Muəllif:

Efirə «eksklüziv olaraq» çıxmaq istəyir

Nərgiz Cəlilova çoxdan efirdə yoxdur. Gənc həmkarlarına ustad dərsləri keçirmiş. Onun işdə bəyəndikləri də var, bəyənmədiyi də. Ekranda görməyə alışdığımız həmkarlarının çatışan və çatışmayan cəhətlərinə toxunur. Hesab edir ki, ümumi götürəndə yeni nəsil arasında kreativ, dünyagörüşlü aparıcılar var.
— Çoxdur?
— Yox. Hər telekanalda ən azı bir sima olmalıdır, maaləsəf hələ bu simalar görünmür.
— Aparıcılar hansı halda sizdə qıcıq doğururlar?
— Çox vaxt formada olmur, proqrama yaraşmırlar. Yaxud danışığı, geyimi uyğunsuzdur. Mən, ümumiyyətlə, ləhcə, şivə və dialektləri qəbul etmirəm. Bu, qəti olmaz. Televiziyada yalnız şəhər dialektində danışmağa üstünlük verirəm. Amma aparıcıda da günah görmürəm, əslində onlara istiqamət verilməlidir. Bəziləri var ki, özünü kənardan müşahidə edə bilmir. Ona görə də belə aparıcının xətrinə dəysə də, ona qabaqcadan nəyisə başa salmaq lazımdır.
— Nərgiz xanım, yadınızdadırsa, «Bu şəhərlilər» — Coşqunla, Rafael sizi parodiya etmişdilər və orda sizi belə qələmə verdilər ki, guya müsahibinizə danışmağa imkan vermirsiniz. Bu xətrinizə dəymədi ki?
— Onlar mənim qardaşlarımdır, istəyərdim ki, bu, parodiyaları artırsınlar. Əgər kimsə parodiya olunursa, bu həmin adamların populyar olmağından xəbər verir. O ki qaldı mənə, mən proqramın ağasıyam və əlbəttə, hökmümü göstərəcəyəm. Aparıcı proqramının ağasıdır və o, heç vaxt qonağının yanında özünü zəif, iradəsiz göstərməməlidir. Həm də parodiya hansısa məqamın şişirdilmiş formasıdır, bundan inciməyə dəyməz.
— Amma bu günlərdə millət vəkili Fazil Mustafa onları möhkəm tənqid atəşinə tutdu…
— Çox nahaq. Əgər aktyor dondan-dona girə bilirsə, bunu peşəkar səviyyədə edirsə, burada pis nə var ki? Hər halda, onların istedadı var ki, diqqət mərkəzindədirlər.
— Telekanallardan dəvət alırsınız?
— Alıram, amma hər dəvəti qəbul etmirəm. Çünki mən istəyirəm efirə eksklüziv olaraq çıxım.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 134