Muəllif:

Bu il qiymət artımları ilə yadda qalacaq

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda ötən illərə nisbətən inflyasiyada artım müşahidə olunacaq. Belə ki, bu il inflyasiya 3-5% arasında dəyişəcək. Yeri gəlmişkən, 2012-ci illə müqayisədə bu il ölkədə inflyasiya səviyyəsinin yüksələcəyi Azərbaycan hökumətinin 2 ay əvvəl açıqladığı proqnozlarda da yer alıb. Belə ki, hökumətin proqnozuna görə, 2013-cü ildə inflyasiya 5,7% səviyyəsində olacaq.
Məlumat üçün onu da bildirək ki, ötən ilin noyabr nəticələri Azərbaycanın inflyasiya səviyyəsinə görə MDB ölkələri arasında 3-cü sırada olduğunu göstərir. Belə ki, ötən ilin noyabrında ölkəmizdə 1% səviyyəsində qiymət artımı müşahidə olunub. MDB Dövlətlərarası Statistika Komitəsindən açıqlanan sonuncu statistik məlumatda bildirilir ki, 2012-ci ilin noyabrında Birliyə üzv olan ölkələr arasında ən yüksək inflyasiya Belarusda qeydə alınıb. Ötən ilin noyabrı ərzində Ukraynada inflyasiyanın səviyyəsi 1,7% həddində olub. Qiymət artımlarına görə Ermənistan da Azərbaycandan öndə olub.
Bədnam qonşumuzda bu göstərici 1,4% təşkil edib. MDB-yə üzv olan digər ölkələrdə isə inflyasiya səviyyəsi bizdəkindən aşağı olub. Noyabrda istehlak qiymətləri Rusiyada 0,3%, Qazaxıstanda 0,7%, Moldovada 0,5%, Qırğızıstanda 0,7%, Tacikistanda 0,2%, Ukraynada isə 0,1% artıb.
Bu il qiymətlərin artacağı təkcə rəsmi qurumlar tərəfindən deyil, ekspertlər tərəfindən də proqnozlaşdırılır. Vüqar Bayramov 2013-cü ildə ölkə iqtisadiyyatı üçün gözlənilən ən ciddi problemlərdən biri kimi məhz inflyasiyanı göstərir. Ekspert belə hesab edir ki, gözlənilən iqtisadi artım, eləcə də, dövlət büdcəsindən və neft fondundan ayrılan vəsaitlərin çoxluğu pul dövriyyəsini artıracaq:
«Bu da 2013-cü ildə inflyasiya səviyyəsinin 2012-ci illə müqayisədə daha çox olmasına səbəb olacaq. Hesab edirəm ki, 2013-cü il əsasən qiymət artımları ilə yadda qalacaq. 2013-cü ildə büdcədən maliyyələşən işçilərin əməkhaqlarının təxminən 10%, pensiyaların 15% artırılması nəzərdə tutulub. Bu da həm istehlak bazarına təsir göstərəcək, həm də istehlak bazarına daxil olan vəsaitlərin həcminin artmasına gətirib çıxaracaq. 2013-cü ildə qiymət artımları təxminən 6%-ə yaxın olacaq».
İqtisadçı-ekspert Nemət Əliyev inflyasiyanın 2013-cü illə bağlı həddi barədə söyləyir ki, komitənin qeyd etdiyi 3-5 faiz əslində, həqiqəti əks etdirmir. Onun qənaətincə, Azərbaycanda qeyri-neft sektoru inkişaf etmir.
Ekspert deyir ki, Azərbaycanda inflyasiyanın səviyyəsi ikirəqəmli həddə yaxındır. Yəni Statistika Komitəsi real rəqəmləri olduğundan iki-üç dəfə aşağı həddə göstərir:
«Bu baxımdan qeyd edilən rəsmi rəqəmlər yanlışdır, real gerçəkliyi əks etdirmir. İnflyasiyanın real səviyyəsi qeyd ediləndən bir neçə dəfə artıqdır».
Eləcə də qonşu dövlətlərdə qiymətlərin səviyyəsində baş verən dəyişikliklər təbii ki, Azərbaycana da təsirsiz ötüşmür:
«Azərbaycanda korrupsiya, rüşvətxorluq, haqsız rəqabət yüksək həddə çatıb və kənardan olduqca qabarıq şəkildə görünür. Rüşvət, korrupsiya iş adamlarının başında çatlayır. Onlardan dövlət büdcəsinə verdikləri ödəmələrdən başqa, əlavə olaraq külli miqdarda pul qoparılır. Ayaqda qalmaq üçün qiyməti qaldırmaqdan ayrı əlacları qalmır. İş yerlərinin itirilməsinin qarşısını almaq üçün, dolanışıqlarını saxlamaq naminə onlar məcburdur ki, qiyməti qaldırmaqla dövlət, gömrük orqanlarında verdikləri qanunsuz ödəmələri qarşılasın. Bu kimi hallar isə sahibkarlığın inkişafını əngəlləyir, onların nəfəs almasına belə imkan vermir».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 202