Tıxac problemi Milli Məclisdə: "İdarəetmə əvəzinə cərimə yolunu seçdik"

Cəmiyyət

30.12.2021 - 19:12

Deputat: "Saat 9-da işə başlayan məmur saat 7-də evdən çıxır ki, işə gecikməsin"
 
Milli Məclisin bu gün keçirilən iclasında əvvəlcə gündəliyə “Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında” qərar layihəsi daxil edilib. Parlament Sədri Sahibə Qafarova dünya azərbaycanlılarına müraciət etmək üçün komissiya yaradılmasını təklif edib. Komissiyanın sədri Fəzail İbrahimli, üzvləri Könül Nurullayeva, Elşən Musayev, Ceyhun Məmmədov, Afət Həsənova, Şahin Seyidzadə, Eldar Quliyev, Afət Həsənova olublar. Spiker deyib ki, komissiya işinə başlaya bilər: "Biz hər il dünya azərbaycanlılarına həmrəylik günü münasibətilə müraciət edirik”.

Deputat: "Əminəm ki, Aprel döyüşlərində iştirak edən şəxslər də veteran adı və təqaüdü alacaqlar"

İclasda deputatlar cari məsələlərlə bağlı fikirlərini bildiriblər. 

Deputat Məlahət İbrahimqizı Qarabağ müharibəsi veteranlarından danışaraq deyib ki, Prezident İlham Əliyevin veteranlıq vəsiqəsinin verilməsi ilə bağlı imzaladığı Sərəncam diqqətəlayiqdir: "Neçə müddət idi ki, Vətən müharibəsində iştirak edənlər veteran vəsiqəsinin veriləcəyi günü gözləyirdilər. Seçicilərim tərəfindən də tez-tez bu barədə suallar ünvanlanırdı. Artıq məsələ öz həllini tapmaq üzrədir. Hesab edirəm ki,  Nazirlər Kabinetinin müvafiq şöbəsi bu məsələni diqqətdə saxlayacaq".

"Dünən imzalanan bütün sərəncamlar bir daha göstərir ki, Prezidentimiz hər an xalqımız yanındadır. Sərəncamda müharibə veteranı adı verilməsi ilə bağlı bütün qurumlara tapşırıqlar verilib. Mən əminəm ki, 2016-cı ildə baş verən Aprel döyüşlərində iştirak edən şəxslər də veteran adı və təqaüdü alacaqlar. Nazirlər Kabinetinin müvafiq şöbəsinin bu məsələni diqqtədə saxlaması yaxşı olardı”.

Bakıdakı tıxaca görə iş saatının dəyişdirilməsi təklif olundu

“İndi Bakı şəhərində pik saatı anlayışı yoxdur, istənilən saatda tıxacda qalırsan”. Bu sözləri isə deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, aidiyyəti qurumların 2022-ci ildə bu problemin necə həll olunacağını insanlara izah etməsini gözləyir: “Biz intellektual idarəetmə əvəzinə cərimə yığma yolunu seçdik. Nə parklanma məsələsi həll oldu, nə tıxac məsələsi öz həllini tapdı. Saat 9-da işə başlayan məmur saat 7-də evdən çıxır ki, işə gecikməsin. Bakı şəhərini necə yüngülləşdirək ki, insanlar tıxacda bu qədər vaxt itirməsin?! Bu problemin həlli üçün insanlara konkret yol xəritəsi təqdim olunmalıdır. 4 saat tıxacda qalmaq iqtisadiyyata nə qədər ziyan vurur”.
 
Deputat Razi Nurullayev həmkarının fikirlərini bölüşüb: "İnsanlar saatlarla yolda qalırlar. Bunun üçün müxtəlif dövlət qurumlarında iş saatının vaxtını dəyişdirmək olar. Məsələn, Finlandiyada insanlar iş saatını özü seçir. Əsas odur ki, iş saatında öz işini yerinə yetirə biləsən”.

"İki qardaş ölkə arasında parçalanmaya xidmət edən avantüra baş tutmadı"

