Muəllif:

«Qara» adamların haqqı

ANKARA
Türkiyə olduqca həssas mərhələdən keçir. Ölkənin siyasi gündəliyini bir-birindən ayrı, amma həm də bir-birinə bağlı iki mühüm məsələ müəyyənləşdirir — ölkədə prezidentlik sisteminin tətbiqinə əsaslanan yeni konstitusiya müzakirələri və terrorun sona çatdırılması, kürd probleminin həlli ilə bağlı aparılan danışıqlar.
İqtidar partiyası ölkənin idarəetmə sisteminin tamamilə dəyişməsini, parlament üsul-idarəsindən prezident üsul-idarəsinə, o da olmasa, müvəqqəti olaraq yarı prezidentlik üsul-idarəsinə (Fransa nümunəsində olduğu kimi) keçilməsini istəyir. Müxalifət prezidentlik sisteminə tamamilə qarşı çıxır, parlament sisteminin islahatlardan keçərək qalmasını istəyir, amma bu islahatların necə olacağına, sistemin necə davam edəcəyinə dair yekdil rəyə malik deyil. Cəmiyyət üsul-idarə məsələsində hələlik çox həssas deyil — bir tərəfin təklif etdiyi, digər tərəfin qarşı çıxdığı prezidentlik sisteminin nə olduğunu anlamağa çalışır.
Kürd probleminin həlliylə bağlı vəziyyət də oxşardır. İqtidar bir tərəfdən PKK lideri Abdulla Öcalan və PKK-nın siyasətdəki təmsilçisi statusunda olan BDP ilə aktiv şəkildə danışıqlar aparır, digər tərəfdən apardığı prosesi xalqa izah etmək üçün qruplar yaradır, görüşlər keçirir; bir tərəfdən kürd xalqının haqlarının artırılacağına dair mesajlar verir, digər tərəfdən türk xalqının həssasiyyətlərinin təminat altında olduğunu bildirir. Müxalifət bu məsələdə də yekdil deyil. Barış və Demokratiya Partiyası bu prosesdə iqtidarın, birbaşa olmasa da, dolayısı yolla tərəf-müqabili statusundadır — Öcalanla danışıqlara vasitəçilik edir, yəni prosesin içindədir. Cümhuriyyət Xalq Partiyası hələlik özü üçün hansı mövqedə duracağını müəyyənləşdirməyib — prosesə açıq şəkildə qarşı çıxmamağa çalışır, amma digər tərəfdən də elektoratın bu prosesi dəstəklədiyini dilə gətirən partiya yetkililərini susdurur, vəzifədən uzaqlaşdırır. Milliyyətçi Hərəkat Partiyası isə birmənalı olaraq prosesə qarşı çıxır. Həm də o dərəcədə ki, Alparslan Türkeşin ölümündən sonra «ülküçüləri küçələrdən bilgisayar arxasına toplayan lider» olaraq təqdir qazanan Dövlət Bağçalı indi «Öl de, ölək, vur de, vuraq» deyən tərəfdarlarına «Onun da zamanı gələcək» deyə cavab verərək «barıtı» artırır. MHP-nin mitinqlərinə, xüsusilə son İzmir mitinqinə baxıb cəmiyyətin bu məsələdə nə qədər həssas olduğunu söyləmək mümkündür, amma bu, tələsik çıxarılmış nəticə olardı. Çünki Türkiyədə hələ də Ədalət və İnkişaf Partiyasının olduqca güclü dayaqları, olduqca sistemli və effektiv çalışan xalqla əlaqə mexanizmi, güvənə biləcəyi elektoratı var. Bu elektorat sülh prosesinə qarşı deyil. CXP elektoratının böyük hissəsi də prosesi dəstəkləyir. Partiya rəsmiləri bu rəqəmin 65 faiz civarında olduğunu bildirirlər. BDP elektoratı da, təbii olaraq, prosesi dəstəkləyir. Üstəlik, bu prosesin başlamasından sonra ölkəyə şəhid gəlməməsi faktı və eyni uğurla davam edərsə, bundan sonra da gəlməyəcəyi ehtimalı heç bir partiyanın sadiq elektoratı olmayan, amma terrordan bezən, evinə od düşməsini istəməyən Türkiyə vətəndaşlarını da ən azı neytrallığa sövq edir. Digər tərəfdən, Türkiyə cəmiyyətinin bir spesifik özəlliyini də unutmamaq lazımdır — 2007-ci ildəki çoxminlik «dünyəvi cümhuriyyət» mitinqlərindən dərhal sonra Ədalət və İnkişaf Partiyasının əzici qələbəsini təmin edən özəlliyi nəzərdə tuturam…
