Zahid Oruc: “Qarabağa hərbi mundirlə və ya mülki formada terrorçu gətirilirsə, bu, Rusiya sülhməramlılarının məsuliyyətinə daxildir”
Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycanın Qarabağ bölgəsinə erməni silahlı terrorçularının gətirilməsi barədə məlumatlar var. Bu günlərdə mediada erməni terrorçularının həm hərbi, həm də mülki geyimdə Laçın dəhlizi vasitəsilə Qarabağa daşınmasını əks etdirən videogörüntülər yayıldı. Görünür, Rusiya sülhməramlıları nəzarətində olan ərazilərə erməni terrorçularının gətirilməsində maraqlıdır. Çünki terrorçu daşınması ilə bağlı sülhməramlıların komandanlığı xəbərsiz ola bilməz. Təbii ki, bu hal Qarabağda yeni müharibə riskini artırmaqdadır. Əlbəttə, Azərbaycan ərazilərinə erməni terrorçularının gətirilməsini qəbul etməyəcək, ən azı antiterror əməliyyatlarına başlamaq şərt olacaq.
Yeri gəlmişkən, sülhməramlıların nəzarətində olan ərazilərdən erməni silahlı dəstələri İkinci Qarabağ müharibəsindən sonra tam şəkildə çıxarılmayıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuata açıqlaması yayıldı. Açıqlamada deyilir ki, 10 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti, Rusiya Federasiyası Prezidenti və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli Birgə Bəyanata uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tam şəkildə Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarılması təmin olunmayıb: “Son günlər ərzində Ermənistanın üçtərəfli Birgə Bəyanatı kobud şəkildə pozaraq, öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıması, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarını qoyması halları müşahidə olunur”.
“Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görülür və bu kimi hallara imkan verilmir. Ermənistan tərəfi məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsi üçün bu kimi təxribatlara əl atır. Bütün bunlar Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyanın Ermənistan ordusuna bütün vasitələrdən istifadə edərək güc tətbiq etmək barədə verdiyi məsuliyyətsiz və təhrikçi əmrinin fonunda baş verir. Xatırlatmaq istərdik ki, Ermənistanın sabiq müdafiə naziri David Tonayan da “yeni müharibələr, yeni ərazilər” adlandırdığı təxribatçı hərbi doktrina ilə çıxış etmişdi. Onun rüsvayçı aqibəti hər kəsə məlumdur. Azərbaycan Ordusu tərəfindən bütün adekvat tədbirlərin görülməsi təmin olunacaqdır. Rusiya Federasiyası sülhməramlı qüvvələri üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır”, - deyə Müdafiə Nazirliyi bəyan edib.
Erməni terrorçularının Qarabağdan çıxarılmaması, əksinə, terrorçu qrupların Qarabağa daşınması, Rusiya sülhməramlılarının bu prosesə biganəliyi, Birgə Bəyanatın şərtlərinin yerinə yetirilməməsi Rəsmi Bakıda qıcıq yaratmaya bilməz.
Qarabağ ətrafında baş verən son prosesləri, Rusiyanın məsələyə münasibətini, Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeni AYNA-ya müsahibəsində Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc şərh edib. Deputat qeyd edib ki, baş verənlər faktiki olaraq Rusiyanın məsul olduğu, Minsk Qrupundan kənarda həyata keçirilməsində rol oynadığı, həm də Türkiyənin cəlb olunduğu yeni sülhyaratma prosesinə zərbədir...
