Muəllif:

HƏYATI BURAXMA

2-ci yazı

 

Ya siqareti buraxmalıydım, ya da…

Birincini seçdim. Amma 30 il siqaret çəkdikdən sonra. Bu illər ərzində getmədiyim klinika, girmədiyim terapiya seansı, çeynəmədiyim nikotin saqqızı, sınamadığım elektronik siqaret qalmadı. Ta ki 2009-cu ilə qədər…

Əczaçı dostum Zeynəb gündə 2-3 ədəd siqaret çəkirdi. Tiryaki demək olmazdı ona. Bir gün “gəl birlikdə ataq bu zəhrimarı” dedi. MORA Terapiyanın adını da ilk dəfə o vaxt eşitdim. İstanbulda bu metodu ilk tətbiq edən rəfiqəsinin əri idi. Bakırköydəki kiçicik kabinetinə getdik onun.

İçəridə hər birimizə penisillin şüşəsi böyüklüyündə kiçicik flakon verdilər. Siqareti yarıya qədər çəkib, kötüyünü flakona qoyduq. Həkim flakonu ilk dəfə gördüyümüz bir cihaza yerləşdirdi. Sakit bir jazz musiqisi çalırdı. Rahat kresloya oturdum. Cihazdan çıxan kabelləri əl və ayaqlarıma bağladılar. Heç bir şey hiss etmədim, çünki məgərsə bütün hadisə siqaret kötüklərinin elektromaqnetik dalğaları ilə bağlı idi. Mənim “vəzifəm” oturub 40 dəqiqəlik seansboyu bədənimə göndərilən dalğaları qəbul etməkdi. Seansın qiyməti 240 lirə (o vaxt təxminən 60 dollar) idi. Bu da ayda siqaretə verdiyim pul qədərdi. Bir aylıq siqaret parası ilə ömürlük qurtulacaqdım bu mərətdən…

MORA Terapiya asılılıq yaradan maddənin ətrafa yaydığı dalğaları orqanizmdən silmə metodudur. Əslində hər dahi ixtira onun sadəliyindədir. Cihazın funksiyası siqaret kötüyünün elektromaqnetik dalğası ilə eyni dalğanın tərs amplitudasını toplamaq və bununla da o dalğanı sıfırlamaqdır. Beləcə, nikotin və ya siqaret hafizədən silinir. Bu cihaz hələ də biorezonans sahəsində ən son texnoloji sayılır…

Kabinetdən çıxanda həkim “Bu gece bebek gibi uyuyacaksın” dedi. Həqiqətən də o gecə daş kimi yatdım. Səhər dinc və enerjili oyandım. Yataqdan qalxanda əlim “onu” axtardı, lakin özümü elə hazırlamışdım ki, tezcənə o sarsaq fikirdən yayındım. Həkimin məsləhəti ilə o günü SPA-da keçirtdim. 3 gün sonra ağlıma belə gəlmədi çəkmək.

Bir müddət içki məclislərindən uzaq durdum. İçki “siqareti çağıracaq” deyə ehtiyat edirdim. Dostlarla ilk axşam yeməyində də çəkmədim. Odur-budur, 8 ildir siqaret nədir bilmirəm. Bəzən yuxuda siqaret çəkirəm, qarabasmış kimi qan-tər içində oyanıb bunun yuxu olduğunu anlayır və rahatlayıram.

Gündə 1 qutu siqaret illik 500 rentgen şüalanmaya bərabərmiş. 10 il siqaretə xərclənən pula isə bir Audi A4 almaq olarmış. Audi almasam da, bu rəqəmləri ciddiyə alıram. Gəldiyim tək nəticə isə belədir:”Dünyaya bir də gəlsəm, etməyəcəyim yeganə şey siqaret çəkməkdir”.

Həyatım kökündən dəyişib — artıq üst-başımdan o murdar qoxu gəlmir, səhərləri “döyülmüş” kimi deyil, dincəlmiş oyanıram, təngnəfəslik və gecə öskürəklərindən, təkrarlanan anginalardan qurtulmuşam. Paltar şkafını açanda burnuma gələn o əcayib qoxular da kəsilib.

Atdığım il ağzım dad almağa başladı, dəhşətli iştah əmələ gəlmişdi. Yeməklərdən ləzzət alır, əvvəlkindən daha çox yeyirdım. Bir müddət sonra 8 kilo kökəldiyimin fərqinə vardım. Ənsəmdəki küt ağrılar artınca göz həkimi olan həyat yoldaşım məni kardioloqa apardı. Qısa tədqiq və müayinədən sonra ”Hipertoniya başlanğıcı” diaqnozu qoyuldu. Təzyiq dərmanına otuzdurdular məni. Düzənli şəkildə hər gün təzyiq dərmanı içməyə başladım. Yeməklərimə diqqət edir, nadirən içir, içəndə də ancaq qırmızı şərab içirdim. Tez bir zamanda yaxşı hiss etməyə başladım özümü.

