Muəllif:

Sən məni başa düşməzsən, Alessandro!

Bu həftə İtaliyada parlament seçkiləri idi. Məzahir Pənahov o seçkilərin necə keçdiyini görsəydi, dəhşətə gələrdi. Hələ mən onun hər addımını izləyən müxalifəti demirəm.
Orda seçki məntəqələrində adamların barmaqlarını mürəkkəbə batırmırlar. Vebkameralar yoxdur. Vebkameralar cəhənnəm, heç Mərkəzi Seçki Komissiyasının özü yoxdur.
Ən gülməlisi isə (Azərbaycan seçicisi üçün ağlamalısı), İtaliyada bülletenləri şəffaf seçki qutuları əvəzinə, televizor yeşiyinə oxşayan karton qutulara salırlar. Yeşiklərin qapağını da, bizdə olduğu kimi, dörd yerdən çataqlayıb, möhürləmirlər, adi yapışqanlı kağızla dövrələyib, ortasından deşik açırlar.
Geridə qalmış, zavallı Avropa!
Biz çox qabağa getmişik. Hər şeyimiz var: mürəkkəbimiz, ultra-bənövşəyi detektorlarımız, vebkameralarımız, şəffaf qutularımız! Var deyəndə ki, elə həmin Avropadan yığıb gətiririk: Danimarkadan, Almaniyadan, Böyük Britaniyadan, Niderlanddan. Bircə şeyimiz yoxdur — bir-birimizə etibarımız, inamımız. Bu da, zəhrimar, elə şeydir ki, idxal eləmək olmur.
Televiziyada seçkilərin birinci günündən (İtaliyada parlament seçkiləri iki gün çəkdi) reportaja baxandan sonra Milana, həmkarım Alessandro Marzoya zəng etdim. Biz Bakıda tanış olanda İtaliyanın aparıcı nəşrlərindən birində redaktor idi, indi müstəqil jurnalist, tanınmış yazıçıdır.
— Alessandro, niyə sizdə seçki məntəqələrində şəffaf yox, karton qutular qoyulur?
— Şəffaf qutu? Supermarketdə içində paltaryuyan toz satılır, onlardan deyirsən?
Müqayisə xoşuma gəlmədi.
— Olsun onlardan.
— Karton qutunun nəyi pisdir ki?
— İçərisinə nə salındığı görsənmir. Məsələn, birdən kimsə topa bülleten atdı.
— Nə danışırsan? Kimin ağlına belə səfeh fikir gələr? Bu, heç mümkün olan məsələ də deyil axı! Adama bir bülleten verirlər də!
— Tutaq ki, namizədlərdən biri əlavə bülletenlər hazırlatdı və dəstə-dəstə yaxın adamlarına payladı.
— Ola bilməz! Əvvəla, belə riskin altına girməz. Çünki məsələnin üstü açılsa, həmin siyasətçinin karyerasına birdəfəlik son qoyular. İkincisi, heç kim onun sözü ilə dələduzluğa qurşanıb özünün və ailəsinin taleyini etibar etdiyi dövləti oyuncağa çevirməz.
Başa düşmədi məni. Sayıqlığımı və İtaliya seçki sistemini təkmilləşdirə biləcək gül kimi təklifimi qiymətləndirmədi.
Deyilənlərə görə, italyanlarla biz xaraktercə yaxın millətik. İkimiz də çılğınıq, amma tez soyuyanıq. İkimiz də bir az məsuliyyətsizik, amma ədalətliyik. İkimiz də qarabuğdayı və bir qədər pintiyik. Bunu hələ gənc vaxtımda Azərinformun əfsanəvi direktoru Yefim Qurviçdən eşitmişdim. Sonra əmin oldum. Təsadüfi deyil ki, Bakı ilə Neapol 1972-ci ildən qardaşlaşıblar.
Deməli, problem xarakterdə deyil, bizim bir-birimizə inamsızlığımız xasiyyətimizdən irəli gəlmir. Millət və cəmiyyət olmaq, dövlət qurmaq üçün başqa keyfiyyətlər də lazımdır. Seçilənlərin yox, seçənlərin mənafeyinə xidmət edən idarəçilik sistemi yaratmaq, ədalətli qanunlar çıxartmaq və bu qanunlara hörmətlə yanaşmaq gərəkdir ki, dövlət oyuncağa çevrilməsin. Ənənələr olmalıdır. Dövlətçilik də elə budur.
Bəs bizim ənənələrimiz necədir? Tariximizdə bülletenlərin sayına görə bir hökuməti başqasıyla əvəzləyən seçki görməmişik! Kim hakimiyyətə gəlibsə, əvvəl zor-xoş yuxarı başda özünə yer eləyib, sonra səsvermə keçirib, qələbəsini rəsmiləşdirib. Seçici də qalıb mürəkkəbli barmağını sora-sora.
Təbii, bütün bunları Alessandroya demədim. Fikirləşdim, yenə bir nataraz müqayisə gətirər, xətrimə dəyər.
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 151