Muəllif:

“İyirmilər”in görüşündən Qarabağadək: hər şey mavi, masmavi…

5_teamDünya ekranlarında sayrışan xəbərlər planetin kədərli mənzərəsini yaradır. Baxırsan, məyus olursan, həm də heyrətə gəlirsən: bir tərəfdən təbiət insanlara qarşıdı, o biri tərəfdən də insanlar da bir-birinə qənim kəsilib. Təbii fəlakətlər bir yana, siyasət deyilən nəsnənin yaratdığı gizli dalğalar da öz işini çox amansızlıqla görür. Bu məkrli dalğaların alov dilləri ara-sıra Avropa və Rusiya çevrəsində şölələnsə də, onun istisi daha çox müsəlman Şərqini, bir də geridə qalmış Afrika ölkələrini qarsır. Siyasət təndirinin hərarətinin yüksəldiyi regionlarda və cəmiyyətlərdə gedən proseslər insan həyatını dəyirman kimi üyüdür. Deyəsən, Allah bəndələrindən kəramətini əsirgəyib, ya nədəndirsə baş verən olayların çoxu bədlik saçır. Tək bizdə yox, ağlı-qaralı dünyanın hər yerində belədir, elə bil yer kürəsıni qarğıyıblar, Şər güclü kimi görünür.

Sentyabrın yola saldığımız ilk ongünlüyü məndə belə bir təəssürat yaratdı…

*  *  *

Dünyada gedən mənfi tendensiyaları qloballaşma prosesi ilə əlaqələndirmək doğru deyil, çünki qloballaşma bağlı qapıları açaraq birgə qorunmaq instinkti yaradır, təhlükələrə qarşı birgə dayanmaq şansı verir. Bu proses, həm də millətlər, xalqlar, fərdlər, müxtəlif iqtisadiyyatlar və mədəniyyətlər arasında yeni şəbəkələr yaradılmasını sürətləndirərək, Şərə müqavimət göstərməyə, onu cilovlamağa kömək edir.

Təbii ki, Şərə müqavimət həmişə olmalıdır. Istənilən yerdə işığı boğanlara susqun qalmaq qaranlıq və fəlakət üçün meydanı genışləndirmək deməkdir. İşığı qorumaq üçün hərəkət həmişə ağ cığırlar açır. Bir də məlum Berk qanununa görə, Şərin qalib gəlməsi üçün, Xeyiri təmsil edənlərin, yaxşıların hərəkətsiz qalması kifayətdir. Bu mənada söz sahibi olan dövlətlərin – “İyirmilər”in ötən həftə dünyaya düzən vermək üçün Çində keçirilən növbəti görüşü bəşəriyyətə təhlükə yaradan tendensiyaların qarşısını almaq yönündə labüd bir hərəkət idi. Həmin görüş bizim mətbuatda, xüsusən TV-lərdə sıradan bir toplantı kimi solğun işıqlandırıldı, amma Rusiya və Türkiyə TV-lərinin əsas mövzusu oldu.

20-lərin görüşü ənənəvi olaraq iqtisadi problemlərə həsr edilir, amma bu dəfə daha çox geopolitika məsələləri müzakirə olundu. Təbii ki, əsas skripka özünü ağayana aparan ABŞ-ın əlində idi. Qonşu Rusiya özünün yaratdığı və alovlandırdığı münaqişə ocaqları üzərində monopliya hüququnu səylə müdafiə edirdi, qardaş Türkiyə böyük dövlətləri Suriya məsələsində ədalətli olmağa çağırırdı, Almaniya və Fransa isə Ukrayna alovunun söndürülməsinin vacibliyi haqqında danışırdılar. Təkcə Qarabağ münaqişəsinin adı çəkilmirdi…

*  *  *

Qarabağ problemi haqqında isə keçən həftə Xankəndindəki erməni separatçıları özləri danışdılar. Qurduqları qeyri-qanuni rejimin 25 illik yubileyini öz aləmlərində təntənə ilə qeyd etdilər. Aşkar duyulan qorxu, nigaranlıq və səksəkə içində olsa belə, böyüklü-kiçikli küçələrə çıxıb nümayiş keçirtdilər, Yerevandan gələn qonaqlarla birgə şənləndilər, dedilər-güldülər və bizə də qıcıqlandırıcı mesaj verdilər ki, bu torpaqlardan əlininzi üzün.

Bir də Qarabağ söhbəti iki-üç gün əvvəl Parisdə, Rusiyanın xarici işlər naziri K.Lavrovun ifasında həzin bir tərzdə səsləndi. Xankəndindəki “yubiley təntənələr”inə reaksiya verməyən ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşən nazir mətbuata bildirib ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı proseslər onu qane edir. Yəni hər şey yaxşıdır, Rusiyanın qəlbini oxşayacaq dərəcədə gözəldir, yalnız məşhur “mavi, mavi, masmavi” mahnısını oxumaq qalır…

 

Email:meherremli@yandex.ru

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 306