Bir axşam təsadüfən əlimə Amerikan Ürək Dərnəyinin (American Heart Association) bülleteni keçdi – “Hər artıq kiloqram təzyiq dəyərini 1 dərəcə artırır” yazırdı. “Siqareti buraxdım, təzyiqəmi baş əyəcəm?” deyə hərəkətə keçdim. Hər səhər 05.45-də Bosforda yürüşə başladım. Arnavutköydən 2-ci körpüyə — Rumelihisarına qədər sürətli templə yeriyir, qar-qış, soyuq, fırtına, qovurucu günəş demədən həftədə 6 gün qan-tərə bata-bata gündə 7 km qət edirdim. Yuxuma haram qataraq alacaqaranlıqda qalxırdım. 1 saat yürüşdən sonra evə qayıdır, duş alır, hazırlaşır, səhər yeməyini yeyib işə gedirdim. Bir dəfə də olsun işə gecikmədim, hər səhər 09.00-da ofisdə — iş otağımda olurdum. 4 həftə sonra təzyiq dərmanını atdım. Tansiyonum 12-yə 8 olmuşdu.

İşdən sonra axşam yüngül yemək yeyib fitnes kluba gedir, 2 saat da orda tər tökürdüm. Bir müddət sonra NBA-in “nəbz artırma” metodu haqda oxudum. Qaçmağa başladım o metodla. Normal yürüyüş zamanı yağlar ərimir. Nəbzi “çaşdırmaq” lazımdır — 4 dəqiqə sürətli templə yerimək, 1 dəqiqə qaçmaq və bu sıra ilə ən az bir saat. Bədən alışınca bunu 5+2 və ya 6+3 sıralaması ilə də yapmaq olar. Bu sxemlə bədəndəki yağlar sürətlə əriyir, metabolizma sürətlənir və artıq kilolar gedir. Nəticədə yuxumun keyfiyyəti artdı, qandakı şəkər və təzyiq sapmaları tənzimləndi.

8 aya düz 12 kq (!) arıqladım. Mənim üçün fantastik nəticə idi bu. Bacardığıma inana bilmirdim. Bununla da yetinməyib “Yapon üsulu su içməyə” başladım. Artıq 7 ildir hər səhər oyanan kimi acqarnına 640 ml su içirəm. Səhər yeməyinə suyu içdikdən 45 dəqiqə sonra oturulmalıdır. İlk günlər bir səfərə yarım litrdən çox su içmək çətin idi. Alışınca adətkar oldum. Bir də hər il sentyabrda mütləq qrip peyvəndi oluram. Vəssalam, mənim sağlam həyat tərzi təcrübəm bundan ibarətdir…

Məndən sonra MORA ilə 29 nəfər dost-tanışım da siqaretdən qurtuldu. Zatən MORA Terapiya 92 faizlə dünyada ən yaxşı nəticə verən birinci metoddur. Amma yenə də əsas məsələ işi ilk olaraq beyində çözmək lazımdır. Mən beynimdə çözmüşdüm əvvəlcə, Mora sadəcə olaraq işimi asanlaşdırdı. Amerikalı yazar, populyar “Elm və Sağlamlıq” kitabının müəllifi Mary Baker Eddynin dediyi kimi Sağlamlıq bir bədən məsələsi deyil, beyin məsələsidir”.

Yapon üsulunu da ətrafımda çox insan mənimsəyib. Bunun sayəsində təzyiq, diabet kimi bir çox zillətlərdən qurtulanlar var.

* * *

Datça yarımadasında tətilimizdə Arif (Əliyev) və Elçinlə (Şıxlı) hər səhər idmana çıxırdıq. Mən Ariflə qaçır, Elçin də arxamızdan gözündən yuxu tökülə-tökülə gəlirdi. 7 km-lik marşrutumuz bitəndə görürdük ki, Elçin bizdən öncə gəlib, qımışa-qımışa bizi gözləyir. Ehtimal ki, kəsmə yol bilirdi və bizi beləcə cırnadırdı. Səhər idmanlarından birində Arifə dedim ki, bu təcrübələrimi yazacam. Və indi bu qərarımı yerinə yetirdiyim üçün sevinirəm. Çünki bu məqalədən sonra bir oxucumuz siqareti buraxacaq, o biri isə səhər yürüşlərinə başlayacaq. Və mən də bundan sonsuz zövq alacam.

Siqareti burax, amma həyatı buraxma. Kanuni Sultan Süleyman nə gözəl deyib –“OImaya devIet cihanda bir nefes sıhhat gibi”…

 

nebioglu.i@gmail.com

www.twitter.com/ibrahimnebioglu

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (16 оценок, среднее: 9,44 из 10)
Oxunma sayı: 867