Nəhayət, birinci və ikinci məsələ arasındakı orqanik bağı təşkil edən üçüncü mühüm məsələ — Türkiyədə vətəndaşlığın tərifinin necə olacağı məsələsi. Keçən həftələrdəki yazılarımın birində bu məsələyə geniş şəkildə toxunmuşdum. Ümumiləşdirsək, mənzərə belədi: ölkədəki kürdlər konstitusiyadakı «türk» kəlməsinin dəyişdirilməsini istəyir, Ədalət və İnkişaf Partiyası «türkdür» yerinə «Türkiyə Cümhuriyyəti vətəndaşıdır» yazılmasının prinsipial dəyişiklik olmadığını düşünür, CXP kürd probleminin həllində olduğu kimi, bu məsələdə də konkret fikrə gələ bilməyib, MHP isə prinsipial olaraq buna qarşı çıxır.
Bu proseslər Azərbaycanın siyasi və mətbu dairələrində də izlənir. Nə qədər diqqətlə və nə qədər bilgiylə izlənir, o ayrı məsələ, amma izlənir. Hətta bəzi məlumatlara görə, «türklük» məsələsinə görə Ərdoğana qarşı bəyanat hazırlamaq, imza toplamaq fikrində olanlar da var. Bu fikirdə olanların içərisində hüquq müdafiəçisi, milliyyətçi, Bütöv Azərbaycançı, türkçü kimlikləriylə tanınanlar da var. Niyyətim kimsəni «Roma papasından artıq katoliklik»də ittiham etmək deyil. Amma birincisi, legitim olmayan yollarla iqtidara gələn və iqtidarda qalan Azərbaycan hakimiyyətiylə insan haqları, demokratiya, siyasi məhbuslar və başqa bu kimi prinsipial məsələlərdə «dövlətçilik naminə», «Qarabağ naminə», «ümummilli mənafe naminə» anlaşmağı çox rahat bacaran azərbaycanlıların Türkiyə hökumətinə qarşı «milli ruh»a bürünmüş barışmaz savaşçılığını anlamaq çətindi.
İkincisi, bu azərbaycanlılar özlərinə lider olaraq qəbul etdikləri Əbülfəz Elçibəyin fərmanıyla konstitusiyaya daxil edilmiş «Azərbaycan Respublikasının dövlət dili türk dilidir» ifadəsinin üstündən xətt çəkilərək «Azərbaycanın dövlət dili Azərbaycan dilidir» şəklində yazılmasına hansı ümümxalq etirazıyla, bəyanatıyla, imza kampaniyasıyla qarşı çıxmışdılar? Xatırlamağa çalışıram, yadıma gəlmir.
Üçüncüsü, Türkiyədəki milyonlarla kürdü yox saymaq meylində olan bizim azərbaycanlıların İrandakı 35 milyon soydaşımızın «Azərbaycan türkü» deyil, «fars» deyə çağırılmasına reaksiyaları necə olardı, çox maraqlıdır.
Lütfən, kimsə tarixdəki imperatorluqlarımızı və ya İran rejiminin şovinizmini misal çəkib sözkəsənlik eləməyə çalışmasın: XXI əsrdə yaşayırıq və hamımız insan haqları, demokratiya, insanların bərabərliyi kimi yüksək dəyərləri müdafiə etdiyimizi iddia edirik. Səmimiyiksə, İrandakı türkün haqqı qədər Türkiyədəki kürdün də haqqını tanıyasıyıq. Deyiliksə, susmağı bacarmalıyıq…

Aynanın yeni köşə rubrikasından.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 153