Tarixi ədalətin bir addımlığında: hökumət niyə susur?!

Cəmiyyət

13.09.2022 - 18:09

Deputat: “Əminəm ki, çekləri əlində qalan vətəndaşların müraciətinə cavab veriləcək”

İqtisadçı: “Azərbaycan hökuməti problemin həlli istiqamətində hərəkətə keçməlidir”

Hüquqşünas: “Ya tədavül müddəti artırılmalı, ya da kompensasiya ödənilməlidir”

Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının vətəndaşlarına əvəzsiz özəlləşdirmə çeklərinin paylanması ilə bağlı fəmanından 27 ilə yaxın zaman ötür. Fərmanda qeyd olunur ki, keçid dövründə özəlləşdirməyə çıxarılacaq dövlət əmlakının əsas payçıları vətəndaşlar olmalıdır. Konkret olaraq vətəndaşların prosesdə iştirak nisbəti 65 faiz həddində müəyyən edilib. Eyni zamanda hər bir özəlləşdirmə çeki üçün inflyasiyadan qorunan qiymət ekvivalenti 2000 ABŞ dolları civarında qiymətləndirilib.

Bütün bunlar ümumilli lider Heydər Əliyevin Azərbaycan vətəndaşlarına qayğısının təzahürü olmaqla yanaşı, ölkə əhalisinin qarşısında da geniş imkanlar açırdı. Lakin məmur oliqarxiyasının və bir qrup işbazın sayəsində bu mütərəqqi proses yarımçıq saxlanıldı. Baxmayaraq ki, özəlləşdirmə çekləri qiymətli dövlət kağızı hesab olunur və mövcud qanunvericiliyə görə, qiymətli kağızlar üçün zaman məhdudiyyəti nəzərdə tutulmayıb, 2011-ci ildən çeklərin tədavül müddətinin başa çatdığını elan etdilər.

Bu gün də çeki əlində qalan yüzminlərlə vətəndaş tarixi ədalətin bərpa olunacağı günü gözləyir. Ölkə ziyalıları, Milli Məclisin deputatları, ictimasi-siyasi xadimlər, elm və mədəniyyət xadimləri, iqtisadçılar, hüquqşünaslar, vətəndaş cəmiyyəti insitutlarının nümayəndələri ya tədavül müddətini artırmaq, ya da kompensasiya ödənilməsi formasında özəlləşdirmə çeki əlində qalan vətəndaşların hüquqlarının bərpa edilməsi yönündə hökumətə çağırışlar edirlər. Çeki əlində qalan ölkə vətəndaşlarının adından Baş nazir Əli Əsədova və nazirlərə müraciət ünvanlansa da, hələ ki, bu müraciətlərə rəsmi cavab verilməyib.

Hökumət niyə susur? AYNA problemə aydınlıq gətirməyə çalışıb.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadənin sözlərinə görə, çekləri əllərində qalan vətəndaşların müvafiq qurumlara müraciət etməsi təqdirəlayiq haldır: “Azərbaycan hüquqi, demokratik bir dövlətdir. Burada vətəndaşların istənilən məsələyə münasibət bildirməsi, müxtəlif dövlət qurumlarına müraciət etməsi üçün heç bir əngəl yoxdur. Əgər ölkə vətəndaşları bununla bağlı müvafiq dairələrə müraciət ediblərsə, yəqin ki, rəsmi bir cavab alacaqlar”.

“Ulu Öndər Heydər Əliyevin Azərbaycan vətəndaşlarına əvəzsiz olaraq özəlləşdirmə çeklərinin verilməsi ilə bağlı fərmanı tarixi və çox mütərəqqi bir hadisə idi. Hər zaman olduğu kimi, Ümumilli lider bu məsələdə də ölkə vətəndaşlarından yana oldu. Sadəcə maariflənmə səviyyəsi yüksək deyildi və bu səbəbdən vətəndaşlar necə qərar verəcəklərini dəqiq bilmədilər. Bu gün də çekləri əllərində qalan vətəndaşlar var. Ümid edirəm ki, onların da problemi öz müsbət həllini tapacaq”, - deyə deputat bildirib.

