Vəkillər Kollegiyası Türkiyədə zəlzələdən zərərçəkənlərə maddi yardım ayırıb

Xəbərlər

08.02.2023 - 13:11

Zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Vəkilliyin İnkişaf Fondundan 1 milyon türk lirəsi ayrılıb

Bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbədənkənar onlayn iclası keçirilib. AYNA xəbər verir ki, iclasda Kollegiyanın sədri Anar Bağırov qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində zərərçəkən insanlar və Türkiyə Vəkillər Kollegiyasının üzvlərinə maddi yardım təşəbbüsü ilə çıxış edib.

Sədr baş vermiş fəlakətin və çox sayda insan itkisinin Azərbaycan xalqını dərindən sarsıtdığını bildirib: “Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı bu məsələdə də öz təsdiqini tapıb. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göndərilib və bu yardımlar davam edir. Zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Fond tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilir. Eyni zamanda vətəndaşlarımız da yardım kampaniyası başlatmışdır. Bütün bunlar onu göstərir ki, Azərbaycan–Türkiyə münasibətləri dünya üçün qardaşlıq nümunəsidir”.

Anar Bağırov yardım kampaniyası ilə bağlı vəkillər tərəfindən çoxsaylı müraciətlərin daxil olduğunu diqqətə çatdırıb: “Bu baxımdan hesab edirəm ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti olaraq bu məsələyə biganə yanaşmamalı, türkiyəli qardaşlarımızın yanında olmalı və onlara hər cür dəstək göstərməliyik. Təklif edirəm ki, bu məqsədlə Vəkilliyin İnkişaf Fondundan həm zəlzələdən zərərçəkən Türkiyə xalqına, həm də bu ölkənin Vəkillər Kollegiyasına maddi dəstək göstərək. Çünki bu, hər bir Azərbaycan vəkilinin istəyidir. Ona görə də bu yardımda rolu olan, türkiyəli qardaşlarımıza dəstək ifadə edən hər bir vəkilimizə dərin təşəkkürümü bildirirəm”.

Təklif Rəyasət Heyəti üzvləri tərəfindən yekdilliklə dəstəklənmişdir. Qərara alınmışdır ki, zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Vəkilliyin İnkişaf Fondundan 1 milyon türk lirəsi ayrılsın. Bu vəsaitin 500 min lirəsi Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD), 500 min lirəsi isə Türkiyə Vəkillər Kollegiyasının hesabına köçürüləcək.

Qeyd edək ki, vəmin vəsait Vəkilliyin İnkişafı Fonduna vəkillərin ödədikləri order markasından (xərcindən) yığılan vəsait hesabına köçürüldüyündən bu aksiyada bütün vəkilllərin iştirakı təmin olunub.

Müəllif: Ayna.az