- Söhbət təkcə sülhməramlı missiyanın nəzarətində olan ərazilərdə baş verənlərdən getmir. Bu gün Azərbaycanın suverenliyi, varlığı keçmişdəki kimi təhdid altında deyil. Qarabağa daşınan erməni terrorçuları, silah-sursat orada yaşayan mülki ermənilərin yaşamasına zərbə vuran addımlardır. Nəinki hazırda Qarabağdakı bir ovuc erməni silahlılarının, bütövlükdə Ermənistanın hərbi cəhətdən Azərbaycanın qarşısına çıxmaq gücü yoxdur. Bu bizim müharibədən sonrakı eyforiyamız və ya pafosumuz deyil, reallıqdır. Bunu beynəlxalq neytral ekspertlər, təhlükəsizlik sahəsi ilə bağlı peşəkar araşdırma mərkəzləri, kəşfiyyat dairələri deyirlər. Belə olan təqdirdə, əgər Ermənistan düşünürsə ki, sülhyaratma missiyasının kürəyi arxasında özünün yeni mövqelərini qura bilər və bu yolla sərhəd məsələsini, delimitasiya, demarkasiya prosesini ləngidə bilər, bütövlükdə regionda sülhün əldə olunmasına maneə yarada bilər, yanılır. Bu, Qarabağda yeni lokal toqquşma yaratmaqdan çox, Qarabağ məsələsinin Ermənistanın içərisinə keçməsinə yol aça bilər. Bölgədə qeyri-sabitlik dalğası Ermənistanın içərilərinə doğru irəliləyəcək. Çünki biz 600 kilometrlik yeni sərhəd zolağı boyunca strateji mövqelərdə möhkəmlənərək, hərbi qüvvələrimizin ən güclü qollarını yerləşdirərək heç bir halda problemi 1990-cı illərdəki kimi Azərbaycanın hansısa hissəsində qoymayacağıq.
- Yəni ki, münaqişə Azərbaycan daxilindən çıxmaq üzrədir...
- Bəli, bundan sonra gərginlik yaşanarsa, o zaman bu bizə yox, Ermənistan daxilinə sirayət edəcək. Ermənistanda xarici hərbi qüvvələr var. Rəsmi İrəvan onların kölgəsi altında müxtəlif addımlar atmaq istəyirsə, düşünürsə ki, bu, Azərbaycanla Rusiyanın hərbi qüvvələrinin toqquşmasına səbəb ola bilər, bununla da Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyəti dəyişər - bu ideyalar alınmayacaq. İrəvanın bu niyyəti bizim üçün o qədər tanış ssenaridir ki, bizim xalqımız və dövlətimiz bu siyasəti çox görüb.
Hazırkı reallıqda orada yerləşdirilən qüvvələr Azərbaycanın əlində olan bütün məlumatları sırasında ortadadır və inkarolunmazdır. Biz Birgə Bəyanatın müqavilə xarakterli sənəd olması istiqamətində addımlar atırıq. İrəvan öz aləmində düşünəcəksə ki, sənədin hansısa müddəalarını yerinə yetirməyəcək, bu ona banzəyər ki, İkinci Dünya müharibəsinin yekununda Almaniya kapitulyasiyadan sonra nəticələri təftiş edən addımlar atır. Bu, mümkün deyil, ölümə bərabər cəhd olar. Belə olarsa, Azərbaycan Laçın dəhlizi üzərindən və digər yollarla Xankəndinə, Xocalıya ermənilərin hərəkətini bloklaya, Rusiya ilə aydınlaşdırma apara, Türkiyənin də Şuşa Bəyannaməsinə və Birgə Monitorinq Mərkəzindəki fəaliyyəti baxımından prosesləri mühüm mərhələyə daşıya bilər.
- Buna Rusiyanın reaksiyası necə ola bilər?
- Bilirsiniz, beynəlxalq aləmdə Rusiya imperiya siyasətini davam etdirir adı ilə müxtəlif dövlətlərin ərazisinə göz dikməkdə suçlanır. Moskva Qafqazda neytral mövqe sərgilədiyini göstərmək niyyətindədir. Proseslərə kobud müdaxilə ilə neytrallıq mövqeyi istiqamətində atılan addımları zərbə altına qoymuş olar ki, bu, Moskva üçün daha böyük itkilərə səbəb ola bilər. Əslində Nikol Paşinyan Rusiyanın zərbə almasında maraqlıdır. Paşinyan çox arzulayır ki, Moskva zərbə alsın, Kollektiv Təhlükəsizlik Müqaviləsinin (KTMT) yarıtmaz olduğunu göstərsin, özünün Qərb kursunu həyata keçirmək üçün əlverişli arqumentlər əldə etsin. Erməni xalqına da desin ki, “gördünüz, sizin 100 illərdir müttəfiq dediyiniz qüvvə bizi qorumur”. Ona görə də, hesab edirəm ki, Azərbaycan Müdafiə Nazirliyinin son bəyanatı həm hərbi reallığa uyğun olan mövqedir, həm xalqımızı gerçək vəziyyətlə tanış etmək deməkdir, həm prosesə qəti şəkildə nəzarət etdiyini söyləməkdir, həm də Türkiyəni müxtəlif kanallar vasitəsilə məlumatlandırmaq anlamı verir. Hesab edirəm ki, Birgə Bəyanatda göstərilənlər – erməni hərbi terrorçuları Qarabağdan çıxarılmalı, Zəngəzur dəhlizi reallaşmalıdır. Əks halda, Azərbaycan elə bir gücdədir ki, qalan ərazilər üzərində öz suveren hüquqlarının bərpa olunması istiqamətində bütün hərbi-siyasi addımları atmağa hazırdır.
