Muəllif:

«Donuz qripi»nə qarşı peyvənd başlana bilər

Ölkədə «donuz qripi»nin yayılmasına şərait yaranarsa, onda əhalinin müəyyən qruplarının peyvənd məsələsi qoyula bilər. Bunu «Trend»ə SN Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov deyib.
Qurbanovun sözlərinə görə, əsasən, risk qrupuna daxil olan insanlar peyvənd olunmalıdır. Çünki xroniki xəstəliklərdən əziyyət çəkən, immun sistemi zəif olan insanlar, hamilə qadınlar xəstəliyi daha ağır keçirir, onlar xəstəliyə daha tez yoluxa və ağır keçirə bilərlər. Onun sözlərinə görə, insanlar özlərini adi qripə görə peyvənd etdirə bilərlər. Ancaq hazırda insanların H1N1 virusuna («donuz qripi») qarşı peyvənd olunması üçün heç bir əsas yoxdur. Çünki Azərbaycanda bu xəstəlik hələ qeydə alınmayıb. Ancaq ölkədə insanlar arasında bu virus qeydə alınarsa, onları vaxtında müalicəyə cəlb etmək mümkün olacaq.
«Rusiyanın bir çox əyalətlərində artıq qrip epidemiya şəklində yayılmağa başlayıb. Ona görə biz də tədbirlər görürük. Bütün tibb müəssisələrində bu məsələ ilə bağlı hazırlıq aparılıb», — deyə Qurbanov əlavə edir.
O qeyd edib ki, əgər «donuz qripi»nə yoluxmuş xəstələr aşkarlanarsa, onların Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun xüsusi şöbəsində müalicə edilməsi nəzərdə tutulur. Həmin şöbə tam hazır vəziyyətdədir. Bu müəssisədə pnevmoniya əlamətlərinin qeydə alındığı insanların müalicəsi üçün hər şərait yaradılıb. Direktor müavini insanlara xəstələndikdə mütləq həkimə müraciət etmələrini də tövsiyə edib. Deyir:
«Gözləmək lazım deyil ki, insanların vəziyyətləri ağırlaşsın. Əgər xəstədə ağırlaşma, yüksək temperatur qeydə alınarsa, xəstə hospitalizasiya edilməlidir. Ondan laborator analiz üçün material da götürülməlidir. Xəstə vaxtında xəstəxanaya çatdırılmasa, onun vəziyyəti daha da ağırlaşa bilər».
Öz növbəsində Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli bildirib ki, Azərbaycana donuz əti və piyinin idxal edildiyi ölkələrdə donuzlar arasında «donuz qripi» aşkarlanarsa, onda həmin ölkələrdən respublikamıza bu məhsulların gətirilməsinə qadağa qoyula bilər. Hazırda Azərbaycana donuz əti və piyinin daha cox hissəsi Avropa ölkələrindən, az bir hissəsi isə Kanadadan gətirilir.
Xanvəlinin sözlərinə görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, hələlik heç bir ölkədə donuzlar arasında H1N1 virusu aşkar edilməyib. Bu yaxınlarda Azərbaycanda donuzçuluq təsərrüfatlarında aparılmış monitorinqlər zamanı ölkədə donuzlar arasında bu virusun olmadığı bir daha təsdiqlənib.
Xidmət rəsmisi bildirib ki, donuz əti və piyi kolbasa, sosiska istehsalında istifadə edilir. Bu məhsulların ölkəyə idxalının dayandırılması istehsalçılar üçün problemlər yarada bilər.
«Hazırda donuz əti və piyinin idxalının dayandırılmasına əsas yoxdur. Ancaq şübhəsiz ki, donuzlar arasında bu virus aşkarlanarsa, onda idxalı dayandıracağıq», — Xanvəli deyib. O, qeyd edib ki, heyvanlar arasında bu xəstəliyin qeydə alınacağı təqdirdə, ona qarşı mübarizə aparmaq üçün kifayət qədər dezinfeksiyaedici materiallar var.
Qeyd edək ki, bir sıra Avropa ölkələrində, eləcə də Azərbaycanla qonşu olan İran, Rusiya və Türkiyədə son vaxtlar insanlar arasında «donuz qripi»nə yoluxma halları baş verib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 149