq, bunu unutmayaq. Yaxşı cəmiyyətdə insanların evi, işi olur, sevdiyi məşğuliyyətləri olur, istədiyi kimi və istədiyi yerdə istirahət edə bilir, ən əsası əhvalı yaxşı olur. Çünki güclü və nüfuzlu dövləti, övladlarının təmin olunmuş gələcəyi olur.

Bu sehrli qutular bir gün  əlimizə düşə bilər, odur ki, diqqətli olaq, düzgün seçim bizdən asılıdır, həyatımız isə seçimimizdən. İnsan həyatı çox da uzun deyil, odur ki, qısa ömrümüzdə yaxşı yaşamaq bizim də haqqımızdır.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 107