Muəllif:

Ülviyyə Tağıyeva: «Bəzən deyirəm: Niyə gəldim bu sənətə?»

Türkiyədə «Pop-star Alaturka» musiqi yarışmasında ölkəmizi təmsil edən və son vaxtlar səsini az eşitdiyimiz Ülviyyə Tağıyeva istedadı ilə sevilən sənətçilərdəndir. Həzin səsi ilə adını yaddaşlara həkk edəndən sonra az görünən sənətçi dəstək gördüyü qədər, təpkilərlə də üzləşib. Onun müsahibəsi də elə bu haqda olacaq:
Ondan soruşduq: «Pop-star Alaturka» musiqi yarışmasından sonra ortalarda yoxsunuz. Yoxsa səhnə ilə vidalaşmısınız? Ülviyyə Tağıyeva dedi:
— O müsabiqəyə qatılmağıma Cenk bəy kömək etmişdi. Təəssüf ki, mən yarışmada iki həftə qala bildim. O da Cenk bəyin sayəsində. Müsabiqənin birinci həftəsindən artıq mən orada ələnirdim.
— Yəni deyirsiniz ki, sizi bilərəkdən «vurdular…»
— Əslində, hə, «vurdular».
— Səbəb nə idi?
— İlk əvvəl anlamadım. Sonradan eşitdim ki, mən oradan Ebru Gündeşin sayəsində uzaqlaşdırılmışam. Yəni məni bilərəkdən uzaqlaşdırıb.
— Səbəbin bildiniz?
— Onun bir istəyi vardı. Məni orada görməmək. Ebru Gündeş münsiflər heyətinin üzvü idi. Bu layihənin rəhbəri Osman bəy idi. Həmin vaxt Ebru Gündeş Osman bəylə nişanlı idi. Əsas səlahiyyət də elə bu üzdən ondaydı. Onun arzusu ilə məni yarışmadan kənarlaşdırdılar. Qəribədir, ən yüksək balı da mənə Ebru xanım vermişdi. Səhnə arxasında müsabiqəni kimin tərk edəcəyinin elan edilməsini gözləyirdik. Bir də baxdım ki, Ebru xanım arxada oturub mənim ifa etdiyim mahnını zümzümə edir. Elə o anda ürəyimə damdı ki, bu qadın məni «vuracaq». Elə də oldu. Özü də utanmadan üzümə sevincli halda baxaraq dedi ki, «inşallah, sən qalmazsan». O anda fikirləşdim ki, mən bunun üçün ən güclü rəqibəm. Yəqin ki, söhbət şəxsi həyatdan gedir. Çünki o, öz yerini tutub, artıq Ebru Gündeşdir. Özümü belə şeylərə inandırmaq istəmirəm. Amma deyəsən, belə şeylər, doğrudan da, var. Qadın qısqanclığı… O, məni açıq şəkildə nişanlısına qısqanırdı.
— Aranızda hansısa mövzuda bir söhbət olmuşdu?
— Hə, mənim geyimim barədə söhbət keçmişdi. Ebru xanımın nişanlısı dedi ki, «Ülviyyənin bu geyimini mən istəmişəm». Elə bu an Ebru Gündeş ona bir söz atdı. Ebru orada olmasaydı, mən yarışmada sona kimi qalacaqdım. Bəlkə yaradıcılığım da orada davam edəcəkdi. Bu söhbətləri xatırlamaq istəmirəm. Nədənsə özümü zəif kimi hesab edirəm.
Sənət aləmi çox çətindir. Gərək bir az arxan, dayağın, bir sözlə, dəstəyin çox olsun. Göz önündə dəstək olanlar çox idi. Amma nə olsun… Sözünə əməl etməyən insanlar çoxdur axı. «Azəri-Star» yayımlanan vaxt efirdən elə görünürdü ki, mənə dəstək olanlar həddindən artıq çoxdur. Sonda sözlə əməl üst-üstə düşmədi.
