Zaur Zeynalov: "Artıq ölkəmizdə yeni ortodontlar nəsli yetişir, ona görə də qərara aldıq ki, konfrans keçirək və konfransda ancaq gənc nəslin nümayəndələri iştirak etsin"
Sabah Bakıda ortodontlar üçün “Müasir ortodontiya gənc həkimlərin təqdimatında” mövzusunda konfrans keçiriləcək. Saat 9:00-da başlayan konfrans 18:00-da başa çatacaq. Konfrans Azərbaycan Ortodontlar Dərnəyinin (AOD) yaranmasının 15 illiyi münasibətilə təşkil olunur.
Dərnəyin təsisçisi və konfransın təşkilatçısı, həkim ortodont Zaur Zeynalov AYNA-ya açıqlamasında bildirib ki, konfransda ancaq gənc ortodontlar iştirak edə biləcəklər: “Azərbaycan Ortodontlar Dərnəyinin yaranmasında məqsəd Azərbaycanda ortodontiya elmini inkişaf etdirməkdir. Artıq ölkəmizdə yeni ortodontlar nəsli yetişir. Ona görə də qərara aldıq ki, konfrans keçirək və konfransda ancaq gənc nəslin nümayəndələri iştirak etsin. Konfransda iştirak etmək üçün gözlədiyimizdən qat-qat çox ortodont müraciət etdi. İndiyədək ortodontiya ilə bağlı tədbirlərə heç 100 nəfər yığılmayıb. Ancaq bizim tədbirimizə artıq 140-a yaxın müraciət olub”.
Z.Zeynalov qeyd edib ki, konfransda xarici öləkələrdən dəvət olunmuş məruzəçilər iştirak edəcəklər: “Konfrans Azərbaycan dilində keçiriləcək, ancaq iki rus, bir ingilis dilində məruzə olacaq. Ümumilikdə 10 məruzə nəzərdə tutulub. Məruzəçilərimiz Türkiyədən Orxan Salmanlı, Küveytdən Saud əl-Anezi, Ukraynadan elmlər namizədi Roman Arsennikov dəvət olunublar. Orxan Salmanlı əslən azərbaycanlıdır, 11 yaşından Türkiyədə yaşayır, ortodontiya üzrə mütəxəssisdir. Saud əl-Anezi də İngiltərədə təhsil alıb, professordur, həmçinin bu sahə üzrə dərs verir. İtaliyada təhsil almış və hazırda orada yaşayan azərbaycanlı həkim, Roma Sapienza Universitetinin rektoru Hüseyn Ağazadə isə onlayn məruzə edəcək”.
Müsahibimizin sözlərinə görə, konfransda iştirak edənlərin əksəriyyəti həkimlərdir: “Onların arasında iki ortodont-texnik var ki, ortodontik aparatların təmiri ilə məşğuldurlar. Konfrans ödənişli olsa da, qiymətlər münasib olduğu üçün iştirak etmək üçün müraciət edənlərin sayı çoxdur. Bunu nəzərə alıb, 2020-ci ildə beynəlxalq konfrans təşkil etmək barədə düşünürük”.
Z.Zeynalov Azərbaycanda stomatologiyanın səviyyəsindən də danışıb: “Azərbaycanda stomatologiya sahəsində çox böyük çatışmazlıqlar var, ixtisaslaşma gecikib. Stomatologiyada, ən azı 5 ixtisas olmalıdır, o ixtisaslar üçün isə diplomdan sonra da təhsil mütləqdir. Yəni, mütəxəssis olmaq üçün yenə də təhsil almaq lazımdır. Ortodont olmaq üçün stomatologiya fakültəsini bitirdikdən sonra, ən azı 2 il əlavə təhsil almaq lazımdır. Türkiyədə bu, 4 ildir, bu 4 ildə həm magistraturanı bitirirlər, həm də elmi dərəcə alırlar. Dünyada isə əlavə təhsil, orta hesabla 3 ildir”.