Səfər Mehdiyev: “Gömrük rüsumlarının müəyyən edilməsi bizim səlahiyyətimizdə deyil”
Dövlət Gömrük Komitəsi (DGK) noyabrın 5-də, 2019-ci ilin dövlət büdcəsi ilə bağlı proqnoz tapşırığına 100% əməl edib. 10 ay ərzində isə büdcə öhdəliyi 123% yerinə yetirilib. Bu gedişlə cari il büdcəyə 700 milyon manat əlavə vəsait köçürəcəyik.
AYNA xəbər verir ki, DGK sədri Səfər Mehdiyev bu gün keçirdiyi mətbuat konfrasında belə açıqlama verib. O xatırladıb ki, bu il Komitənin büdcə öhdəliyi, təxminən 3,7 milyard manatdır.
Sədr avtomobillərə tətbiq olunan gömrük rüsumları barədə də danışıb. Bildirib ki, DGK-ya rüsumların azaldılması ilə bağlı təkliflər daxil olarsa, onlar buna etiraz etməzlər.
“Gömrük rüsumlarının müəyyən edilməsi bizim səlahiyyətimizdə deyil. Komitə olaraq özümüz də hökumətə bir sıra təkliflər vermişik. Bunlardan biri ekoloji təmiz avtomobillərin ölkəyə gətirilməsinin stumullaşdırılması ilə bağlıdır. Təklif etmişik ki, yaşı 7 ildən çox olan avtomobillərin idxalına məhdudiyyət qoyulsun. Həm ekoloji tarazlıq, həm də insanların sağlamlığıni düşünərək bu cür təkliflə çıxış etmişik", - deyə S.Mehdiyev vurğulayıb.