— İlhamə Quliyeva, Faiq Sücəddinov, Vahid Əziz və başqalarının sizə efirdə dəstəyi böyük idi?
— Faiq Sücəddinov sağ olsun, elə bu gün də mənə dəstəkdir. Onun dəstəyi mənə həddindən artıq çoxdur. Məni özü axtarıb tapır, mahnılar verir. Onun bütün tədbirlərində başda otururam.
— Bəs «gənclərə dəstək olmaq lazımdır» deyə sinəsinə döyən İlhamə Quliyevanın necə?
— Yox. İlhamə xanımla münasibətimiz yoxdur. Açığı, özüm də müraciət etməmişəm. Bəlkə özüm müraciət etsəm, nəsə bir köməklik edər. Mənim xarakterim bir az fərqlidir. Çəkinmişəm, utanmışam, bəlkə də narahat etmək istəməmişəm. Münsiflər heyəti müsabiqə gedən ərəfədə çox şey deyirdi. Nəticə isə göz qabağındadır. Bəzən deyirlər ki, istedadlı şəxs onsuz da gec-tez özünə yol açacaq. Düzdür, bu deyim var. Amma bu gün reallıq bunu isbat etmir. Nə qədər hərəkət etmək istəsən, canfəşanlıq göstərsən də, bəzən istədiyin alınmır.
— İrəli getmək üçün nə lazımdır? Gözəl mahnılar, yoxsa sponsor?
— O qədər şey lazımdır ki… İrəli getmək üçün ilk növbədə gözəl musiqilər lazımdır. Bəzən görünmədikdə belə, elə o səs köməyə çatır. Yaxşı, səviyyəli musiqi çox önəmlidir. Səhnə, efir də böyük önəm daşıyır. Bunların hamısı şərtdir. Yəni tez-tez görünməli, radioda mahnıların yayımlanmalıdır. Bu — sənətçinin reklamıdır. Bunun hamısı pul tələb edir. Bir mahnının ərsəyə gəlməsi üçün filan qədər pul lazımdır. Məni efirdə görürsünüz? Yox. Niyə? Bəyəm istəmirəm ki, efirə çıxam? Əlbəttə ki, istəyirəm. Sənət adamı özgə nə istəyər? Yeni-yeni mahnılar, kliplər… Təəssüf ki, bu, indiki zamanda çətindir.
— Səhnəyə böyük bəstəkarların əsərləri ilə gəldiniz. Amma o əsərlərlə irəli gedə bilmədiniz. Yüngül, bayağı mahnılar ifa etsəydiniz…
— Mən istəsəm də, yüngül, bayağı mahnılar oxuya bilmirəm. O janr mənə yaxın deyil. Musiqini gözümdə tamam başqa cür canlandırıram. Bu gün isə cəmiyyət yüngül mahnılara köklənib. Bir balaca «danqa-danq» eşidilsə, 80 faiz ona əl çalacaq. Səviyyəsinə baxılmır, təki mahnı olsun, hay-küy qopsun. Hər halda, biabırçı bir şeydir. İstəsəm də, istəməsəm də, şou-biznesdə deyiləm. Heç ora can atmaram da. Mən səhnəni, sənəti tamam başqa cür görmüşəm. Bu gün elə xalq artistlərimiz var ki, şou-biznesdədir. Özlərini də saxlaya bilirlər. Amma etiraf edim ki, bu sənəti seçdiyim üçün bəzən o qədər peşmanam ki. Bəzən deyirəm: niyə gəldim bu sənətə? Bəzən istəmədiyin işləri görürsən. İstəmədiyin haqsızlığı görəndə peşman olursan. Bəzən də yorulursan. Buna baxmayaraq, ruhumda bir oxumaq eşqi var. Hazırda Hatəm Nəbioğlu ilə işləyirəm. Mahnılarımı da o bəstələyir. Heç kəsdən ummuram. Mən öz şəxsiyyətimi heç vaxt satmaram, sənətim üçün olsa belə.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 925