“Bu məsələyə heç bir nəzarət yoxdur, ona görə də sürücülər qayda pozmaqdan çəkinmirlər”
Paytaxt sakinlərini son illərdə ən çox narazı salan məqamlardan biri, gecə saatlarında küçələrdə şütüyən avtomobillərdən ucalan yüksək tonlu musiqi sədalarıdır. Səs ətrafa o qədər güclü yayılır ki, avtomobilin içərisindəki(lər)in bundan necə həzz aldıqlarını təsəvvür edə bilmirsən.
Bu durum xəstələr, uşaqlar üçün xüsusilə ciddi problem yaradır. Əgər mənzilin yaxınlığında işıqfor yerləşirsə, vəziyyət daha da dözülmüz hal alır. Çünki işıqforda dayanmış maşından yüksələn musiqi səsi, ən azı 20 saniyə ərzində evdəkilərin yuxusuna haram qatır.
Maraqlısı isə odur ki, Dövlət Yol Polisi əməkdaşları belə hallarla qarşılaşsalar da, həmin sürücülər cəzalandırılmır. O zaman sual yaranır: Bəs insanlara, sözün əsl mənasında, işgəncə yaşadan belə sürücülərlə bağlı hansı qurum tədbir görməlidir?
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AYNA-nın bu sualına cavab olaraq bildirib ki, bu məsələ polisi də narahat edir: “Əgər gecə saatlarında sürücü avtomobilinin yan şüşələrini açıb, yüksək sürətlə, həmçinin yüksək səslə musiqi dinləyərək hərəkət edirsə, Dövlət Yol Polisi əməkdaşları buna biganə yanaşmırlar. Həmin sürücülərin diqqətinə ictimai asayişi pozduqlarını çatdırırlar. Mən özüm də dəfələrlə olub ki, şəxsi avtomobilimdə hərəkət edən zaman belə halla rastlaşmışam və avtomobili saxlayıb sürücüyə iradımı bildirmişəm. Onlar da üzr isəyib, musiqinin səsini azaldaraq yollarına davam ediblər”.
Təranə Xudabaxşiyeva