- Bildirdiniz ki, Paşinyan Rusiyanın siyasətinə zərbə vurmaq niyyətindədir. Belə çıxır ki, Moskva ona qarşı İrəvanın pozuculuq siyasətinə imkan verir. İrəvan Putinin imzası olan Birgə Bəyanatdan boyun qaçırır, erməni terrorçular Qarabağa gətirilir, Rusiya sülhməramlıları isə buna susqun yanaşır. Rusiya Bəyanata uyğun şəkildə Qarabağdakı terrorçuları ərazilərdən çıxarmaq əvəzinə yeni terror qruplaşmalarının bölgəyə gətirilməsinə göz yumur...
- Biz nəzərə almalıyıq ki, Rusiya bütün hallarda öz hərbi-siyasi mövqeyini, ictimai dayaqlarını qorumaqda maraqlıdır. Kreml elə strategiya həyata keçirməyə çalışır ki, ermənilərin anti-Rusiya mövqeyini azaltsın. Və yenə də Ermənistanda öz maraq və mənafelərini qorumaqda davam etsin. Çünki regionda Ermənistan Rusiya üçün bir əhəmiyyətli nöqtədir, Cənub cinahda hərbi dayanacaqdır.
İkincisi, 8 aylıq postmüharibə dövründə Rusiyanın davranışları Ermənistanda süngü ilə qarşılanır. Ağdamın, Kəlbəcərin, Laçının konkret vaxtla azad edilməsində ermənilər Rusiyanı ittiham edirdilər. Ermənilər tarixi ağrının içərisindədirlər və bildirirlər ki, ruslar niyə İkinci Qarabağ müharibəsində onlarla birgə döyüşməyiblər, ölməyiblər. Əksinə, Azərbaycan tərəfindən Azərbaycanda yaşayan bütün xalqlar kimi, rus millətindən olan vətəndaşlar da döyüşüblər, şəhid olanlar var. Bu, tarixi, mənəvi baxımdan ermənilərə zərbədir. Lakin əlbəttə, haqlısınız, Qarabağa hərbi mundirlə və ya mülki formada terrorçu gətirilirsə, bu, Rusiya sülhməramlılarının məsuliyyətinə daxildir. Azərbaycan haqlı olaraq sülhməramlılardan tələb edir ki, Qarabağdakı erməni terrorçu tör-töküntüləri oradan çıxarılsın. Necə ki, Ağdam, Laçın, Kəlbəcər qrafik əsasında boşaldıldı, belə bir qrafik də terrorçu dəstələr üçün tərtib edilməlidir. Rusiya sülhməramlılarının məntiqinin Azərbaycana qarşı gizli planın həyata keçirilməsi, regionu 1990-cı illərdəki qarşıdurmalar vəziyyətinə gətirmək istəyi ilə qiymətləndirmək arzusunda deyiləm. Bu, çox ağır nəticələr verər. Bu gün Qarabağın minalardan təmizlənməsi, silahlı ünsürlərin Xankəndindən, Xocalıdan, Əsgərandan təmizlənməsi prosesi baş verməlidir. Sülhməramlılar bu istiqamətdə fəaliyyət göstərməlidirlər. Azərbaycan bu gün Qarabağda üçüncü, dördüncü, beşinci dövlətlərin hərbi kontingenti üzərində gücünü sınamaq, toqquşmalara getmək niyyətində deyil. Bu, Qarabağla bağlı proseslərdən kənarda qalan beynəlxalq qüvvələrə sərf edər.
