Bir xoruzun səsinin alınmasını ədalətin pozulması dərəcəsinə qədər qaldıran Fransa cəmiyyətindən fərqli olaraq, biz elementar haqlarımızın pozulmasına göz yumuruq
Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək, imtahan verməlisən.
Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”,- cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”
Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.
AYNAnın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.
Diş həkiminin bor maşınının səsinə oxşayan bir səsə ayılıram. Saata baxıram, 7.30-dur. Səs üst mərtəbədəki qonşunun evindən gəlir. Yadıma düşür ki, bu gün şənbədir. Mahir kişinin isə deyəsən qonşuların şənbə günü istirahət etmək hüququ heç vecinə deyil...
Bütün iş həftəsini çapan adamlar şənbə-bazar gününün səhər yuxusunun nə olduğunu yaxşı bilirlər. Qonşumuzun necə “qonşuluq” etdiyini düşünə-düşünə qalxıram. Yəqin ki, Mahir kişi olmasaydı, ağlıma da gəlməzdi ki, bu həftənin mövzularını seçəndə, həftənin qəhrəmanı Moris adlı xoruz olacaq. Bəli-bəli! Xoruz.
Fransanın Roşfor şəhərinin Sen-Pyer-d Orleon kəndinə, bakılılar demiş, yayda dincəlmək üçün bağa köçmüş bir ailə - Biron cütlüyü qonşunun Moris adlı xoruzunu məhkəməyə verib. Nüfuzlu “Euronews” telekanalının belə, geniş reportaj hazırladığı bu qalmaqallı, eyni zamanda gülməli çəkişmənin əsas ittihamı Morisin hər səhər tezdən durub banlaması, Bironların səhər yuxusuna haram qatmasıdır.
Maraqlı o deyil ki, Bironlar qalib gələcəyi halda sahibi xoruzun səsini necə kəsəcək, maraqlı odur ki, Bironlar ailəsinin qeyd etdiyinə görə, onların yatmaq hüququnu heç kim poza bilməz və buna görə kim olur-olsun - xoruz, ya da qeyrisi - cavab verməlidir.
Demokratiyanın qəribə təzahürləri var. İndi Morisin yazıq sahibi Korin Fesso nə etsin? Xoruzun ağzını skotçla yumsun, ya hinin yerini dəyişib, qapısını bağlı saxlasın? Təbii ki, bu kimi radikal qərarlar Fransa üçün qəbuledilməzdir, belə ki, xoruz, bildiyiniz kimi bu ölkənin rəmzidir. Amma istənilən halda, Moris səhər tezdən patriotik bir səslə “Marselyeza” oxusa belə, Bironlar ailəsi də dincəlməlidir axı. Onların da bu hüququ var. Bütün ili şəhərdə işləyən cütlük, yayı “bağda” dincəlməlidir ki, yenidən payızda özlərinə və Fransa cəmiyyətinə faydalı ola bilsin.
Amma Fransa cəmiyyəti, bizdən fərqli olaraq, bu xoruz məsələsini yumordan daha çox insan haqlarının pozulması kimi dəyərləndirir. Kənd sakinləri deyirlər ki, xoruzun – Fransanın simvolunun səsinin alınmasına yönəlik istənilən qərar yolverilməzdir və internetdə Morisin müdafiəsi üçün petisiya da hazırlayıblar, hansına ki, artıq 120 min insan dəstək olub.
İnsanlar kənddən təbii kənd səsi gəlməsinin vacibliyini söyləyir və Morisi - əslində isə kənd əhalisinin təbii haqqlarını sona qədər müdafiə edəcəklərini deyirlər. Əks halda, bu gün Morisin səsini batıranlar, sabah kənd evində inəklərin, danaların, qazların və digər kənd heyvanlarının səsini kəsəcək, bu isə kəndin və kəndlinin səsinin kəsilməsi, yəni məhv olması deməkdir.
Bir sözlə, haqlı bildiyin bir şeyin müdafiəsinə görə iki qohum, iki qonşu, iki kəndli hüququn yol verdiyi müstəvidə mübarizə aparır. Bizim cəmiyyətdə çatışmayan da elə budur.
İndi mən neçə illik qonşum olan Mahir kişini necə başa salım ki, səhər tezdən mənim yatmaq hüququmu pozmaq olmaz? Cavabını bilirəm: ya deyəcək ki, “ev mənimdir özüm bilərəm”, ya deyəcək ki, “ay qonşu, başqa vaxt imkan edə bilmirəm, yola ver”. Ya da heç nə deməsə belə, bir neçə saatdan sonra məhəllənin ortasındakı dükanda sakinlər danışacaqlar ki, mən necə paxıl və yaramaz qonşuyam. Mən hələ onu demirəm ki, narazılığıma baxmayaraq, məni vecinə almayan qonşumdan sahə müvəkkilinə şikayət edəm, ya da məhkəməyə verəm. Bax, onda əsl həngamə başlayacaq.
Görəsən, bir xoruzun səsinin alınmasını ədalətin pozulması dərəcəsinə qədər qaldıran Fransa cəmiyyətindən fərqli olaraq, biz niyə adi, qeyri-siyasi (sakitlikdə yatmaq, qonşunu narahat etməmək, gecə maşınla məhəlləyə girəndə zəhirmara qalmış “Pioner”in səsini azaltmaq kimi) haqlarımızın pozulmasına göz yumuruq? Ya da elə özümüz digər qonşularımızın, cəmiyyətin digər üzvlərinin hüquqlarını pozanlara çevrilirik? Axı niyə, ay Mahir kişi, axı niyə?
P.S. Yaponiyalı alimlər xoruzların gün doğarkən banlaması ilə bağlı araşdırma aparıblar. Araşdırmaya rəhbərlik edən professor Takashi Yoshimuranın dediyinə görə, xoruzların ətrafdan gələn təsir, yoxsa bədən saatları ilə bağlı şəfəq vaxtı banladığını müəyyənləşdirməyə çalışıblar. Bu məqsədlə bir neçə xoruz, tamamilə qapalı və təbii işıq daxil olmayan bir otağa salınıb. Ancaq buna baxmayaraq, şəfəq vaxtı xoruzlar yenə də banlamağa başlayıb. Takashi Yoshimura bildirib ki, bu, xoruzların ətrafdakı işıq amili ilə bağlı yox, bədən saatlarına uyğun olaraq banladığını təsdiqləyir. Alim xoruzların banlamasının sonradan vərdişə çevrilmədiyini, bunun GENLƏRDƏN gələn bir reaksiya olduğunu qeyd edib.