“Region təkcə siyasi, iqtisadi və təhlükəsizlik baxımından deyil, eləcə də Türkiyəyə qarşı daim silaha çevrilən “erməni layihəsi”nin bağlanmasına fürsət açır. Zəfərimiz tarixi düşmənçiliyə son qoya, ermənilərlə türk dünyası arasında yeni eranın başlanmasına səbəb ola bilər”, - deyə çıxışına başlayan İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, Türkiyə-Ermənistan sərhədinin açılımı 12 il əvvəl Ankara və İrəvan arasında barış yaratmağa çalışan və “Sürix prosesi” adlandırılan hadisələri yada salır: “O illər bilavasitə məxfi danışıqlarda iştirak edən sabiq nazir Edvard Nalbandyan ötən həftə böyük məqalə ilə çıxış edib. O gizlətmir ki, Sürix protokolları Türkiyəni Azərbaycandan ayırmağa, bölgədə işğalı qoruyub saxlamağa xidmət edirdi və planın müəllifləri ABŞ, Fransa, İsveçrə və Avropa Birliyi hətta Rusiyanı da ram etmişdilər. Lakin Azərbaycan dövlətinin sərt müqaviməti bütün ssenariləri pozdu. O vaxt dövlət katibi xanım Klinton Prezident İlham Əliyevi sərhədlərin açılmasına razılıq verməyə çağırmışdı, lakin dövlət başçısı bütün risklərə və təzyiqlərə baxmayaraq, görüşdən imtina etdi. Bununla da iki qardaş ölkə arasında parçalanmaya xidmət edən avantüra baş tutmadı. Əgər plan gerçəkləşsəydi, Ermənistan Azərbaycanı Qarabağ məsələsində təkləyəcək, sərhədlərin açılması ilə iqtisadi izolyasiyadan çıxacaq, güclənəcək və ölkəmizi beynəlxalq qüvvələrin təzyiqi ilə torpaqlardan imtinaya məcbur edəcəkdi. Nalbandyan etiraf edir ki, Ankaranı Bakıdan qopara bilsəydilər, 2020-ci ildə 44 günlük müharibə bəlkə də baş verməzdi, Qarabağın taleyi indi fərqli olardı".

Millət vəkili: “Zəngəzurda üç dövlət başçısının görüşünü təşkil etmək olar”

"Deməli, bizi Qələbəyə gətirən yol həm də “Sürix prosesi” və digər diplomatik tələlərə zərbə vurulmasından keçir. İndiki açılım prosesi paralel gedir, Vətən müharibəsinin nəticələrinin “Böyük sülh sazişi”nə daxil edilməsi üçün Əliyev və Ərdoğan arasında vahid siyasət yürüdülür. O vaxtkı “normalaşma” isə bizim iradəmizə zidd idi və regionu ələ keçirmək ideyasına xidmət edirdi. İndi İrəvanın Türkiyə və Azərbaycanla barışı onun son xilas şansıdır”, - deyə Z.Oruc qeyd edib.

Deputat bildirib ki, Bakı ilə ədalətli sülh müqaviləsi həm də Ermənistana öz gerbindən Ağrı dağını çıxarmağa, genosid və ərazi iddialarını bir kənara qoymağa məcbur edir: “Hamı yaxşı başa düşür ki, sülh razılaşması tarixən düşmənçilikdən qazananlara, o cümlədən dünya erməniliyinə, onların siyasi biznesinə zərbə vurur. Lakin alternativ yol əbədi müharibədir. Ona görə də Sürix sənədlərinin adını dəyişdirib, onu “Əliyev protokolları”  İrəvanda ratifikasiya etmək, sonra Zəngəzur mahalında üç dövlət başçısının görüşünü təşkil etmək də olar”.

“Avropada yaşayan o azərbaycanlıların hamısı imdad diləyəcək”

Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə çıxışında bildirib ki, törətdiyi əməllərə və səhvlərə görə Avropada yaşayan o azərbaycanlıların hamısı gəlib Prezident İlham Əliyevdən üzr istəyəcək, imdad diləyəcəklər: "Tövbə qapısı hər zaman açıqdır. Onlar gəlib tövbə edə bilərlər. Bu insanlar uzun illər Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin apardığı siyasətinə əks mövqe sərgiləyiblər, bu siyasətə qarşı ziddiyyətli addımlar atıblar”.

S. Novruzov qeyd edib ki, hazırda televiziyalara eyni simaları dəvət edirlər: “Eyni adam xarici siyasətdən də, daxili siyasətdən də, beynəlxalq hüquqdan, beynəlxalq münasibətlərdən, doğuşdan da, ölümdən də danışır. Eyni proqramda çıxış edi, ictimaiyyətə də düzgün olmayan məlumatlar çatdırırlar”.

“Media haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib

İclasda “Media haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Layihəni üçüncü oxunuşda Parlamentin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc təqdim edib və əvvəlki oxunuşlarda deputatların suallarına yazılı cavab veriləcəyini bildirib.

Z. Oruc bildirib ki, layihə əsla cəzalandırıcı deyil: "Layihə jurnalistikanı gücləndirməyi hədəf seçib”.

Qanun layihəsi 9 fəsil, 78 maddədən ibarətdir.

Qanun qüvvəyə mindiyi gündən “Kütləvi informasiya vasitələri haqqında” və “Televiziya və radio yayımı haqqında” qanunlar qüvvədən düşəcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Müəllif: Anar Bayramoğlu