Trampın qolları qandallanmayacaq

Dünya

21.03.2023 - 15:55

Keçmiş prezident statusu Trampa məhkəmənin xüsusi yanaşmasını tələb edir

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Nyu-Yorkun Cənub Bölgə Məhkəməsində cinayət ittihamı ilə üzləşəcəyi təqdirdə ictimaiyyət qarşısında qandallanmayacaq və həbs edilməyəcək. AYNA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Nəşr qeyd edir ki, ittiham irəli sürüləcəyi təqdirdə, keçmiş ABŞ liderinin barmaq izi alınacaq və cinayət işi üçün profilindən və öndən şəkli çəkiləcək.

Bundan əlavə, keçmiş prezident statusu Trampa məhkəmənin xüsusi yanaşmasını tələb edir.

Qeyd edək ki, Amerikanın keçmiş lideri seçki kampaniyasının maliyyə qaydalarını pozmaqda ittiham oluna bilər. Xüsusilə, müstəntiqlərin fikrincə, 2016-cı ildə Tramp bir vəkil vasitəsilə porno ulduza keçmişdə münasibətləri barədə susduğu üçün 130 min dollar ödəyib. Bu vəsait seçkiqabağı fonddan qanunsuz olaraq kompensasiya edilib.

Donald Trampın özü onun martın 21-də saxlanıla biləcəyini deyib. Bununla bağlı o, tərəfdarlarını nümayişə çıxmağa çağırıb. Öz növbəsində Ağ Evdən qeyd edilib ki, amerikalıların etiraz etmək hüququ var, lakin onlar bunu dinc yolla etməlidirlər.

Müəllif: Ayna.az