Ukrayna Rusiyanın dörd bölgəsindəki enerji obyektlərinə PUA-larla hücum edib

Dünya

02.05.2024 - 12:22

Rusiya Müdafiə Nazirliyi: hava hücumundan müdafiə sistemləri ötən gecə 12 PUA məhv edib

Mayın 2-nə keçən gecə Ukrayna pilotsuz təyyarələri (PUA) Rusiyanın regionlarına hücum edərək, onların bir neçəsinin enerji infrastrukturuna ziyan vurub. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.

Qeyd olunub ki, Smolensk vilayətində hücum bölgənin cənub-şərqindəki Roslavl rayonundakı obyektə düşüb. Hadisə yerində fövqəladə hallar və hüquq-mühafizə orqanları işləyir, itki yoxdur. Bu barədə qubernator Vasili Anoxin bildirib.

Oryol vilayətində pilotsuz təyyarələr iki rayona - Qlazunovski və Sverdlovskiyə hücum edib. Onların zərərsizləşdirilməsi zamanı dronlar enerji infrastrukturunu zədələyib. Qubernator Andrey Klıçkov bildirib ki, elektrik təchizatı qismən kəsilib. İtki yoxdur, hadisə yerində fövqəladə hallar xidməti işləyir.

Kursk vilayətinin cənubunda Ukraynaya məxsus təyyarə tipli pilotsuz uçuş aparatı vurulub. Oboyanski rayonunun Ponıri kəndində pilotsuz təyyarənin hücumu nəticəsində elektrik xətti zədələnib. Qubernator Roman Starovoyt bildirib ki, qəsəbə elektriksiz qalıb.

Krasnodar diyarında yerli sakinlər neft emalı zavodunun yerləşdiyi Afipski kəndi ərazisində partlayışlar barədə məlumat veriblər. “Shot” “Telegram” kanalı yazır ki, pilotsuz təyyarələr zavodu vura bilməmişdən əvvəl hava hücumundan müdafiə vasitəsi ilə vurulub və ya elektron döyüş yolu ilə yerə endirilib. Dağıntı və tələfatla bağlı rəsmi məlumat yoxdur.

Ümumilikdə hava hücumundan müdafiə sistemləri ötən gecə 12 PUA məhv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirib.

“5-i Bryansk vilayətinin, biri Kursk vilayətinin, biri Belqorod vilayətinin, ikisi Rostov vilayətinin və üçü Krasnodar vilayətinin ərazisi üzərində zərərsizləşdirilib”, - Nazirliyin məlumatında qeyd olunub.

Qeyd edək ki, Rusiya ordusunun Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Rusiyanın bölgələri mütəmadi olaraq Ukrayna pilotsuz təyyarələrinin hücumlarına məruz qalır. 2024-cü ilin əvvəlindən enerji infrastrukturu obyektləri dronların hədəfinə çevrilib. Üç ay yarım ərzində Rusiyanın neft emalı zavodları və neft bazaları ən azı 20 dəfə hücuma məruz qalıb. Rusiyanın Avropa hissəsindəki bütün iri neft emalı zavodları vurulub. Son hücum mayın 1-də Rusiyanın ən böyük neft emalı zavodu olan “Rosneft” Ryazan Neft Emalı Zavodunda baş verib.

Sistematik pilotsuz təyyarələrin zərbələri nəticəsində Rusiyada neft emalı kəskin şəkildə azalıb, yanacağın birja qiymətləri sıçrayıb və hökumət altı ay müddətinə benzinin ixracına qadağa qoyub. Rusiya hakimiyyəti Belarus və Qazaxıstandan əlavə yanacaq tədarükü istəyib.

Müəllif: Ayna.az