- Bildirirsiniz ki, Azərbaycanın siyasəti sülhün əldə edilməsindən yanadır...
- Azərbaycanın tutduğu yol Ermənistanla bütün sərhəd boyu möhkəmlənməni davam etdirmək, Qarabağ və ətraf ərazilərdə, ilk növbədə Şuşa şəhərində möhkəmlənməkdir. Ardınca sülhyaratma missiyanın mandatının çərçivəsini müəyyən etmək, onların fəaliyyətinin hüquqi platformasını yaratmaqdır. Eyni zamanda, Qarabağdakı erməni silahlılarını oradan çıxarmaq, Zəngəzur dəhlizinin açılmasını təmin etməkdir. Biz məsələnin bu cür qəbul olunmasını istəyirik. Müdafiə Nazirliyinin son bəyanatının məqsədlərindən biri diqqəti İrəvanın hazırkı pozuculuq siyasətinə yönəltmək, onların mənfur niyyətini pisləmək, Qarabağda baş verənlərin Bakıdan göründüyünü və nəzarət edildiyini bildirməkdir. Təbii ki, Müdafiə Nazirliyinin son bəyanatının düzgün oxunmasının böyük əhəmiyyəti var. Bəyanat elə oxunmamalıdır ki, “baxın, Bakı narahatdır, münaqişə həll olunmamış qalır, Minsk Qrupuna ehtiyac var”. Bəyanatın belə oxunmasının qəti əleyhinəyəm.
- Qarabağdakı erməni terrorçularının çıxarılmaması, Azərbaycanın antiterror əməliyyatlarına əl atmasına gətirib çıxara bilərmi? Çünki Müdafiə Nazirliyinin bəyanatında adekvat addımlar atıla biləcəyi barədə xəbərdarlıq var...
- İnanıram ki, Azərbaycanın hazırkı reallıqda apardığı siyasətlə hərbi yoldan yan keçərək Qarabağdakı silahlıların oradan çıxarılmasını təmin etmək mümkün olacaq. Məsələni hərbi müstəviyə keçirmək faktiki olaraq yeni hərbi toqquşma deməkdir. Bu da sülhməramlı missiyanın oradakı rolunu tanımamaqdır. Əminəm ki, proseslər Azərbaycanın hərbi güclə qazandığı qələbənin möhkəmləndirilməsi səviyyəsində inkişaf edir. 10 noyabr Birgə Bəyanatından sonra 3 rayonun boşaldılması baş verdi, indi növbəti fazaları yaşamaqdayıq. Cənab Prezidentin müəyyənləşdirdiyi siyasət var. Faktiki olaraq müharibədən sonrakı proseslər bütövlükdə Azərbaycan liderinin siyasi ssenarisi ilə gedir. Biz Ermənistana gündəlik təqdim edirik, onlar bizim addımlarımızdan qaynaqlanan məsələlərə dair mövqe formalaşdırırlar. Bu gün Bakı işğal dövründəki kimi Ermənistanın addımlarını təkzib etməklə məşğul deyilik. Birincilik Azərbaycana məxsusdur. Postmüharibə dövrünün siyasəti var ki, bunu mən “İlham Əliyev doktrinası” adlandırardım. “Müharibə bitdi, qələbə qazandıq, vəssalam” deyil, postmüharibə siyasəti var. Əminəm ki, 6 aydan, bir ildən sonra başqa mənzərənin şahidi olacağıq və bizə aydın olacaq ki, cənab Prezident İlham Əliyev öz siyasəti ilə İrəvana Bakının şərtlərini necə qəbul etdirdi. Çünki İlham Əliyev məsələyə daha strateji yanaşır. Qarabağ məsələsini beynəlxalq gündəmdən çıxarmaq, Ermənistanı öz sərhəd nöqtələri uğrunda mübarizəyə çəkmək doktrinası var. Ümidvaram ki, Müdafiə Nazirliyinin bəyanatından sonra Birgə Bəyanatdakı müddəaların həyata keçirilməsi istiqamətində addımlar atılacaq. Və biz növbəti söhbətlərimizdə Qarabağa qayıdışdan, adaptasiya prosesindən danışacağıq.