Mirzəzadə qeyd edib ki, ona və ailəsinə məxsus olan özəlləşdirmə çeklərini hansısa müəssisəyə yatırım olaraq qoyub: “Dorğusu, sonradan həmin müəssisəsinin taleyi ilə maraqlanmadım da”.

ReAL Partiyası Siyasi Komitəsinin üzvü, iqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, bununla bağlı yeni qanun layihəsi qəbul oluna bilər: “Bundan sonra özəlləşdirmə çekləri yenidən tədavülə qayıda bilər. Köhnə qaydalarla onların yenidən dövriyyəyə qaytarılması çətinlik yarada bilər. Üzərindən uzun müddət keçib, bu müddətdə dəfələrlə inflyasiyalar baş verib, du dəyişikliklər fonunda həm manat, həm də həmin müəssisələr dəyərini itirib. Bu baxımdan yeni qanunun qəbulu lazımdır ki, bu məsələyə ədalətli formada yekun vurulsun”.

“Bu gün hökumətin əlində əsasən böyük şirkətlər qalıb. Onların özəlləşdirməyə çıxarılması zamanı çeklərdən istifadə oluna bilər. Bütün hallarda yüzminlərlə vətəndaş tarixi ədalətin bərpa olunacağı günü gözləyirsə, onların çağırışlarına cavab vermək lazımdır. Azərbaycan hökuməti problemin həlli istiqamətində hərəkətə keçməlidir”, - deyə Cəfərli bildirib.

Hüquq müdafiəçisi Sahib Məmmədov da o fikirdədir ki, özəlləşdirmə çeklərinin paylanması tam şəffaf formada həyata keçirilsə də, proses uğurla başa çatmadı: “Bu, çox ciddi bir fərman idi. Ölkə vətəndaşlarının da qarşısında geniş imkanlar açırdı. Lakin maariflənmə səviyyəsinin aşağı olması, işbazların müdaxiləsi nəticə etibarilə prosesin uğurla yekunlaşmasına mane oldu. Bu gün yüzminlərlə vətəndaş çekləri əllərində tarixi ədalətin bərpa olunacağı günü gözləyir. Azərbaycan hökuməti bu istiqamətdə araşdırmalara başlamalıdır”.

“Bu məsələyə məntiqi yekun vurmaq istəyiriksə, araşdırmalar vətəndaşların maraqları nəzərə alınaraq aparılmalıdır. Bütün hallarda vətəndaşların hüquqları qorunmalıdır. Onları Allahın ümidinə buraxmaq olmaz. Ya tədavül müddəti artırırlmalı, ya da dəyən zərər hansısa formada kompensasiya edilməlidir. Bunu necə həyata keçirmək isə, söylədiyim kimi, müvafiq qurumların səlahiyyətinə aid olan məsələdir. Onlar da bu məsələyə aydınlıq gətirməlidirlər”, - deyə Məmmədov fikrini tamamlayıb.

QEYD

Məlumat üçün bildirək ki, özəlləşdirmə çekləri 1997-ci ildə dövlət qeydiyyatında olan bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir.

Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Çeklər çap olunan zaman dövlət buna böyük miqdarda vəsait ayırıb və qiymətli kağız olaraq bu vauçerlər dollardan və digər valyutalardan qiymətli tutulur. İnflyasiya qorunmaqla bir payçı üçün  özəlləşdirmə çekinin dəyəri minimum 2000 ABŞ dolları ekvivalentində qəbul edilib. Qanunda vauçerlər üçün müddət nəzərdə tutulmasa da, tədavül müddətinin dayandırılması bəzi məmurların mövzunu qapatmaq cəhdi kimi qiymətləndirirlər.

Əhalinin maarifçilik səviyyəsinin aşağı olması, bəzi işbazların və məmur-oliqarxiyasının prosesin önünə keçməsi nəticə etibarilə bu vəziyyəti şərtləndirdi. Bəziləri vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, ədalətin zəfər çalacağı günü gözləyib bu günə qədər çeklərini qoruyanlar da var.

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Müəllif: Aydın Gəray